Cəzalar valideynlərin məsuliyyətini azaltmır: Uşaqları zərərli informasiyalardan qorumaq vacibdir

Ekspertlər də İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyi alqışlayır



Uşaqları qorumaq təkcə, yıxılmaları, xəstələnmələrinin qarşısını almaq, həmçinin təhsillə təmin etmək, dərslərinə lazımi qaydada çalışmalarını təmin etmək deyil. Həyatın ən böyük probleminə çevrilmiş zərərli informasiyalardan da qorumaqdır. 
Təəssüf ki, günümüzün uşaqları, yeniyetmələri, gəncləri ilə bağlı bu vacib işin gərəkən səviyyədə olduğunu deyə bilmirik. Ətrafımızda əlində mobil telefon, planşet gəzən, evdə kompüter qarşısında əyləşməkdən yorulmayan, noutbukdan, ya da smartfondan gözünü ayırmayan uşaqlar nə qədər desəniz var.  
Uşaqlarımız “mavi balinalar”ın, qəddarlıq aşılayan kompüter oyunlarının, zərərli vərdişlərin ovuna belə çevrilir. İtirilən gəncliyi isə geri qaytarmaq mümkün deyil. 

Cəzalar müəyyənləşdi

   
"Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanunu mövcuddur. Qanun Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
Xatırladaq ki, bir müddət əvvəl Milli Məclisdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik təklif edilmişdi. Sənədə yeni 13-2.6-cı bənd əlavə olunurdu ki, bu da internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətni əks olunmasını ehtiva edirdi. 

Qanun layihəsinə dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilərək, plenar iclasa tövsiyə olunmuşdu. 
Daha sonra Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliyə baxılıb və qəbul edilib. Dəyişikliyə görə, Məcəlləyə yeni 388 – 2 (Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması) maddəsi əlavə edilib. Bundan sonra uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına, İnformasiya məhsulunun qanunda nəzərdə tutulan qaydada yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən, o cümlədən müəyyən edilən hallar istisna olmaqla informasiya məhsulunu müvafiq yaş kateqoriyasına uyğun işarələmədən ölkə ərazisində yayılmasına,
İnformasiya məhsulunun yayımçıları tərəfindən televiziya yayımı, kino və video xidmətlərinin göstərilməsi zamanı, hər bir informasiya məhsulunun nümayişindən əvvəl xüsusi kadrda (səhifədə) informasiya məhsulunun yaş kateqoriyasına uyğun işarəsinin və yaş məhdudiyyəti barədə, o cümlədən internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlığa dair mətnin yerləşdirilməsi vacibdir. 
Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə cəzalar müəyyən edilib.
Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət və sağlamlaşdırma müəssisələrində yayılmasına görə isə fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə ediləcəklər.

Zorakılıq, qəddarlığın nümayişi qadağandır


Uşaqların zərərli informasiyalardan qorunması məqsədilə yeni qanun layihəsi də hazırlanıb. Milli Məclisin İnsan hüquqları komitəsində "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsi müzakirə edilib. Qanun layihəsində uşaqların informasiya əldə etməsi, ailə institutunu nüfuzdan salan informasiya, həmçinin informasiya məhsulunun yaş təsnifatı, zorakılığın və qəddarlığın nümayişi və digər bu kimi anlayışların izahatı verilir. 
Layihədə qeyd olnur ki, uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının təmini, uşaqların həyat və sağlamlığı üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə şəraitin yaradılması, zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu içkilərin və tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın, pornoqrafik xarakterli informasiyanın təbliğinin yolverilməzliyi uşaqların zərərli informasiyadan qorunması sahəsində əsas prinsiplərdir. 
Həmçinin, zərərli informasiya məhsullarının dövriyyəyə daxil edilməsinin, o cümlədən informasiya texnologiyalarından istifadə etməklə uşaqlara qarşı törədilən hüquqpozmaların qarşısının alınması, uşaqların zərərli informasiyalardan qorunması sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi də bu prinsiplərə daxildir. 

Qanun layihəsinin üçüncü fəslində informasiya məhsulunun işarələnməsi, informasiya məhsulunun işarələnməsinin xüsusiyyətləri, teleradio yayımı vasitəsi ilə yayımlanan informasiya məhsuluna aid tələblər, informasiya məhsullarının telekommunikasiya şəbəkələri vasitəsilə yayımının xüsusiyyətləri, uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarının dövriyyəsinə dair, uşaq üçün qadağan olunan informasiya məhsullarının dövriyyəsinə dair əlavə tələblər öz əksini tapır.

Qanun layihəsində deyilir ki, "18+" yaş kateqoriyasına aid informasiya məhsulu teleradio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlıq televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilməlidir.
Uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarında (telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi vasitəsi ilə yayılan informasiya məhsulları və sellülar (mobil) rabitə şəbəkəsi də daxil olmaqla) onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsinə yol verilmir. Uşaqlar üçün kino və video xidmətlərin göstərilməsi zamanı, uşaq teleradio proqramlarında və verilişlərində, uşaq üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olmalıdır.
Bu qanunun icrasına nəzarət fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən həyata keçirilir.
Qanun layihəsinin 5-ci maddəsinə əsasən, uşaqlar üçün nəzərdə tutulmuş informasiya məhsullarının yaş təsnifatı aparılır:

1. "universal" — istənilən yaş qrupları üzrə dövriyyəsinə məhdudiyyət qoyulmur,
2. "6 yaşadək" altı yaşı tamam olmamış uşaqlar arasında dövriyyəsinə yol verilir,
3. "6 yaşdan" — altı yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir,
4. "12 yaşdan" — on iki yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir,
5. "16 yaşdan" — on altı yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir,
6. "18 yaşdan" — uşaqlar arasında dövriyyəsinə yol verilmir.

Layihədə qeyd olunur ki, informasiya məhsulunun yayıcısı həmin məhsulun müstəqil şəkildə və ya ekspertin iştirakı ilə yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən ölkə ərazisində yaya bilməz.

Qanun layihəsinin 7-ci maddəsində informasiya məhsulunun necə işarələnməsi əksini tapıb. Bu maddəyə əsasən, məhsulun üzərində müvafiq yaş həddi çevrədə göstərilməlidir.
Parlament layihəni qəbul edərsə, 2020-ci il yanvarın 1-də qüvvəyə minəcək.

Ekspertlər dəyişikliyi alqışlayır 


Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva qanuna dəyişikliyi alqışlayır: 

- Məcəlləyə dəyişiklik əlbəttə müsbətdir. Qeyd olunur ki, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhədindən 150 metrdən az olan məsafədə yayılmasına görə fiziki şəxslər 500 manatdan 1000 manatdək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə ediləcək. Məncə bu, müsbət haldır. Və uşaqlar arasında zərərli informasiyaların yayılmasının qarşısını alacaq.  



Təəssüf ki, indiyədək biz televiziyalarda yayım zamanı yaş kateqoriyası qeyd edilən filmlərə, proqramlara rast gəlmirik. Bu isə uşaqların zərərli informasiyalar, onların yaş kateqoriyasına uyğun gəlməyən filmlərə, proqramlara sərbəst izləmə imkanı yaradır. Hətta mən istəyərdim ki, paytaxtda kafe və çayxanaların reklamında da uşaqlar üçün təhlükə daşıyan elanlara yol verilməsin. Kafelərə, çayxanalara elan yazırlar ki, çay+qəlyan. Bu nə deməkdir? Bunu azyaşlılar da görür, yeniyetmələr də, bu cür çağırışlar uşaqları cəlb edir. Beləliklə də onlar zərərli təsir altına düşürlər. Söhbət uşaqlarımızın gələcəyindən gedir. İnternet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq işarəsi mütləq olmalıdır. Bu, uşaqları zərərli vərdişlərin əks olunduğu video-materiallardan, açıq-saçıq materiallardan, uşaqların yaş həddinə uyğun gəlməyən təhlükəli paylaşımlardan qoruyar. Bunları nəzərə alaraq İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyi alqışlayıram. Lakin cəzalar valideynlərin məsuliyyətini azaltmır. Cəzaların tətbiqi ilə iş bitmir. Ən əsas nəzarəti məhz evdə valideynlər həyata keçirməlidir. Təhsil Nazirliyinin belə bir layihəsi olub. İnternet resurslarından filtrli istifadə. Bu proqram sayəsində zərərli, zorakılıq, qəddarlıq elementləri daşıyan informasiyalar, video-çarxlara giriş qapalı olur. Bu proqrama qoşulmaq çətin iş deyil. Sadəcə, valideynlər bir qədər məsuliyyətli olmalı, uşaqlarının gələcəyini düşünməlidir. Hesab edirəm ki, bu məsələdə valideyn nəzarəti əsas şərtlərdən biridir.