"Medianı daha da güclü görmək üçün ilk növbədə onun iqtisadi müstəqilliyini artırmaq lazımdır”. Bu fikirləri Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov parlamentin iclasında səsləndirib. Millət vəkili vurğulayıb ki, hazırda Azərbaycanda bir neçə sahədə islahatlar gedir: “Deputat həmkarlarım çıxışlarında media sahəsində də islahatların aparılmasına ehtiyac olduğunu dedilər. Bu fikirlərinə görə onlara təşəkkür edirəm. Amma kimsə düşünməsin ki, mediamız zəifdir və jurnalistlərimizin peşəkarlığı aşağı səviyyədədir. Əsla belə deyil”. Ə.Amaşov bəyan edib ki, media varlı olmalıdır. Əgər media varlı olarsa, daha azad, müstəqil və peşəkar olar:
“Bu da əsasən reklamla bağlıdır. Dünyada medianın gəlirlərinin 80 faizi məhz reklam vasitəsilə formalaşır. Azərbaycanda isə bu göstərici çox aşağıdır. Hətta demək olar ki, yoxdur. Bunun da obyektiv və subyektiv səbəbləri var. Kölgə iqtisadiyyatına, monopoliyaya qarşı mübarizənin gücləndiyi, şəffaflığın artdığı bir şəraitdə reklam bazarının genişləndirilməsi üçün yollar axtarmalıyıq. Eyni zamanda mediaya subsidiyaların, güzəştli kreditlərin verilməsini gündəmə gətirməliyik. Ən əsası isə çap məhsulları üzərindən ƏDV-ni götürməliyik”.
Həqiqətən də Azərbaycan mətbuatının ciddi problemlərindən biri reklam bazarının inkişaf etməməsidir. Problem dəfələrlə media ekspertləri, qəzet rəhbərləri, hətta hökumət təmsilçiləri tərəfindən gündəmə gətirilib. Məsələnin həllinə nail olmaq üçün indiyə qədər bir çox versiyalar səsləndirilib. Hətta reklam paylayan ayrıca qurumun təsis edilməsi də təklif edilib. Ancaq vaxtaşırı irəli sürülən variantlar, edilən təkliflər medianın reklam vasitəsilə gəlir əldə etmək problemini həll etməyib. Fakt budur ki, ölkə mediasında reklam bazarının durumu media nümayəndələrini qane etmir. Əlbəttə, bu gün “Azərbaycan mediasında ümumiyyətlə reklam yoxdur” demək olmaz. Reklam var, lakin reklamların bərabər bölünməsində müəyyən problemlər yaşanır. Məsələnin ikinci tərəfi odur ki, reklamın qara formalarından istifadə olunur. Ən ciddi faktorlardan biri gizli reklam məsələsidir. Reklam açıq olmalı və reklam işarəsi altında verilməlidir. Qarşılığında isə KİV-ə müəyyən ödəniş olunmalıdır. Sirr deyil ki, verilən reklamlar arasında rəsmiləşdirilməmiş, elan olunmayan və bu yolla vergidən yayınan reklamlar çoxdur.
Ekspertlərin fikrincə, son vaxtlar sosial şəbəkələrin inkişaf etməsi də reklamlarla bağlı problem yaradır. Yəni, reklam verən fikirləşir ki, KİV qurumuna ciddi ödəniş etməkdənsə, həmin reklamı özünün yaratdığı sosial şəbəkə üzərindəki səhifədə rahatlıqla paylaşa bilər. Əlbəttə, bu məqam da müzakirə olunmalıdır. Onu da nəzərə alaq ki, dövlət qurumlarının əksəriyyəti özlərinin media orqanlarını təsis ediblər. Ancaq onların heç bir imici, ciddi tirajı, ictimai rəyə təsir imkanları yoxdur. Buna baxmayaraq, dövlət orqanları elan və reklamları öz KİV-lərində yerləşdirirlər. Bu, haqsız rəqabətdir, həm də maliyyənin sağ cibdən sol cibə ötürülməsidir. Onlar özlərinin informasiya təminatını ümummilli KİV-lər vasitəsilə həyata keçirirlər, ancaq reklamları özlərinin təyin etdikləri mediaya yönəldirlər. Mütəxəssislərin fikrincə, reklam verilməsinin mexanizmi yaradılarsa və prosesdə şəffaflıq əldə olunarsa, vurğulanan problemlər tədricən aradan qalxacaq.
Səbinə Əvəzqızı: “Təəssüf ki, bir çox iri şirkətlər reklam üçün ayırdıqları maliyyəni itirilmiş hesab edirlər”
Mövzunu “Şərq”ə dəyərləndirən “Lent.az”ın redaktoru Səbinə Əvəzqızı deyib ki, iqtisadi azadlıq, maddi imkanlar medianı yalnız güclü edər. Redaktorun sözlərinə görə, medianın güclü olması isə cəmiyyətin, ölkədəki demokratik prinsiplərin gücü deməkdir:
“Bizim gücümüz avtomatik olaraq ölkə vətəndaşının gücünə çevrilir. Belə ki, güclü media vətəndaşın qaldırdığı problemin həllinə daha tez nail ola bilir. Azərbaycanda hələ də reklam mədəniyyəti formalaşmayıb. Çox təəssüf ki, bir çox iri şirkətlər reklam üçün ayırdıqları maliyyəni itirilmiş hesab edirlər. Ya da düşünürlər ki, elektron və ya yazılı media onların istədikləri nəticəni verməyəcək. Ona görə də hazırda daha çox sosial media vasitəsi ilə reklam olunmağa üstünlük verirlər. Özü də bu istiqamətdə kifayət qədər pul xərcləyirlər. Bəs niyə mediaya vəsait ayırmağa istəkli deyillər? Burada bir neçə problem sadalamaq olar, amma əsas ikisinin üzərində dayanmaq istərdim. Birincisi, tiraj (elektron mediada giriş sayı - red), auditoriya ilə bağlı məsələdir. Doğrudan da 10 milyon əhali sayına görə bizim qəzetlərin tirajı və saytlara giriş sayı çox gülməlidir. Reklam verəni isə təbii ki, bu rəqəm qane etmir. Hesab edir ki, bura pul verməkdənsə, daha çox izləyicisi olan hansısa sosial mediaya verə bilər. İkinci isə ölkədə güclü reklam mütəxəssisləri, marketoloqlar yoxdur. Reklam verənlərlə medianı birlikdə maraqlı layihələrə cəlb etmək olar. Elə aksiyalar təşkil etmək olar ki, hər iki tərəf razı qalsın”.
S.Əvəzqızının fikrincə, əslində medianın hansısa reklam verəndən asılı olması arzuolunmazdır: “Çox yaxşı olar ki, KİV abunə, elanlar hesabına güclənsin. Tutaq ki, hansısa “Pirverdi” mağazası, hər hansı bir neft şirkəti və s. mediaya reklam verir. Sizcə, sabah oradakı problemləri yazanda bu media orqanı nə qədər obyektiv olacaq? Çap məhsulları üzərindən ƏDV-ni götürməyi dəstəkləyirəm. Ümid edirəm ki, yuxarıda sadaladığım problemlər öz həllini tezliklə tapar və mediamız hazırkı vəziyyətindən daha güclü olar”.
Aqil Ələsgər: “Mənim tanışım, yaxınım” məsələsi ortadan qalxsın. Hər kəs öz fəaliyyətinə görə reklam payını əldə etsin”
“YeniÇağ” Media Qrupun rəhbəri Aqil Ələsgər də “Şərq”ə açıqlamasında bildirib ki, Əflatun Amaşov çox doğru olaraq mətbuatın inkişafının, xüsusən onlayn medianın tərəqqisinin birbaşa reklam bazarından asılı olduğunu vurğulayıb:
“Bütün məsələ “reklam pastası”nın ədalətli şəkildə bölünməsindədir. Təəssüf ki, mediada bu sahədə çox ciddi problemlər var. Bunu bəlkə də mətbuatın yaradıcı heyəti hiss etmir, amma sayt menecerləri problemin dərinliyinin fərqindədir. Hesab edirik ki, Azərbaycanda reklam bazarının formalaşması vacibdir. Əgər kim güclüdürsə və bazarda ayaqda qala bilirsə, reklamlar da onlar arasında bölüşdürülsün. Bu sahədə monopoliyaya son qoyulardı. “Mənim tanışım, yaxınım” məsələsi ortadan qalxsın. Hər kəs öz gücünə və fəaliyyətinə görə reklam payını əldə etsin. Dünyanın məşhur şirkətləri saytların oxucu sayına, daimi izləyicisinə görə, reklam təklif edirlər. Təəssüflər olsun ki, bizdə reklam bazarı yox səviyyəsindədir. Bu məsələ dəfələrlə cənab Prezident tərəfindən, o cümlədən media rəhbərləri tərəfindən gündəmə gətirilib. Ona görə də tezliklə real addım atılmalıdır. Bu sahədə əslində Mətbuat Şurasının üzərinə böyük yük düşür. MŞ dövlət qurumları ilə media arasında körpü rolunu oynayır. Eyni şəkildə Şura böyük reklam şirkətləri ilə aparıcı mətbuat orqanları arasında əlaqə qurmalı, görüşlər təşkil etməlidir. Bu dialoqdan hər iki tərəf qazanar”.
Aqil Camal: “Reklamla bağlı Sahibkarlar Konfederasiyası və iri şirkətlərlə görüşmək olar”
“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal da “Şərq”ə bəyan edib ki, Mətbuat Şurasının sədri, hörmətli Əflatun Amaşov dəfələrlə Milli Məclisdə çıxış edərək çap mediasının inkişafı ilə bağlı konkret təkliflərini səsləndirib:
“Bunlardan biri qəzet kağızı üzərindən ƏDV-nin götürülməsidir. Hər dəfə qeyd olunur ki, bu vergidən dövlətin büdcəsinə elə də ciddi vəsait daxil olmur. Amma qəzetlər üçün əhəmiyyətli vəsaitdir. Mən bu məsələdə bir az mətbuatın özünü də qınayıram. Məsələni yalnız büdcə müzakirələri zamanı gündəmə gətirmək olmaz. Büdcə hazırlıqları ərəfəsində Mətbuat Şurasından bir heyət Maliyyə Nazirliyi ilə görüş keçirə bilər. Həmçinin, metro ərazisində satış nöqtələrinin bərpası ilə bağlı Bakı meri Eldar Əzizovla görüş təşkil oluna bilər. Reklam mövzusunda isə Sahibkarlar Konfederasiyası, iri şirkətlərlə görüşmək olar. Yəni, bunlar kompleks yanaşılmalı məsələlərdir. Media, xüsusilə, çap mediası bu işin təşəbbüskarı, təşkilatçısı olsa, hörmətli Əflatun müəllimin qaldırdığı məsələ daha tez həll oluna bilər”.