"Məsələ belədir; yeni kadrlardan kim fəaliyyətini uzaq perspektivə hesablayırsa, xalqa həqiqi xidmət göstərərək, dövlətçiliyimizin keşiyində dayanaraq vəzifə pillələri ilə yüksəlməyi qarşısına məqsəd qoyursa, o, media ilə əlaqələri gözardı etməməlidir"
Ölkə başçısının kadr islahatları media mənsublarını xeyli ümidləndirib. Söhbət problemlərin həlli, hansısa məmurun, yaxud nazirin tapşırılan vəzifəni necə yerinə yetirəcəyindən getmir. Əlbəttə, sosial problemlər hamı kimi biz media mənsublarını da əhatə edir. Lakin fəaliyyət nöqteyi-nəzərindən bizi düşündürən öz problemimiz – informasiya almaqdır. Bu mənada kadr dəyişiklikləri, cənab Prezidentin gənc kadrlara üstünlük verməsi biz jurnalistlərdə yeni kadrların mediaya da kifayət qədər açıq olacağı ümidini yaradır. Prezident öz çıxışlarında sosial problemlərin işıqlandırılmasında medianın rolunu dəfələrlə vurğulayıb və jurnalistləri dost adlandırıb.
Elə ötən dəfə Prezident İlham Əliyev vəzifəyə yeni təyin olunan gənc icra başçılarını qəbul edərkən yenidən Azərbaycan mətbuatının önəmindən danışmışdı. Dövlət başçısı vurğulamışdı ki, bir çox hallarda müxtəlif problemlərin üstünü ört-basdır etməyə səy göstərilir. Ancaq mətbuat orqanlarının operativ və obyektiv fəaliyyəti, araşdırması nəticəsində həmin problemləri gün üzünə çıxarmaq mümkün olur. Ölkə rəhbəri bu məsələyə xüsusi diqqət yetirərək mətbuatı özünün köməkçisi adlandırmışdı. Prezident qeyd etmişdi ki, problemləri xalqın dilindən eşitmək məqsədilə rayonlara tez-tez gedir: “Biz bu problemləri həll etməliyik. Əgər kimsə problemləri malalamaq istəyirsə, səhv yoldadır. Sizə də tapşırıram, hər bir ölkədə problem var, biz o problemləri ört-basdır etməməliyik. Əksinə, üzə çıxarmalıyıq. O cümlədən mən media nümayəndələrinə də dəfələrlə müraciət etmişəm, demişəm ki, siz mənim köməkçilərimsiniz. Bəzi hallarda mən dözülməz vəziyyətlə bağlı mediadan xəbər tuturam. Bax, son hadisəni demək istəyirəm ki, Şamaxı rayonunda zəlzələ olub, oraya böyük vəsait ayrılıb. Mən oraya getmişəm, yeni tikilmiş evlərin açarlarını vətəndaşlara təqdim etmişəm. Ancaq o günləri televizorda baxıram ki, məktəb binasının yarısı uçub, çatlar var, uşaqlar qorxudan orada otura bilmirlər. Bəs yaxşı, bunun üstündən səkkiz ay keçib, bunu etmək mümkün deyilmi? Vəsait ayrılıb, göstəriş verilib, bir çox evlər tikilib, bu məktəb belə yararsız vəziyyətdə ola-ola bununla necə barışmaq olar? İndi əgər mediada, televizorda bu reportaj getməsəydi, mən bilməyəcəkdim. Mən bilən kimi dərhal göstəriş verdim. İndi orada işlər başlayacaq və o məktəb binası ya sökülüb yenidən tikiləcək, ya da ki, əsaslı təmir olunacaq. Ona görə ictimai nəzarət olmalıdır. Siz də bundan qorxmamalısınız, əksinə, ictimaiyyət sizə dəstək verməlidir”.
Sosial şəbəkə üzərindən sual-cavab
Cənab Prezidentin bu çıxışı jurnalistləri ruhlandırır və rəsmi qurumlardan cavab istəməkdə israrlı olmağa sövq edir. Aparılan islahatların media ilə əlaqələrə nə dərəcədə töhfə verəcəyinə keçməzdən öncə son günlər haqqında danışılan məmur – Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun fəaliyyəti barədə bir neçə kəlmə deyək. Vüsal Hüseynov bu günlərdə növbəti dəfə “Facebook” hesabında canlı yayıma çıxıb və vətəndaşları maraqlandıran sualları özü sosial şəbəkə üzərindən canlı şəkildə cavablandırıb.
Qeyd edək ki, Vüsal Hüseynov ilk dəfə bu ilin fevral ayında "Facebook" səhifəsində onlayn qəbul keçirmişdi. Onun təşəbbüsu sosial şəbəkə istifadəçiləri tərəfindən böyük rəğbətlə qarşılanmışdı və yüksək qiymətləndirilmişdi. Xidmət rəisi onlayn cavablandırmanın daha çevik, operativ və vasitəçilər olmadan aparılmasına üstünlük verir.
Sosial şəbəkə üzərindən vətəndaşlarla təmas təsadüfi deyil. Xatırladaq ki, Dövlət Miqrasiya Xidmətində bu ilin oktyabr ayında “Açıq hökumət sahəsində gənclərin maarifləndirilməsi” təlimi keçirilmişdi.
Təlim Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi və Vəkillər Kollegiyasının “ProDemos-Xalq üçün” adlı birgə layihəsi çərçivəsində reallaşdırılıb.
Konfransda çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov açıq hökumət sahəsində maarifləndirmənin vacibliyi və əsas prinsipləri barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyev tərəfindən “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiqi Azərbaycanda açıq hökumət prinsiplərinin genişlənməsi və korrupsiyanın qarşısının alınması üçün mühüm addım oldu. Vüsal Hüseynov, həmçinin innovativ yanaşma, dövlət idarəçiliyində açıq hökumət prinsiplərinin həyata keçirilməsi, dövlət orqanlarının yanında ictimai şuralar barədə gəncləri maarifləndirib.
Daha sonra çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov rəqəmsal inkişaf və hüquqi maarifləndirmə, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev isə hökumət və vətəndaş cəmiyyətinin qarşılıqlı əlaqəsindən bəhs ediblər.
Sonda iştirakçıların sualları cavablandırılaraq sertifikatlar təqdim olunmuşdu.
“ProDemos-Xalq üçün” layihəsinin məqsədi bu problemlərin “sosial şəbəkə”lər vasitəsilə həlli, xüsusilə qanunvericilikdə ictimai əhəmiyyət kəsb edən yeniliklərin sadə dildə izahı və hüquqi yardıma ehtiyacı olanlara dəstək verilməsidir.
Bunun nəticəsidir ki, bu gün Dövlət Miqrasiya Xidməti vətəndaş qəbulu və sualların cavablandırılmasında müasir texnologiyalardan istifadə edir. Bu, vətəndaşlar üçün də, media üçün də müsbət göstəricidir.
Belə xidmət növləri çox deyil. Başqa bir müsbət nümunə ötənlərdə “ASAN Xidmət” tərəfindən sərgilənmişdi.
«Real TV»də «ASAN Xidmət»lə bağlı maraqlı veriliş yayımlanmışdı. «Mir Şahinin vaxtı» adlanan verilişdə «ASAN Xidmət»in fəaliyyəti, demək olar, sıfırdan incələnib, xidmətin hansı şərtlər və imkanlar daxilində fəaliyyət göstərdiyi tamaşaçılara təqdim olunurdu. Hamımızın qısaca «ASAN Xidmət» adlandırdığı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev özü iş gününün böyük bir hissəsini telekanala «hədiyyə» etmişdi. Həqiqətən də, örnək bir davranışdır. Belə bir davranışı, münasibəti digər dövlət məmurlarından, nəinki idarə rəisləri, heç məktəb direktorları, bağça müdirələrindən də görmürük. Bu mənada «ASAN Xidmət» rəisinin telekanala vaxt ayırması, xidmətin fəaliyyəti barədə geniş izahat verməsi, jurnalistin önünə düşüb şöbələri, məntəqələri gəzməsi, hər bir detalı izah etməsi, ətraflı, əhatəli məlumat verməsi günümüzdə çox nadir hallarda rast gəlinən hadisədir.
İnternet, sosial media əsrində “yazılı müraciət edin” nə deməkdir?!
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət cənab Prezidentin son islahatları ilə bağlı fikirlərini bölüşərkən yeni təyin olunmuş kadrların mediaya açıq olmalarını gözlədiyini dedi:
- Yeni təyinat alanların əksəriyyəti gənclərdir. Prezident onların özünü təsdiqi üçün şans verir. Prezident yeni təyinat almış kadrlarla görüşündə də dedi ki, işləyin, xalqa xidmət göstərin. Və eyni zamanda medianın da bu məsələlərdə aparıcı rolunu bir daha vurğuladı. Məsələ belədir; yeni kadrlardan kim fəaliyyətini uzaq perspektivə hesablayırsa, xalqa həqiqi xidmət göstərərək, dövlətçiliyimizin keşiyində dayanaraq vəzifə pillələri ilə yüksəlməyi qarşısına məqsəd qoyursa, o, media ilə əlaqələri gözardı etməməlidir. Mətbuata açıqlıq, şəffaflıq iş prinsipi olmalıdır. Yoxsa ki, fəaliyyətlərini reklam etmək üçün reket jurnalist dəstəsi formalaşdırmaq, 1-2 nəfərə pul verib yazılar yazdırmaqla çox uzağa getmək olmaz. Bu dövr artıq bitdi. Köhnə metodlarla işləmək artıq mümkün olmayacaq. Çünki cəmiyyətdə artıq ümumi bir inkişaf mərhələsi getməkdədir. Hamı hər şeyi görür, kimin kim olduğu da bilinir. Əsas meyar nə olmalıdır: jurnalistlərlə tez-tez görüşmək, hesabatlar vermək və jurnalistlərin suallarını operativ cavablandırmaq. Məsələn, Avropada jurnalistləri çaya, səhər yeməyinə dəvət edib masa arxasında, işgüzar və səmimi bir ortamda söhbət etmək praktikası geniş yayılıb. Kabinetlərdən çıxmaq, ictimaiyyət arasında olmaq, media ilə sıx əməkdaşlıq çərçivəsində çalışmaq. Yeni iş metodları belə olmalıdır. Yoxsa ki, “sualını yazılı şəkildə göndərin, cavablandıraq” şəklində fəaliyyətlə uğur əldə etmək mümkün olmayacaq. İnternet, sosial media əsrində “yazılı müraciət edin” nə deməkdir?! Hazırda çeviklik, operativlik tələb olunur. Bu şərtlərə əməl edən, prosesləri mənimsəyən şəxslər fəaliyyətlərində əsaslı nailiyyətlər əldə edə biləcəklər. Bu mənada Dövlət Miqrasiya Xidməti rəisi Vüsal müəllimin onlayn sual-cavab təşkil etməsi, vətəndaş qəbulu keçirməsi, sualları özünün birbaşa internet üzərindən cavablandırması vətəndaşlarda xoş əhval yaradır, insanlar problemlərini dilə gətirir, onları maraqlandıran sualları verir, qarşılaşdıqları çətinliyi deyir və cavab alırlar. Bu çox yaxşı praktikadır. Ünvanına da xoş sözlər deyilir. Digər qurumlar da bunu edə bilməzmi?
Köhnə metodlar dövrü bitdi
A.Həsrət qeyd etdi ki, media ilə əlaqələrdə köhnə metodlar dövrü artıq bitib:
- Tək qapıya oynamaq dövrü artıq bitib. Rəsmi qurumların vaxtaşırı mətbuat konfransı keçirməsi yaxşı haldır. Hesabat verirlər, həm də jurnalistlərin suallarını cavablandırırlar. Amma təkcə mətbuat konfransları ilə də kifayətlənmək olmaz. Mütləq jurnalistlərlə açıq təmaslar olmalıdır. İnteraktiv kommunikasiya vasitələrindən istifadə edilməlidir. Mətbuat konfranslarına alternativ media da dəvət edilməlidir. Elə olmasın ki, özləri deyib özləri eşitsinlər. Nazirliklər, idarə və müəssisələr bütün media quruluşlarına açıq olmalıdır. Onu da deyim ki, mediaya o kəslər açıq olur, o kəslər jurnalistlərlə çəkinmədən, rahat danışır ki, onlar öz işlərini vicdanla yerinə yetirir, əlləri «əyri» deyil, rüşvətə, korrupsiyaya bulaşmayıblar, öz vəzifələrini qanuni şəkildə icra edirlər. Gizlədəcəkləri bir şey də yoxdu. Ona görə də jurnalistlərin qarşısına rahat çıxırlar. Amma hansı məmur ki, vicdansızdı, dövlət əmlakını talayır, savadsızdır, təmsil etdiyi sahəni bilmir, tapşırılan vəzifənin öhdəsindən gələ bilmir, özünə əminlik yoxdur, bəli, məhz belə məmurlar jurnalistlərdən qaçır, mediaya qapalı qalır. Jurnalistlə danışmaq üçün, verilən sualı cavablandırmaq üçün bilik, savad, təcrübə də lazımdır. Savadları, intellektləri olmadığından qorxurlar ki, ağızlarından nəsə qaçırarlar, biabır olarlar, paxırları, gizli işləri ortaya çıxar. İslahatlar həm də qurumların mətbuat xidmətlərini əhatə etməlidir. Məsələn, görürsən, bir nazirlikdə mətbuat xidməti rəhbəri çalışdığı dövrdə mediaya əlçatan olub, jurnalistlərlə sıx, səmimi münasibət yarada bilib. Lakin sonra rəhbər dəyişikliyi baş verdikdə, həmin adam yenə mətbuat xidmətinin rəhbəri vəzifəsində qalıb, lakin fəaliyyəti sıfırlanıb. Deməli, burada problem mətbuat xidmətlərində kimin işləməsində deyil, rəhbərliklə bağlıdır.