Qərbi Azərbaycanın maddi-mədəni abidələri ilə bağlı film hazırlanır - FOTO

"İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyi Qərbi Azərbaycanın maddi-mədəni abidələri ilə bağlı filmin çəkilişlərini yekunlaşdırıb. Bu film  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsi çərçivəsində hazırlanır.

"Sherg.az"ın xəbərinə görə, İctimai Birliyin sədri və layihənin rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, film Səlim Karvansarası, Təpəbaşı məscidi və Əmir Səəd türbəsi kimi tarixi abidələrdən bəhs edir.
C.Hüseynzadə vurğulayıb ki, Ermənistan ərazisində Azərbaycan tarixi abidələrinin ermənilər tərəfindən məhv edilməsi böyük tarixi və mədəni itkilərə səbəb olub. Bu abidələr Azərbaycan xalqının qədim tarixini və zəngin mədəni irsini əks etdirən dəyərli mənbələrdir. Onların məhv edilməsi milli kimliyin və mədəni irsin izlərini silmək cəhdidir. Xüsusilə məscidlər, məqbərələr, qala və köhnə şəhərlər bu vandalizm aktlarından zərər çəkmişdir. Beynəlxalq ictimaiyyət və mədəni irsin qorunması ilə məşğul olan təşkilatlar bu məsələyə diqqət yetirməlidir.



Filmin çəkilişlərinə tanınmış tarixçi-araşdırmaçı alimlər cəlb olunub. Film üzrə çəkilişlər mərhələsi yekunlaşıb. Filmin xarici auditoriyaya çatdırılması üçün ingilis dilində subtitrlərdən istifadə ediləcək. Layihə çərçivəsində eyni zamanda Qərbi Azərbaycanın maddi-mədəni abidələri ilə bağlı elektron baza da yaradılır. Bu, abidələrin qorunması və gələcək nəsillərə çatdırılması üçün vacib bir addımdır – deyə Cəsarət Hüseynzadə qeyd edib.