“Hazırda Azərbaycanda bir neçə sahədə islahatlar gedir. Deputat həmkarlarım çıxışlarında media sahəsində də islahatların aparılmasına ehtiyac olduğunu dedilər. Bu fikirlərinə görə onlara təşəkkür edirəm. Amma kimsə düşünməsin ki, mediamız zəifdir və jurnalistlərimizin peşəkarlığı aşağı səviyyədir. Əsla belə deyil”.
Bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov parlamentin bugünkü iclasında səsləndirib. O, bildirib ki, medianı daha da güclü görmək üçün ilk növbədə onun iqtisadi müstəqilliyini artırmaq lazımdır: "
“Media varlı olmalıdır. Əgər media varlı olarsa, daha azad, müstəqil və peşəkar olar. Bu da əsasən reklamla bağlıdır. Dünyada medianın gəlirlərinin 80 faizi məhz reklam vasitəsilə formalaşır. Azərbaycanda isə bu göstərici çox aşağıdır. Hətta demək olar ki, yoxdur. Bunun da obyektiv və subyektiv səbəbləri var. Kölgə iqtisadiyyatına, monopoliyaya qarşı mübarizənin gücləndiyi, şəffaflığın artdığı bir şəraitdə reklam bazarının genişləndirilməsi üçün yollar axtarmalıyıq. Eyni zamanda mediaya subsidiyaların, güzəştli kreditlərin verilməsini gündəmə gətirməliyik. Ən əsası isə çap məhsulları üzərindən ƏDV-ni götürməliyik”.