Tanınmış rəssam Həmid Qasımov linoqraviyur əsərini “Şərq” qəzetinin redaksiyasında yerləşən Mətbuat Tarixi Muzeyinə hədiyyə edib. Qraviyura üzərində işlənən əsər Azərbaycanın böyük ədibi Cəlil Məmmədquluzadənin portretidir.
Rəssam deyib ki, Mirzə Cəlil nənəsinin yaxın qohumudur:
“Mən uşaq olanda Mirzə Cəlilin qızı Münəvvər xanım bizə gəlirdi, nənəmlə söhbətləşirdilər. Sonradan mən gənclik illərimdə bildim ki, mənim qohumum olan Mirzə Cəlil çox böyük şəxsiyyətdir. Linoqraviyur üsulda Mirzə Cəlilin portretini çəkdim. Bunu qraviura üzərində, xüsusi bıçaqla kəsmə yoluyla işləmişəm. Muzeyə hədiyyə verdiyim bu, əsərin 50 illik tarixi var. Əsəri hələ 1967-ci ildə çəkmişəm”.
Əsəri haqqında qısa məlumat verən rəssam sonra Mirzə Cəlilin portretini “Şərq” qəzetinin baş redaktoru, muzeyin yaradıcısı Akif Aşırlıya təqdim etdi.
Qeyd edək ki, Həmid Qasımov uzun illər “Azərbaycan” Nəşriyyatında çalışıb, mərhum Xalq şairi Məmməd Arazın “Azərbaycan təbiəti” jurnalında baş redaktoru olduğu dönəmdə nəşrin məsul katibi vəzifəsində çalışıb.