Kartof qızartması kimin icadı? - Belçika ilə Fransa arasında mübahisə illərdir davam edir

Dünyanın ən məşhur qəlyanaltılarından biri olan kartof friyə ilk kimin müəlliflik etdiyi hələ də mübahisə mövzusudur. Belçika və Fransa bu məşhur yeməyin məhz öz ölkələrində yarandığını iddia edir.

Sherg.az xəbər verir ki, belçikalılar kartof frinin tarixinin 1680-ci ildə Meuse çayının donduğu dövrə təsadüf etdiyini bildirirlər. Rəvayətə görə, balıq tuta bilməyən yerli sakinlər kartofu balıq formasında doğrayaraq yağda qızardıblar və beləliklə yeni yemək ortaya çıxıb.

Fransız tarixçilər isə bu iddianı qəbul etmirlər. Onların fikrincə, kartofu nazik doğrayıb qızartmaq ənənəsi 1789-cu il Fransa İnqilabından əvvəl Paris küçələrində yaranıb və qısa müddətdə məşhur küçə yeməyinə çevrilib.

Mübahisəni daha da alovlandıran məqamlardan biri isə ingilis dilində bu yeməyin "French fries" ("Fransız kartofu") adlandırılmasıdır. İddialara görə, Birinci Dünya müharibəsi zamanı Belçikada bu yeməyi dadan amerikalı əsgərlər belçikalı hərbçilərin fransızca danışdıqlarına görə onu "French fries" adı ilə tanıyıb və bu ad bütün dünyada yayılıb.

Tarixçilər qeyd edirlər ki, kartof frinin mənşəyi ilə bağlı mübahisə bu günə qədər yekun həllini tapmayıb. Belçika isə kartof fri ənənəsinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi istiqamətində fəaliyyətini davam etdirir.