Müqəddəs məkanım mənim 

Aytəkin Alxaslı, müstəqil jurnalist, Qusar


  Azərbaycanın ən böyük və ilk ali təhsil ocaqlarından olan Bakı Dövlət Universitetinin 100 illiyinə biganə qala bilməzdim. Doğma universitetimizin 100 illiyi ərəfəsində mən də bir məzun kimi sözümü deməliydim. İllərdir ürəyimdə qalan gözəl xatirələri bu yubiley ərəfəsində oxucularla bölüşmək istədim.

  Mən universitetin bura ən çox ayaq döyən məzunuyam. Doğulduğum Şəki rayonundan keçmiş Azərbaycan Dövlət Universitetinin, indiki Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunmaq üçün düz 7 il bura ayaq döymüşəm. 14-cü qəbul imtahanında - 1982-ci ilin avqust ayında əyani şöbəyə qəbul imtahanlarından sonra Jurnalistika fakültəsinə qəbul olunmuşam.

 1982-1987-ci illərdə 1012-ci qrupun tələbəsi olaraq uşaqlıqdan arzusunda olduğum jurnalist peşəsinin sirlərinə yiyələnmişəm. Deyərdim ki, qrupumuz çox xoşbəxt qrup olub. Görün, kimlər, necə əvəzsiz insanlar dərs deyib bizə!!! Bəli, biz çox xoşbəxt tələbələrdən olmuşuq ki, biz indi əbədiyyətə qovuşmuş Qulu Xəlilov, Nurəddin Babayev, Famil Mehdi, Seyfulla Əliyev, Tofiq Rüstəmov, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Əliş Nəbili, Nəriman Zeynalov kimi unudulmaz jurnalist və alimlərimizdən dərs almışıq. Bəli, biz xoşbəxt qrup olmuşuq ki, indi də jurnalistika fakültəsində gənclərlə birgə olan Cahangir Məmmədli, Nəsir Əhmədli, Mahmud Mahmudov, Yalçın Əlizadə... kimi gözəl müəllimlərimizdən dərs almışıq.

 Jurnalistika fakültəsinə gələn yolum heç də hamar olmayıb. Ali məktəbə daxil olana qədər yaşadığım Şəki rayonunun Kiçik Dəhnə kəndindəki keçmiş Telman adına kolxozda, sonra kənd kitabxanasında kitabxanaçı işləmişəm. İşləyə-işləyə rayonumuzdakı keçmiş "Şəki fəhləsi", indiki "Şəki" qəzetində və bir sıra dövri mərkəzi mətbuatda çoxsaylı yazılarla çıxış edirdim. "Azərbaycan pioneri", "Azərbaycan gəncləri", "Azərbaycan müəllimi" qəzetlərində, "Pioner", "Kənd həyatı", "Azərbaycan qadını", "Müxbir", "Təşviqatçı" jurnallarında müntəzəm çıxış etmişəm. Yadımdadı, 1982-ci ildə Jurnalistika fakültəsinə sənəd verəndə sənədləri qəbul edən Bəsirə xanım mənə "Sən oxumamışdan əməlli-başlı jurnalistsən ki" - demişdi.

 Oxuduğum 5 il ərzində də rayon və mərkəzi mətbuatla əlaqəm həmişə davam edib. Əlaçı tələbə olmamışam, hətta kəsirim də olub. Birinci kursun imtahanlarını verərkən rəhmətlik Famil Mehdinin imtahanından kəsilmişdim. Kəsiri verəndən sonra qrup nümayəndəmiz İradə mənə demişdi ki, Famil müəllim özü səni kəssə də, sonra səni o biri müəllimlərə tapşırmışdı ki, sən 2-ci kursa keçəndə problem yaşanmasın. Baxın, müəllimin humanistliyinə baxın, bu, yalnız Jurnalistika fakültəsində ola bilərdi. Olub da...

 Başqa fakültələrdə də bəlkə belə hal olub, eşitməmişəm. Çox alicənab olublar, insan adam olublar bizim jurnalistikanın müəllimləri. Mən inanmıram ki, olduqca qayğıkeş insan olan dekanımız Tofiq Rüstəmovdan hansısa tələbə pislik görsün, onun qayğıkeşliyinin şahidi olmasın. Şəxsən mən oxuduğum 5 il ərzində bu nurani insandan xüsusi diqqət və qayğı görmüşəm. Açığı, fakültəyə qəbul olunmaq üçün o qədər gəlib getmişdim ki, Tofiq müəllim və bütün fakültə məni tanıyırdı. Tofiq müəllim özü də bilmədən fakültədə mənim və mənim kimi çətinliklə qəbul olan tələbələrin "adam"ına çevrilmişdi. Daha dəqiqi, Tofiq Rüstəmov dekanlığı müddətində "adamsız"ların "adam"ı olub" həmişə. Bunu bütün keçmiş tələbə yoldaşlarımızın hamısı bilir və hərə özlüyündə bunun şahidi olub. Təkcə Tofiq müəllimmi? Yox, jurnalistika fakültəsində bütün müəllimlərimiz sadə, səmimi, qayğıkeş və diqqətcil olublar.

 Belə bir epizodu xatırlayıram. Bir dəfə dərsdən sonra "Bakı" qəzetinə yazı aparmışdım. Qış günü idi. Yazını qəbul edəcək əməkdaşı gözləyirdim. Birdən müəllimim - "Bakı" qəzetinin baş redaktoru Nəsir İmanquliyev dəhlizdən keçəndə məni görüb:

"Soyuq deyil? Çörək yemisən" - deyə ayaq saxladı. Bu diqqətə görə mütəəssir olsam da, Nəsir müəllimə təşəkkür edib yaxşı olduğumu dedim. Belə nümunələri çox çəkə bilərəm, vaxtı çox almaq istəmirəm. Jurnalistikanın müəllimləri həm də yerliçilikdən çox uzaq olublar. Beşinci kursda yorulmaz tədqiqatçı Qulam Məmmədlinin yaradıcılığı haqda olub diplom işim. Diplom rəhbərim də bizim Şirməmməd müəllim idi. Diplom işimi uğurla müdafiə etdim. Birdən Şirməmməd müəllim Tofiq müəllimə dedi ki,"mən bu yaxınlarda bilmişəm ki, Aytəkin şəkilidi. Ya özü deyib, ya da mən soruşmuşam". 

 Cahangir Məmmədli də bizim sevimli müəllimlərimizdən olub. İndi də jurnalistika fakültəsinin gənc tələbələri xoşbəxtdir ki, onlara Cahangir müəllim kimi maraqlı bir insan dərs deyir. Cahangir müəllimlə 2-ci kursda "Jurnalist" tədris qəzetinə yazı hazırlamaq üçün Şamaxıya gedəndə yol yoldaşı olmuşuq. Hamıya ayrı-ayrılıqda diqqətlə yanaşmağı yadımdadı. Yaxşı yol yoldaşlığı var Cahangir müəllimin. Mənə həmişə Aytən deyib. Qızının da adı Aytəndir. Mənə Şamaxıda təkcə onu dedi ki, hansı mövzunu istəyirsən yaz, mövzu çoxdu burda. Yazı ilə bağlı həmişə hər hansı çətinliklə rastlaşsam, Cahangir müəllimin yanına qaçırdım. Sağ olsun, mənə və müraciət edən tələbələrə heç vaxt köməyini əsirgəməyib. Universiteti bitirəndən sonra da Cahangir Məmmədli ilə əlaqəni kəsməmişəm. Qubaya gələndə Cahangir müəllim həmişə mənimlə əlaqə saxlayıb, indi də saxlayır. Ailəsilə də Qubada tanış olmuşam. 2014-cü ilin avqust ayının 1-də Qubanın Vladimirovka kəndində şəhid dəfni idi.

 Düşmənlə təmas xəttində şəhid olmuş, axısxa türklərinin nümayəndəsi olan Elnur Məhyəddin oğlu İbrahimovu dəfn etməyə gələnlər sırasında Cahangir müəllimi də gördüm. "Aytən, halaldı" - dedi - "bilirdim, burada olacaqsan" - deyə mənimlə salamlaşdı. Mən onda ANS televiziyasının şimal müxbiri idim. Keçmiş müəllimimin dəfnə qatılmasına çox sevindim. Həm də elə bil bir daha imtahan verirdim sevimli müəllimimin qarşısında. Sən demə, jurnalistikanın müdrik müəllimlərindən jurnalistikanın sirlərilə yanaşı, vətənpərvər olmağı da öyrənmişəmmiş. 1987-ci ildə ADU-nun Jurnalistika fakültəsini bitirəndə təyinat söhbəti ortaya çıxdı. Mərkəzi mətbuatda nə qədər aktiv iştirak etsəm də, Bakıda daimi qeydiyyatım olmadığından burada işə girə bilməyəcəkdim. Qanuna görə, müvəqqəti paytaxt qeydiyyatı ilə Bakıda işləyə bilməyəcəkdim. O vaxt Balakən, Kəlbəcər və Qusar rayonlarının yerli qəzetində gənc əməkdaşa ehtiyac vardı. Mən alicənab dekanımız Tofiq müəllimin məsləhətilə Qusar rayonuna təyinat aldım. Tofiq müəllim mənə dedi ki, çox əziyyət çəkmisən, indi özünü göstərmək vaxtıdı. Qusarda işlədiyim vaxtda Tofiq müəllimi 3 dəfə görmüşəm.

Sonuncu dəfə 1992-ci il fevral ayının 23-də "Qusar" qəzetinin 60 illik yubileyində gördüm Tofiq Rüstəmovu. Yubiley tədbirində Tofiq müəllimin çıxışındakı bu sözlər indi də yadımdadır:

"Mən bu gün fəxr edirəm ki, "Qusar" qəzetinin redaksiyasında bizim keçmiş tələbələrimiz çalışır. Onlar həyatda öz arzularına çatmışlar". Mən bizim doğma universitetin Jurnalistika fakültəsində başqa fakültələrdən gəlib digər fənlərdən dərs deyən müəllimlərimi də unutmamışam. Partiya tarixini dərindən bilən Yusif Yusifovdan, Şamil Qurbanovdan, Məmmədbağır Həyatzadədən, Eldar Məmmədovdan, Kamil Vəliyevdən, Nizami Cəfərovdan, Şölə Şirəliyevadan, Rasim Nəbiyevdən, Mahir İsrafilovdan və adını çəkmədiyim digər müəllimlərimdən çox şey öyrənmişəm. O da yaxşı yadımdadır ki, universitetdə ovaxtkı "Lenin tərbiyəsi uğrunda" qəzetinə Yusif Yusifovdan yazı hazırlamağa göndərmişdilər. Yusif müəllim məşhur "Monolit" binasında olurdu.

 Müsahibə alandan sonra məndən soruşdu ki, "nə istəyirsən? Nəyəsə ehtiyacın varmı? “Dedim, heç nəyə ehtiyacım yoxdu”. Bir stəkan çayı boğazım udquna-udquna zorla içdim. Ailəmizdən öyrəndiyim halallığı, əlitəmizliyi, şəffaflığı universitet müəllimlərimdən də bir daha öyrəndim, gördüm. Azərbaycanın ali məktəblərinin flaqmanı olan, Bakı Dövlət Universitetində məndən sonra son illər doğmalarım - Altay, Eltay və Samir Alxasovlar da - kibernetika ixtisasında təhsil alıblar və indi həyatda öz yerlərini tapıblar. Bir əsrlik tarixi olan, mənim kimi minlərlə gəncə elm, təhsil, savad vermiş Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə hörmətli rektor Elçin Babayevi və universitetin çoxsaylı müəllim, tələbə kollektivini ürəkdən təbrik edirəm. Mən də həyatımda böyük rolu olmuş universitetimizdə və doğma Jurnalistika fakültəsində işləmiş və dünyasını dəyişmiş hər bir müəllimimizin ruhunu şad etmək istədim bu yazımla. Hazırda həyatda olan bütün müəllimlərimizə isə möhkəm cansağlığı arzu edirəm...