Uzunömürlüyün ən son həddi adətən 70-80 il oldğu halda, Li Çinq-yunun iddia edilən 256 illik ömrü, insanlıq tarixinin ən maraqlı bioqrafiyalarından biri kimi qeydə alınıb.
Öz sözlərinə görə 1736-cı ildə doğulan Li, 1933-cü ildə vəfat edəndə 197 yaşında idi. Lakin bəzi sənədlərdə onun əslində 1677-ci ildə anadan olduğu, yəni 256 il yaşadığı iddia edilir. Çin imperatorluğuna aid qeydlərdə onun 150 və 200 illik doğum günlərinin qeyd edildiyi də iddialar arasındadır.

Li Çinq-yunun uzun ömrə dair tövsiyələri təkcə təəccübləndirici deyil, həm də sadəliyi ilə diqqət çəkir. Sherg.az onun sağlam və uzun həyat üçün təklif etdiyi beş əsas prinsip:
1. DAXİLİ HÜZUR VƏ SAKİT QƏLB
“Əgər sakit bir qəlbə sahib olsan, 100 ildən artıq yaşaya bilərsən” deyən Li, stresin insan ömrünü qısaltdığını daha erkən dövrlərdə ifadə etmişdi. Müasir elm də xroniki stresin immun sisteminə, ürək sağlamlığına və zehni balansımıza mənfi təsir etdiyini təsdiqləyir.
2. BİTKİ ƏSASLI VƏ TƏBİİ QİDALANMA
Li, ömrü boyu Lingzhi göbələyi, vəhşi jenşen, goji giləmeyvəsi kimi şəfalı bitkilərlə qidalanıb. Bu bitkiləri təkcə satmayıb, eyni zamanda gündəlik pəhrizinin əsası kimi istifadə edib. O, təbii məhsulların bədənini cavan və sağlam saxladığına inanırdı.

3. YÜNGÜL, AMMA DAİMİ HƏRƏKƏT
“Göyərçin kimi yeriyin” tövsiyəsi ilə tanınan Li, daimi və zərif hərəkətin uzun ömür üçün vacib olduğunu deyirdi. Həddindən artıq fiziki gərginlikdən qaçaraq, ömür boyu aktiv qalmağı tövsiyə edirdi.
4. DƏRİN VƏ KEYFİYYƏTLİ YUXU
Yuxu barədə verdiyi məsləhətlərlə tanınan Li, istirahətverici yuxunun həm zehni, həm də fiziki sağlamlıq üçün vacib olduğunu deyirdi. Keyfiyyətli yuxu, bədənin özünü bərpa etməsi baxımından vacib rol oynayır.
5. SADƏ VƏ TƏBİƏTƏ UYĞUN HƏYAT
Sadəlik fəlsəfəsini qəbul edən Li, şəhər həyatının xaosundan uzaq duraraq təbiətlə iç-içə bir həyat yaşayıb. Onun şagirdlərinin dediyinə görə, günlərini meditasiya edərək, bitki toplayaraq və insanlarla az, lakin mənalı münasibətlər quraraq keçirirdi.
ƏFSANƏ, YOXSA HƏQİQƏT?
Li Çinq-yunun yaşı hələ də mübahisə mövzusudur. Bəzi tədqiqatçılar bu qeydlərin səhv və ya şişirdilmiş olduğunu irəli sürsələr də, onunla tanış olan bir çox insan enerjisi və gənc görünüşündən təsirləndiklərini bildiriblər.
Yaşadığı müddət dəqiq sübut olunmasa da, Li Çinq-yun sadəlik, təbiilik və daxili hüzura əsaslanan həyat tərzi ilə bu gün də bir çox insana ilham verir. Müasir dünyanın qarışıqlığında itmiş insanlar üçün onun tövsiyələri hələ də dəyərini qoruyur.