"Qəzetlərin rahat işləməsi üçün şərait yaradılmalıdır" - Elçin Şıxlı

Bahəddin Həzi: "Dövlət dəstəyi prinsiplərinə yenidən baxılmalıdır. Əgər belə bir dəstək olacaqsa, ənənəsi və ictimai rəyə təsiri olan media orqanları kənarda qala bilməz"



 Son aylar Azərbaycanda struktur, kadr, sosial və digər sahələrlə bağlı başladılan islahatlar media cameəsində də  yüksək ovqat, ümid yaradıb. Artıq media əhli bu islahatlardan yola çıxaraq dəyişikliklərin mətbuatdan yan keçməyəcəyinə dair iddialar irəli sürürlər.

Ən başlıcası odur ki, zamanında ictimai rəyə təsir  edən, rəy formlaşdıran  fəaliyyəti dayanmış bəzi qəzetlərin yenidən bərpası müzakirə predimetidir. Bundan başqa, bir sıra oxunaqlı, yaradıcı  qəzetin sonuncu kateqoriyaya salınması ətrafında da fikir mübadiləsi aparılır. İndiki islahatlar dönəmində həmin qəzetlərin fəaliyyətlərini bərpa etməsinə, oxunaqlı qəzetlərin dövrülüyünü artıracağına dair ziyalıların və oxucların çağırışlarına rast gəlirik. 

“Şərq”qəzeti bu çağırışları nəzərə alaraq, fəaliyyəti dayanmış “Ayna” – “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlının fikirlərini öyrənib. Baş yazar məsələni bu cür izah edib:



“Ayna”- “Zerkalo”nun və  digər fəaliyyəti məhdudlaşmış qəzetlərin  özü-özünü dolandırması və inkişafı ilə bağlı xeyli işlər görülməlidir.
Ən azından yayım sistemi bərpa olunmalıdır, daha sonra reklamla bağlı ciddi işlər görülməlidir. Bu gün desələr ki, “Ayna”-“Zerkalo”nun fəaliyyətini bərpa edin. Mən onu eləmərəm. Nəyə görə? Qəzetlərin rahat işləməsi üçün şərait  yoxdur. O şəraiti yenidən yaratmalıyıq. Yaradandan sonra  bu  barədə danışmaq olar. İnsanları güdaza verməyin heç bir mənası yoxdur. Əsas məsələ həmin şəraiti yaratmaqdır. Ondan sonra istər-istəməz həm oxucunun tələb və istəyinə görə, həm də zamanın tələbinə görə, proseslər gedəcək. Ən başlıcası odur ki, şərait yaradılsın. Bunun üçün də xeyli iş görülməlidir. Medianı elə darmadağın ediblər ki, onu bir çəpik vurmaq, çırtma çalmaqla düzəltmək olmaz. Ciddi işlər görmək lazımdır və bu da xeyli zaman aparacaq”.

“Bizimyol” qəzetinin baş redaktoru Bahəddin Həzi də qeyd edib ki, son dövrlər ölkədə dəyişikliklər var. İstər struktur dəyişiklikəri, istrəsə də kadr dəyişiklikləri:



“Ancaq bunlar o zaman islahat sayılar ki, köklü, prinsipial dəyişiklik olsun. Yəni, ölkə həyatının islahata ehtiyacı olan sahələrdə (yəni indiki halda hər sahədə) əvvəlki effektsiz yanaşmalardan imtina olunmalıdır. Mediaya gəlincə, burada da böyük açılım ola bilər. Medianın iqtisadi varlığı əsasən iki məsələnin üzərindədir: birinci,  öz qazancı, ikincisi, dövlət dəstəyi. Öz qazancı ilə yaşayan media orqanı Azərbaycanda yoxdur. Bunu bir-iki ayın içində təmin etmək də mümkün deyil. Dövlət dəstəyi varsa, bunun özünə də yanaşma dəyişməlidir. Elektron media seqmentinə dəstək məsələsinə baxıla bilər. Hətta keçid dövründə başqa elektron media ilə yanaşı qəzetlərin elektron versiyası nəzərə alına bilər.  Özünüz təsəvvür edin: gündəlik  5 min nüsxə çap olunan qəzet daha kütləvi informasiya vasitəsidir, yoxsa gündəlik 50 min, 100 min, 200 min izləyici olan xəbər saytı?! Əlbəttə, xəbər saytı. Ona görə də burada əsas prinsip yayılan mesajların nə qədər çox oxucuya, izləyiciyə çatması olmalıdır. Məsələn, "Bizim Yol" olaraq əvvəllər dövlət dəstəyi alarkən onu həm də elektron media seqmentində və sosial şəbəkə saytlarında güclənməyə sərf etdik; qəzetin əməkdaşlarının sayta da işləməsini təmin edə bildik. Az resursla əslində çox böyük iş görmüş olduq. Elektron media seqmentini inkişaf etdirmək əslində bizim KİVDF-yə müsabiqə üçün müraciətlərimizdə də göstərilirdi. Yəni, biz əslində aldığımız vəsaiti havaya sovurmadıq, ölkədə ictimai rəyə təsir göstərən böyük elektron media quruluşunun yaranmasına sərf etdik. Bəli, biz qəzet olaraq fəaliyyətimizi dayandırmaq məcburiyyətində qaldıq; son müsabiqələrdə biz iştirak etsək də, kənarda qaldıq, sonrakında iştirakımız mümkün olmadı. "Bizim Yol" dövlət dəstəyindən kənarda qaldı. Ancaq inzibati yolla, "yuxarı"dan göstəriş və ya sifarişlə büdcə təşkilatlarında kütləvi abunə yazdırılan (adamların iradəsi əleyhinə olaraq abunə olunan) qəzetlər böyük tiraj və abunə  "göstəriciləri"ni əsas gətirərək yenə də dövlət vəsaitindən pay aldılar. Üstəlik, saytlarına və ya sosial media kanallarına baxsaq, çoxu reytinq də toplaya bilməyib.  Bizim isə cəmiyyətdə öz auditoriyamız vardı və yenə də var. Düşünürəm ki, ümumiyyətlə, dövlət də dəstəyinin prinsiplərinə yenidən baxılmalıdır. Əgər belə bir dəstək olacaqsa, ənənəsi və ictimai rəyə təsiri olan media orqanları kənarda qala bilməz. O cümlədən, “Bizim Yol”. Ancaq bütövlükdə mediaya azadlıq vermək lazımdır. Bununla bağlı daha detallı təkliflərim və layihəm də var”.