Azərbaycanlı və erməni jurnalistlər dəfələrlə görüşüblər: "Qeyri-rəsmi təmas əleyhimizədir"

“Azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı görüşləri intensiv xarakter daşımamalıdır”. Bu fikiləri Sherg.az-a açıqlamasında siyasi şərhçi, tanınmış jurnalist Azər Həsrət deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan jurnalistləri arasında görüşlərin təşkil edilməsi ilə bağlı müzakirələr aparılır:

“Əlbəttə, bu görüşlər indi də baş verməkdədir. Sadəcə olaraq hazırda müzakirəsi gedən məsələ bir az fərqlidir. Yəni, dövlətlərin patronajlığı altında belə görüşün keçirilməsindən  söhbət gedir. Mən də Moskvadakı səfirimiz Polad Bülbüloğlunun vasitəçiliyi ilə 2012-ci ilin iyun ayında belə görüşdə iştirak etmişəm. Ermənsitan və Azərbaycandan olan jurnalistlər ikitərəfli görüşdə iştirak ediblər, orada Rusiya təşkilatçılıq rolunda çıxış edib. Çox gərgin müzakirələr aparmışıq. Təbii ki, qarşılıqlı şəkildə əsəb və gərginliklər yaşanıb. Amma indiki şəraitdə bu görüşün olub-olmaması və yaxud faydası haqqında təbii ki, fikirlərimizi səsləndirə bilərik”. 



Azər Həsrət: "Ermənistan cəmiyyətinə Azərbaycanın öz ərazi bötüvlüyündən vaz keçməyəcəyi mesajını çatdırmağa xidmət etməliyik"


Media ekspertinin fikrincə, vətəndaş cəmiyyəti və jurnalistlərin dövlətimizin iştirakı olmadan belə görüşləri intentsiv şəkildə keçirməsi məqsədəuyğun deyil:

“Çünki ermənilər və bütövlükdə Ermənistan dünyaya göstərmək istəyir ki, guya Azərbaycan xalqı ilə heç bir problemləri yoxdur, xalq onlarla təmasa keçmək istəyir, amma Azərbaycan dövləti buna imkan vermir. Ona görə də bu cür söz-söhbətin qarşısını almaq üçün vətəndaş cəmiyyəti və jurnalistlərimiz belə görüşlərdən yayınsalar daha yaxşı olar. Dövlətlərin nəzarəti altında yaxud da iştirakı ilə belə görüşlərin keçirilməsinə gəlincə, əgər Azərbaycan dövləti məqsədəuyğun sayarsa, belə görüş dövlətimizin və xalqımızın mənafeyinə zidd olmazsa, əlbəttə keçirilməsinə qarşı deyiləm. Ermənistan cəmiyyətinə Azərbaycanın öz ərazi bötüvlüyündən vaz keçməyəcəyi mesajını çatdırmağa xidmət etməliyik. Biz jurnalistlər o görüşlərdə iştirak edəcəyimiz təqdirdə Ermənistana göndərəcəyimiz ismarıc ondan ibarət olacaq ki, Azərbaycan dövləti və xalqı Azərbaycanın ərazi bütvlüyündən heç bir halda vaz keçməyəcək. Bu təbliğatı aparmaq üçün dövlətimizin məqsədəuyğun biləcəyi təqdirdə belə görüşlərdə iştirak etmək olar. Amma özbaşına, yaxud da qərbdəki bəlli və zərərli mərkəzlərin təşkil etdiyi görüşlər heç bir fayda gətirmir. Çünki, mən özüm belə görüşlərdə iştirak etmişəm. Aradan nə qədər müddət keçib və heç bir nəticə yoxdur. Ona görə də ən yaxşısı dövlətimizin məqsədəuyğun biləcəyi görüşdə iştirak etməkdir”.