Bu gün Mətbuat Şurasında (MŞ) Türkiyənin Azərbaycandakı Səfirliyinin ölkəmizdəki diplomatik missiyası başa çatmış mətbuat müşaviri Hamit Karadenizlə Şuranın İdarə Heyətinin üzvlərinin və kütləvi informasiya vasitələri rəhbərlərinin görüşü keçirilib.
Toplantını açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı yüksək səviyyəli əlaqələr media sahəsini də əhatə etməkdədir. Bu baxımdan Türkiyənin Azərbaycandakı Səfirliyinin, xüsusən də Səfirliyin mətbuat müşavirliyinin rolu böyükdür.
MŞ sədri Hamit Karadenizin Azərbaycan və Türkiyə mediası ilə əlaqələrin daha da intensivləşməsində müstəsna xidmətləri ilə seçildiyini vurğulayıb və ona rəhbərlik etdiyi qurumun diplomunu təqdim edib.
Görüşdə çıxış edən Türkiyənin Azərbaycandakı Səfirliyinin yeni mətbuat müşaviri Hüseyn Altınala isə bildirib ki, Səfirliklə Azərbaycan mediası və ictimaiyyəti arasında mövcud olan səmimiyyətə, dostluğa və qardaşlığa söykənmiş əməkdaşlıq xəttinin H.Karadeniz tərəfindən daha da möhkəmləndirilməsi bundan sonrakı fəaliyyətə bir qədər də həssas yanaşılmasını zəruriləşdirir. O, bu istiqamətdə üzərinə düşən missiyanı layiqincə yerinə yetirmək üçün əzmlə çalışacağını vurğulayıb.
H.Karadeniz isə öz növbəsində toplantı iştirakçılarına xoş sözlərə görə təşəkkürünü bildirib.
Diplomat bildirib ki, Azərbaycanda fəaliyyət göstərdiyi 6 il ərzində burada gördüyü dogma münasibətdən məmnundur. Ölkəmizdə çoxlu dostlar qazandığını diqqətə çatdıran Hamit Karadeniz eyni zamanda vurğulayıb ki, Azərbaycan və Tükiyə mediası istər ölkələrimizin haqq işinin dünyaya çatdırılması, istərsə də ortaq türk dəyərlərimizin təbliği baxımından daim müştərək fəaliyyətdə olmalı və qarşılıqlı işbirliyini daha da dərinləşməsinə xidmət etməlidir. O, Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşavirliyinin mövcud istiqamətdə bundan sonra da əzmlə çalışacağına əminliyini dilə gətirib.
Toplantı iştirakçıları tərəfindən qardaş Türkiyənin Suriyadakı sülhyaratma prosesinə, terrorçulara qarşı apardığı hərbi əməliyyatlara dəstək nümayişi əsgər salamı ilə ifadə edilib.