Yaşasaydı, 85 yaşı olacaqdı

Yadigar Cəfərli yazır

Bu gün unudulmaz aktyorumuz Həsən Məmmədovun doğum günüdür. 
Yaşasaydı, 85 yaşı olacaqdı. 
Həsən müəllimin çox yaddaqalan rolları var. Mənə görə onların ən mükəmməllərindən biri Mirzə Səfərdir – daha bir nəhəng şəxsiyyətimiz Əbdürrəhim bəy Haqverdiyevin yaratdığı qəhrəman.
Onun ərizə yazdırmağa gəlmiş kasıb kişi ilə dialoqu yadınızdadırmı?
-A kişi yaxın gəl.
-Nə buyurursan ay Mirzə?
-Bir dil ki qəm düçarı ola ağlar-ağlamaz?!
-Mən nə bilim ay Mirzə?!
-Əndühi-qüssə yarı ola ağlar-ağlamaz?!
-Qurbanın olum, Mirzə mənim belə şeylərdən başım çıxmaz, avam adamam da...
Maraq üçün şairin bu sualını dünən ChatGPT-yə verdim. Başladı basıb-bağlamağa: “Bu, Azərbaycan şairi Məhəmməd Füzulinin məşhur bir misrasıdır. Bu misra, "Bir dil ki, qəm düçarı ola, ağlar-ağlamaz?" şəklindədir və Azərbaycan dilində yazılmışdır. Bu, Füzulinin "Leyli və Məcnun" əsərindən bir parçadır. Misranın mənası təxminən "Bir dil ki, dərdin ağırlığı altında qalıb, ağlaya da bilməz?" kimi tərcümə edilə bilər. Bu, şairin sevgi və qəmin dərin duyğularını ifadə etmək üçün istifadə etdiyi güclü bir ifadədir”.
Məlumat üçün bildirim ki, həmin beyt 1841-1931-ci illərdə yaşamış Mirzə Rəhim Fənanın qəzəllərindəndir. Mirzə Rəhim Fəna Şuşada doğulub və orada yaşayıb. Xurşidbanu Natavanın sarayında xidmət edib. Şuşadakı "Məclisi-üns” ədəbi məclisinin yaradıcısı olub. Bakıda dünyasını dəyişib və burada da dəfn olunub.  
ChatGPT suala dürüst cavab verə bilməsə də, 4 böyük şəxsiyyətimizi sevgi ilə xatırlamağımıza vəsilə oldu.
Mədəniyyət tariximizdə nəcib izləri olan bütün şəxsiyyətlərimizə ehtiramla...