Bloger qınağa tuş gəldi: Ata Abdullayevin məqsədi özünü reklam etmək cəhdi idi

“Belə bir komediya göstərib, ermənilərin bizə gülməsinə niyə şərait yaratmalıydıq?!”



Bloger Ata Abdullayevin İtaliyanın Milan şəhərində Ermənistanın baş naziri Nikol Paşinyanın olduğu kilsəyə getməsi və ona qeyri-peşəkar sual ünvanlaması ölkədə ciddi tənqidlərə tuş gəlib. Bəzilərinin “uğur” kimi təqdim etməyə çalışdığı bu hərəkət çox adamın etirazına səbəb olub. Xüsusən, onun hazırlıqsız şəkildə düşmən ölkənin rəhbərinin qarşısına çıxaraq, aciz görkəm alması ölkənin Qarabağ siyasətinə kölgə salınması kimi dəyərləndirilib. Məsələyə Azərbaycan Xarici İşlər Nazirliyi də münasibət bildirib.

XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ata Abdullayevin “diplomatik pasportunun olması” ilə bağlı yayılan məlumatlara cavab verib. Qurum rəsmisi bəyan edib ki, A.Abdullayev adlı şəxs nə diplomatik, nə də xidməti pasporta sahibdir: “Bu şəxs üçün nə diplomatik, nə də xidməti pasport rəsmiləşdirilib”. 



Olayla bağlı “Şərq”ə açıqlama verən Jurnalist Əli Zülfuqaroğlu da vurğulayıb ki, Ata Abdullayevin məqsədi Paşinyana tutarlı sual vermək deyil, özünü reklam etmək cəhdi idi:

“Bu tipli insanlar heç zaman vətən üçün nəsə etmək məqsədi ilə yaşamırlar. Qarabağ, Xocalı kimi problemlərimizdən öz çıxarları xatirinə yararlanmaq istəyirlər. Mövzu nə olur olsun, təki adım hallansın, diqqət cəlb edim, məni irəli çəksinlər düşüncəsi həyatlarının prioritet məsələsidir. Qarabağın aqibətinin nə olacağı isə veclərinə deyil. Bu kimi düşüncə tərzinə malik insanlar vətənə, dövlətə müsbət mənada heç nə qazandıra bilməzlər. Həmişə də satmağa hazırdırlar”. 



Politoloq Ceyhun Əhmədli də deyib ki, informasiya müharibəsinin sual-cavab formatında aparılması effektli deyil:

“Məqsədimiz Paşinyanı pərt etmək yox, dünya ictimaiyyətini münaqişənin tarixi və siyasi sürəci barədə məlumatlandırmaq olmalıdır. Əgər düşünürsüzsə ki, Paşinyan ona verilən suallara hazırlıqsız yaxalanıb nala-mıxa vuracaq, yanılırsız. Sadəlövh olmayaq, adam dövlət başçısıdır və ona ünvanlanacağını ehtimal etdiyi sualları əvvəlcədən dəfələrlə götür-qoy etmədən kürsüyə çıxmaz. Bəli, Paşinyanın naşı siyasətçi olduğunu bilirik, amma əmin olun ki, onu standart sual yağışına tutmaq bizə müsbət heç nə qazandırmayacaq”.