Reklam bazarı, subsidiyalar, ƏDV-nin götürülməsi: Mediada da islahatlar aparılmalıdır

Mütəxəssislər hesab edirlər ki, mövcud problemlər aradan qalxsa, mətbuat öz imkanlarını genişləndirib, inkişaf edə bilər 




“Medianı daha da güclü görmək üçün ilk növbədə onun iqtisadi müstəqilliyini artırmaq lazımdır”. Bu fikirləri Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov parlamentin iclasında səsləndirib. Millət vəkili vurğulayıb ki, hazırda Azərbaycanda bir neçə sahədə islahatlar gedir: “Deputat həmkarlarım çıxışlarında media sahəsində də islahatların aparılmasına ehtiyac olduğunu dedilər. Bu fikirlərinə görə onlara təşəkkür edirəm. Amma kimsə düşünməsin ki, mediamız zəifdir və jurnalistlərimizin peşəkarlığı aşağı səviyyədədir. Əsla belə deyil”. Ə.Amaşov bəyan edib ki, media varlı olmalıdır. Əgər media varlı olarsa, daha azad, müstəqil və peşəkar olar:

“Bu da əsasən reklamla bağlıdır. Dünyada medianın gəlirlərinin 80 faizi məhz reklam vasitəsilə formalaşır. Azərbaycanda isə bu göstərici çox aşağıdır. Hətta demək olar ki, yoxdur. Bunun da obyektiv və subyektiv səbəbləri var. Kölgə iqtisadiyyatına, monopoliyaya qarşı mübarizənin gücləndiyi, şəffaflığın artdığı bir şəraitdə reklam bazarının genişləndirilməsi üçün yollar axtarmalıyıq. Eyni zamanda mediaya subsidiyaların, güzəştli kreditlərin verilməsini gündəmə gətirməliyik. Ən əsası isə çap məhsulları üzərindən ƏDV-ni götürməliyik”. 

Həqiqətən də Azərbaycan mətbuatının ciddi problemlərindən biri reklam bazarının inkişaf etməməsidir. Problem dəfələrlə media ekspertləri, qəzet rəhbərləri, hətta hökumət təmsilçiləri tərəfindən gündəmə gətirilib. Məsələnin həllinə nail olmaq üçün indiyə qədər bir çox versiyalar səsləndirilib. Hətta reklam paylayan ayrıca qurumun təsis edilməsi də təklif edilib. Ancaq vaxtaşırı irəli sürülən variantlar, edilən təkliflər medianın reklam vasitəsilə gəlir əldə etmək problemini həll etməyib. Fakt budur ki, ölkə mediasında reklam bazarının durumu media nümayəndələrini qane etmir. Əlbəttə, bu gün “Azərbaycan mediasında ümumiyyətlə reklam yoxdur” demək olmaz. Reklam var, lakin reklamların bərabər bölünməsində müəyyən problemlər yaşanır. Məsələnin ikinci tərəfi odur ki, reklamın qara formalarından istifadə olunur. Ən ciddi faktorlardan biri gizli reklam məsələsidir. Reklam açıq olmalı və reklam işarəsi altında verilməlidir. Qarşılığında isə KİV-ə müəyyən ödəniş olunmalıdır. Sirr deyil ki, verilən reklamlar arasında rəsmiləşdirilməmiş, elan olunmayan və bu yolla vergidən yayınan reklamlar çoxdur. 

Ekspertlərin fikrincə, son vaxtlar sosial şəbəkələrin inkişaf etməsi də reklamlarla bağlı problem yaradır. Yəni, reklam verən fikirləşir ki, KİV qurumuna ciddi ödəniş etməkdənsə, həmin reklamı özünün yaratdığı sosial şəbəkə üzərindəki səhifədə rahatlıqla paylaşa bilər. Əlbəttə, bu məqam da müzakirə olunmalıdır. Onu da nəzərə alaq ki, dövlət qurumlarının əksəriyyəti özlərinin media orqanlarını təsis ediblər. Ancaq onların heç bir imici, ciddi tirajı, ictimai rəyə təsir imkanları yoxdur. Buna baxmayaraq, dövlət orqanları elan və reklamları öz KİV-lərində yerləşdirirlər. Bu, haqsız rəqabətdir, həm də maliyyənin sağ cibdən-sol cibə ötürülməsidir. Onlar özlərinin informasiya təminatını ümummilli KİV-lər vasitəsilə həyata keçirirlər, ancaq reklamları özlərinin təyin etdikləri mediaya yönəldirlər. Mütəxəssislərin fikrincə, reklam verilməsinin mexanizmi yaradılarsa və prosesdə şəffaflıq əldə olunarsa, vurğulanan problemlər tədricən aradan qalxacaq. 

Millət vəkili Əflatun Amaşovun toxunduğu məsələləri “Şərq”ə dəyərləndirən Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib ki, medianın iqtisadi, maliyyə imkanlarının geniş olması çox vacib amildir. Jurnalistin sözlərinə görə, media özü biznes strukturudur. Əgər biznesdə gəlir və maddi qazanc olmazsa, fəaliyyət iflas edər:

“O baxımdan hörmətli millət vəkilimiz, Mətbuat Şurasının sədri Əflatun Amaşovun səsləndirdiyi fikirləri dəstəkləyir, həm də altına imza atıram. Biz bu məsələləri MŞ-nin iclaslarında, mətbuat orqanlarında dönə-dönə gündəmə gətirmişik. Eyni zamanda mövzu üzrə ayrı-ayrı konfranslarda, toplantılarda fikirlərimizi çatdırmışıq. Vaxt olub ki, dövlətə təkliflər göndərmişik, rəsmilərlə söhbətimizdə buna diqqət yönəltmişik. Təklif olunub ki, mətbuatın sərbəst reklam fəaliyyəti üçün dövlət öz dəstəyini əsirgəməsin. Hətta bir müddət öncə ayrıca Reklam Şurası adlı qurumun formalaşmasını da müzakirə etmişdik. Dövlət də müsbət yanaşmışdı. Əfsuslar olsun ki, sonradan bu məsələ unuduldu. Əslində sözügedən fəlakətli durumu əvvəlcədən proqnozlaşdırırdıq. Görürdük ki, reklamsız mətbuat yaxşı yerə getmir. Reklam probleminin yubanmadan həll edilməsinin zəruriliyini ortaya qoyur, çalışırdıq ki, qəzetlərimiz maliyyə böhranından xilas olsunlar və oxucularımız qəzetsiz qalmasınlar”. 

A.Həsrət vurğulayıb ki, qəzetlərimizin tirajı yüksək deyil və oxucu ilə qəzet arasında rabitə zəifləyib:

“Qəzet satışı bərbad durumdadır. Faktiki olaraq qəzet yayımı ilə məşğul olan qurumlar belə bu işi keyfiyyətli şəkildə həyata keçirə bilmirlər. Təbii ki, belə bir durumda çap mətbuatı ciddi sıxıntılarla üzləşir. Düzdür, KİVDF bu cür problemlərin öhdəsindən gəlmək üçün öz dəstəyini əsirgəmir. Şəxsən cənab Prezidentin təşəbbüsü olaraq artıq 10 ildən çoxdur ki, qəzetlərin ayaqda durması üçün faktiki maliyyə yardımları edilir. Məhz Fondun mütəmadi yardımları hesabına qəzetlər ayaqda qalır. Biz deyirik ki, qəzetlər reklam gəlirləri hesabına öz imkanlarını bir qədər də genişləndirsinlər və inkişaf edə bilsinlər”. 

“Azxeber.com” saytının baş redaktoru, tanınmış jurnalist Hacıbəy Heydərli də “Şərq”ə açıqlamasında bildirib ki, millət vəkili Əflatun Amaşov hər zaman mətbuatı və jurnalistləri narahat edən, düşündürən məsələləri parlamentdə dilə gətirir:

“Deputat bundan öncə dəfələrlə diffamasiya haqqında qanunun qəbulunun məqbul olduğunu bildirmişdi. Düşünürəm ki, bu kimi məsələlərin gündəmə gətirilməsi və müzakirəsi çox vacibdir. Hörmətli Əflatun Amaşov çox haqlı olaraq bildirir ki, bu gün mətbuatda reklam bazarı çox zəifdir. Həqiqətən də mətbuata güzəştli kreditlərin verilməsi, çap mediası üzərindən ƏDV-nin qaldırılması, şübhəsiz ki, medianın inkişafına mühüm töfhə olardı. Hesab edirəm ki, bunlarla yanaşı mətbuatın iqtisadi problemlərinin köklü həlli reklam bazarının ciddi şəkildə liberallaşmasından keçir. Əgər biz tədricən buna nail olmasaq, medianın iqtisadi dayanıqlılığının həlli üçün atılan bütün digər addımlar mövsümi xarakter daşıyacaq”. 

Baş redaktor təəssüflə qeyd edib ki, bizdə böyük reklam şirkətləri çox deyil və onlar da reklamı ədalətli şəkildə paylamır:

“Reklam şirkətləri daha çox şəxsi münasibətlərə üstünlük verərək, özlərinə yaxın şəxslərə reklam verirlər. Qəzetlərdə isə vəziyyət ümumiyyətlə bərbaddır. Bu gün ölkənin əksər ciddi qəzetləri reklam tapa bilmir. Azad iqtisadiyyata malik olan ölkələrdə mətbuatın əsas gəlir mənbəyi reklamlar, bir də ki, nəşrin satışından əldə etdiyi gəlirlər hesab olunur. Belə ölkələrdə qəzetlərin gəlirlərinin 85 faizi reklamlardan, 15 faizi isə nəşrin satışının reallaşdırılmasından asılı olur. Azərbaycanda isə qəzetlər ən yaxşı halda böyük şirkətlərin bayram təbriklərinə ümid edirlər. Həm də qəzetin xərcləri, saytlarla müqayisədə dəfələrlə çoxdur. Belə olan halda qəzetlərin onlayn versiyalarını gücləndirməli və rəqabət mühiti yaradılmalıdır. Bundan başqa qəzetlərdə və saytlarda reklam menecerlərinin olmaması, reklam verənin KİV-lərin hədəf qrupları ilə uyğun gəlməməsi və digər amillər də var. Artıq media yaradıcı işlə yanaşı, həm də menecerlik tələb edir. Medianı biznes qurumuna çevirmək yönündə işlər aparılmalıdır. Bunu bacarmayan KİV-lər zamanla sıradan çıxacaqlar”.

“Milli.az” saytının baş redaktoru Anar İmanov da “Şərq”ə vurğulayıb ki, reklam bazarının genişləndirilməsi üçün mütləq yollar axtarılmalıdır:

“Yollar tapılandan sonra, subsidiyaların verilməsi və çap məhsulların üzərindən ƏDV-nin götürülməsi həqiqətən də medianın inkişafına böyük töhfə verəcək. Uzağa getmək lazım deyil. 2018-ci ildə qonşu Rusiyada internetdə reklamın həcmi 22 faiz artaraq televiziyanın reklamdan gəlirini geridə qoydu. Çap mətbuatında reklam həcmi həmin dövrdə 12 faiz azaldı. Bütün dünyada olduğu kimi, Rusiyada da reklamın 90 faizi nəhənglərə “Yandex”, Google, Mail.ru və Rambler-ə qaldı. Qalan internet resurslara isə 20 faiz düşür və bu çap mediadakı reklamdan əldə olunan gəlirə bərabərdir. Gördüyünüz kimi, reklamdan əldə olunan gəlirlərlə bağlı qonşu dövlətdə də vəziyyət ürəkaçan deyil və bu məsələ əsasən çap mediaya aiddir.
Eyni situasiya ilə bütün dünya qarşı-qarşıyadır. Məsələn, Amerikada nəhəng “BuzzFeed” platformu investorların gözləntilərinə qarşı daha az gəlir əldə edib. Nəticədə proyektdə ixtisarlar oldu, optimizasiya işləri aparıldı”. 

A.İmanovun qənaətincə, digər mühüm məsələ xəbərlərin keyfiyyəti və doğruluğu ilə bağlıdır:

“Maliyyə çox olan yerdə peşəkarlıq yüksək olur, səhv informasiyaların yayılması minimuma endirilir. Əlbəttə, dövlətimiz medianın inkişafı üçün çox mühüm işlər görür. Məhz bu səbəbdən ölkəmizdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Mətbuat Şurasının fəaliyyətinin nəticəsində mediamız güclənir və inkişaf edir. Düşünürəm ki, yuxarıda qeyd edilən məsələlərin də həlli - reklam bazarı, subsidiyalar, çap məhsulların üzərindən ƏDV-nin götürülməsi və s. - mediamızı daha da güclü edəcək”.

(Davamı var)