"Mənəm e, ay dədə, Miriş!" - "Güldürən dərdli adam" xatirələrdə...

- Xeyir ola, ay Miriş?!
- Xeyirdir, şəhərə kino çıxardanlar gəlib.
- Ağlamalıdı, gülməli?
- Ağlamalı, axırda da evlənirlər.

Yəqin məşhur frazanı "Bəyin oğurlanması" filmindən bir çoxunuz xatırlayır. 
"Mən  insanların ürəyindən qəmi, kədəri, ayrılığı oğurlayıb, yerinə gülüş toxumu əkmək istəyirəm".
Bu cümlə də ona aiddir. On illərlə Azərbaycanı güldürən dərdli adama. Aktyor, gülüş ustası Arif Quliyevə...



“Yaramaz”, “Bəxt üzüyü”, “O dünyadan salam”, “Qəm pəncərəsi”, “Mənim ağ şəhərim”, “Alma almaya bənzər”, “Ağ gəmi” bədii filmlərindəki obrazları,

"Şans”, “Bığ əhvalatı”, “Qayınana”, “Lift əhvalatı”, “Yarım ştat”, “Evləri köndələn yar” və digər teletamaşalarındakı rollarıyla gülüş yaratmağı bacarıb.

Təkcə obrazları ilə deyil, mimikası, danışığı, zarafatları ilə daim seçilib.

Aktyor 1982-ci ildə Respublika Gənclər mükafatına, 1989-cu ildə əməkdar artist fəxri adına, 1993-cü ildə xalq artisti adına və "Humay" mükafatına, teatrdakı qazandığı uğurlara görə, 2006-cı ildə "Qızıl Dərviş", 2012-ci ildə "Zirvə" mükafatına, 2014 -cü ildə sənətkar medalına layiq görülüb. Prezident təqaüdçüsü olub.




Arif Quliyev doğum tarixini də dəqiq bilmirdi. Lakin vəfat etdiyi gün - 7 may 2021-ci il tarixin yaddaşına yazıldı. O, ailəli idi, üç övladı vardı.


Aktyor müsahibələrinin birində deyib: "Çətinlikləri, ata-ana nəvazişini məndən alıb. Onu mənə qismət eləməyib. Amma Azərbaycan boyda "Günəş"in sevgisini, məhəbbətini mənə verib".

Arif müəllim, tragikomediyanın hüznlü finalında "Günəşin güldürən üzü" ölsə də, xalqın sizə sevgisi əbədi yaşayacaq.

Ruhunuza dərin hörmətlə!

Aygün Tahir