Parisdə Azərbaycan mətbəxinin təqdimatı olub

Parisdə Azərbaycan mədəniyyətinin və milli kulinariya irsinin tanıdılması istiqamətində növbəti maraqlı tədbir keçirilib. Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində səfirliyin və Fransa–Azərbaycan Dialoqu Assosiasiyasının birgə təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə milli mətbəximizin incilərindən olan yarpaq dolmasına həsr edilmiş ustad-dərsi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, ustad-dərsi tanınmış food blogger Ülviyyə Məmmədli aparıb. Tədbirin əvvəlində o, Azərbaycan milli mətbəxinin zəngin tarixi və rəngarəngliyi haqqında geniş məlumat verərək bildirib ki, milli mətbəximiz yalnız dadı ilə deyil, həm də sağlamlıq baxımından dəyəri ilə seçilir. Onun sözlərinə görə, qida insanları bir araya gətirən mühüm mədəni körpüdür və hər bir milli yemək xalqın tarixini, adət-ənənələrini və həyat tərzini əks etdirir.

Ülviyyə Məmmədli qeyd edib ki, dolma Azərbaycan mətbəxinin ən sevilən və ən qədim yeməklərindən biridir. O vurğulayıb ki, ölkəmizdə dolmanın 300-ə yaxın növü hazırlanır və onların arasında yarpaq dolması özünəməxsus yeri ilə seçilir.

Ustad dərsi zamanı iştirakçılara yarpaq dolmasının hazırlanması üçün istifadə olunan ərzaqlar təqdim olunub, içliyin hazırlanması, dolmanın düzgün bükülmə texnikası və bişirilmə qaydaları ətraflı izah edilib. Daha sonra fransız iştirakçılar da prosesə qoşularaq özləri yarpaq dolması büküblər və Azərbaycan mətbəxinin sirlərini praktik şəkildə öyrənmək imkanı əldə ediblər.

Tədbirin sonunda iştirakçılar hazırlanan yarpaq dolmasını dadaraq onun özünəməxsus ləzzətini yüksək qiymətləndiriblər.

Kulinar təqdimat bununla yekunlaşmayıb. Qonaqlar həmçinin Azərbaycan çay süfrəsi ənənələri ilə tanış olublar. Ülviyyə Məmmədlinin hazırladığı müxtəlif milli şirniyyatlar və mürəbbələrlə bəzədilmiş çay süfrəsi ətrafında səmimi söhbətlər aparılıb, iştirakçıların Azərbaycan mətbəxi və kulinariya ənənələri ilə bağlı sualları cavablandırılıb.

Tədbirin əsas məqsədi Azərbaycan milli mətbəxinin Fransada daha geniş tanıdılması, onun zəngin kulinariya irsinin təbliği və iki xalq arasında mədəni əlaqələrin möhkəmləndirilməsi olub. Ustad dərsi iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanaraq Azərbaycan mətbəxinin beynəlxalq səviyyədə tanıdılmasına növbəti mühüm töhfə kimi qiymətləndirilib.