Türkiyə azərbaycanlıların fasiləsiz nəşr olunan “Yaşıl İğdır” qəzeti 65 yaşına qədəm qoyub



Türkiyə azərbaycanlıların fasiləsiz nəşr olunan “Yaşıl İğdır” qəzeti 65 yaşına qədəm qoyub.

İlk nömrəsi 1955-ci ildə işıq üzü görən “Yaşıl İğdır” tanınmış ictimai fəal mərhum Fazil Şıktaş tərəfindən təsis olunub. Bir müddət sonra onun qardaşı mərhum Salih Şıktaş qəzetə redaktorluq edib. Sonra “Yaşıl İğdır” S.Şıktaşın oğlu Sabri Şıktaş tərəfindən idarə olunub. Hazırda isə Şıktaşlar nəslinin ziyalı törəməsi Cabbar Şıktaş qəzetin redaktorudur. Oktyabrın 25-də qəzetin 15372-ci nömrəsi oxucuların görüşünə gəlib.

Hələ sovet dövründə Azərbaycan həqiqətlərinə, o cümlədən ədəbiyyatımıza və mədəniyyətimizə geniş yer ayıran “Yaşıl İğdır” dövlət müstəqilliyimizin bərpasından sonra hər sayında Azərbaycanla bağlı xəbərlər verib, eləcə də ən çətin günlərində Naxçıvanın qarşılaşdığı təhlükələr barədə fasiləsiz informasiyalar yayıb. Ümummilli lider Heydər Əliyev Naxçıvana rəhbərlik etdiyi dövrdə “Yaşıl İğdır”ın fəaliyyətini çox yüksək dəyərləndirib.

Cabbar Şıktaş AZƏRTAC-a açıqlamasında deyib: “Kollektivimizin hər bir üzvü üçün çox əlamətdardır ki, bir vaxtlar Ermənistan tərəfindən blokadada saxlanılan Naxçıvanın işğal təhlükəsindən yazırdıqsa, indi muxtar respublikanın çoxistiqamətli inkişafını oxuculara çatdırırıq.”