“Qəzet kağızının Əlavə Dəyər Vergisindən (ƏDV) azad olması ölkəmizdə çap mediasının vəziyyətini yaxşıya doğru xeyli dəyişdirə bilər”.
Bu fikriləri Sherg.az-a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Baş redaktor vurğulayıb ki, ölkəmizdə qəzet kağızlarının əlavə dəyər vergisindən azad edilməsi mümkündür:
“Azərbaycanda çap mediasının inkişafının dəstəklənməsi üçün həlli vacib olan bir neçə məsələ var. Zaman-zaman qəzet kağızlarının ƏDV-dən azad edilməsi ilə bağlı məsələ gündəmə gətirilir. Məsələni Mətbuat Şurasının İdarə Heyəti səviyyəsində qaldırmışıq. Mətbuat orqanlarında, ayrı-ayrı media rəhbərlərinin çıxışlarında da qeyd edilib. Məsələ mötəbər rəsmi tribunalarda, həmçinin Milli Məclisdə Mətbuat Şurasının sədri Əflatun Amaşov tərəfindən səsləndirib. Qəzet kağızlarının ƏDV-dən azad edilməsinə dair qaldırılmış məsələ müdrikcəsinə olan təşəbbüsdür.
Azərbaycan dövlətinin buna gücü yetər. Çünki ölkənin böyük iqtisadi inkişafı, Prezidentin çap mediasının dəstəklənməsi yönündə nümayiş etdirdiyi iradə və tədbirlərin miqyası buna imkan verir. Ümid edirik ki, ən yaxın gələcəkdə bu məsələ öz həllini tapacaq”.