Efirlərdə qanunun tələbləri pozulur: Uşaqları zərərli informasiyadan qorumaq üçün...



Təkcə tv-lərdə deyil, ictimai iaşə obyektlərində, hər yerdə qanunun tələblərinə riayət olunmasına çalışmalıyıq



Milli Televiziya və Radio Şurasının bu günlərdə keçirilmiş növbəti iclasında “Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanununun qəbul olunması ilə əlaqədar "Televiziya və radio yayımı haqqında" qanunda edilən dəyişikliklər müzakirə olunub. "Televiziya və radio yayımı haqqında" qanunun 33-cü maddəsində edilən son dəyişikliyə əsasən, Milli Televiziya və Radio Şurasının 10 aprel 2015-ci ildə qəbul etdiyi "Yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar" hüquqi qüvvəsini itirdiyindən şuranın qərarı ilə ləğv olunub. 

Qeyd edək ki, bir müddət əvvəl Milli Məclisdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik təklif edilmişdi. Sənədə yeni 13-2.6-cı bənd əlavə olunurdu ki, bu da internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətni əks olunmasını ehtiva edirdi. 

Qanun layihəsinə dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilərək, plenar iclasa tövsiyə olunmuşdu. 
Daha sonra Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliyə baxılıb və qəbul edilmişdi. Bu səbəbdən də əvvəlki qanun qüvvəsini artıq itirmiş hesab edilir. Bəs yeni qaydalar uşaqların zərərli informasiyalardan, kiriminal xarakterli, zorakılıq elementləri daşıyan audio-video materiallar, eləcə də tv-proqramlar və verilişlərdən qorumaq üçün yetərlidirmi? 

Qanunlar həmişə yaxşıdır, amma...

   
"Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanunu mövcuddur. Qanun Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanuna sözügedən dəyişikliyə görə, Məcəlləyə yeni 388 – 2 (Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması) maddəsi əlavə edilib. Bundan sonra uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına, İnformasiya məhsulunun qanunda nəzərdə tutulan qaydada yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən, o cümlədən müəyyən edilən hallar istisna olmaqla informasiya məhsulunu müvafiq yaş kateqoriyasına uyğun işarələmədən ölkə ərazisində yayılmasına, İnformasiya məhsulunun yayımçıları tərəfindən televiziya yayımı, kino və video xidmətlərinin göstərilməsi zamanı, hər bir informasiya məhsulunun nümayişindən əvvəl xüsusi kadrda (səhifədə) informasiya məhsulunun yaş kateqoriyasına uyğun işarəsinin və yaş məhdudiyyəti barədə, o cümlədən internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlığa dair mətnin yerləşdirilməsi vacibdir. Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə cəzalar da müəyyən edilib. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət və sağlamlaşdırma müəssisələrində yayılmasına görə isə fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə ediləcəklər.
Qanunlar, göründüyü kimi, uşaqların hər cür zərərli informasiyalardan qorunmasına kifayət qədər hüquqi əsas verir. Bəs icra məsələsi? “Qanun var, amma əməl edən yoxdur” sözlərini nə qədər eşidəcəyik?   



Yayım qaydalarına məhəl qoyulmur 


Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva qanuna dəyişikliyi alqışlayır. Lakin televiziyaların qanunun tələblərinə əməl etmədiyini, yayım məsələlərində, efirlərdə uşaq hüquqlarının kobud şəkildə pozulduğunu da deyir: 

- Məcəlləyə dəyişiklik, əlbəttə müsbətdir. Qeyd olunur ki, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhədindən 150 metrdən az olan məsafədə yayılmasına görə fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə ediləcək. Məncə bu, müsbət haldır. Və uşaqlar arasında zərərli informasiyaların yayılmasının qarşısını alacaq. Ancaq, təəssüf ki, indiyədək biz televiziyalarda yayım zamanı yaş kateqoriyası qeyd edilən filmlərə, proqramlara rast gəlmirik. 

Qanun layihəsinin 5-ci maddəsinə əsasən, uşaqlar üçün nəzərdə tutulmuş informasiya məhsullarının yaş təsnifatı aparılır. Təsnifat belədir ki, "universal" — istənilən yaş qrupları üzrə dövriyyəsinə məhdudiyyət qoyulmayan, "6 yaşadək" altı yaşı tamam olmamış uşaqlar arasında dövriyyəsinə yol verilən, "6 yaşdan yuxarı" — altı yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilən, "12 yaşdan yuxarı" — on iki yaşı tamam olmuş uşaqlar arasında, "16 yaşdan yuxarı" — on altı yaşı tamam olmuş uşaqlar arasında və "18 yaş və üstü”, yəni, 18 yaş və daha artıq yaş dövrü uşaqlar arasında dövriyyəsinə yol verilən informasiya, proqram, tv-filmlər və sairə. Layihədə qeyd olunur ki, informasiya məhsulunun yayıcısı həmin məhsulun müstəqil şəkildə və ya ekspertin iştirakı ilə yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən ölkə ərazisində yaya bilməz. Qanun layihəsinin 7-ci maddəsində informasiya məhsulunun necə işarələnməsi əksini tapıb. Bu maddəyə əsasən, məhsulun üzərində müvafiq yaş həddi çevrədə göstərilməlidir. Amma buna tv-lərdə əməl olunurmu? Bir-iki fakt istisna olmaqla, əksərən qanun pozuntularına şahidlik edirik. Bu isə o deməkdir ki, uşaqların zərərli informasiyalar, onların yaş kateqoriyasına uyğun gəlməyən filmləri, proqamları sərbəst izləmə imkanı var. Uşaqlar yaş kateqoriyalarına uyğun gəlməyən, qanunun qadağan etdiyi materialları hər hansı məhdudiyyətsiz izləyə bilirlər. Bunun qarşısı mütləq alınmalıdır. 

Qanunun tələbləri təkcə tv-lərdə pozulmur 


K.Ağazadə qeyd etdi ki, zərərli informasiyaların uşaqlara çatmasının qarşısını almaq istəyiriksə, təkcə tv-lərdə deyil, ictimai iaşə obyektlərində, hər yerdə qanunun tələblərinə riayət olunmasına çalışmalıyıq:

- Paytaxtda kafe və çayxanaların reklamında da uşaqlar üçün təhlükə daşıyan elanlara yol verilməməlidir. Kafelərə, çayxanalara elan yazırlar ki, çay+qəlyan. Bu nə deməkdir? Bunu azyaşlılar da görür, yeniyetmələr də, bu cür çağırışlar uşaqları cəlb edir. Beləliklə də onlar zərərli təsir altına düşürlər. Söhbət uşaqlarımızın gələcəyindən gedir. İnternet informasiya ehtiyatlarında da informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq işarəsi mütləq olmalıdır. Bu, uşaqları zərərli vərdişlərin əks olunduğu video-materiallardan, açıq-saçıq materiallardan, uşaqların yaş həddinə uyğun gəlməyən təhlükəli paylaşımlardan qoruyar. Bunları nəzərə alaraq İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyi alqışlayıram. Lakin cəzalar valideynlərin məsuliyyətini azaltmır. Cəzaların tətbiqi ilə iş bitmir. Ən əsas nəzarəti məhz evdə valideynlər həyata keçirməlidir. Təhsil Nazirliyinin belə bir layihəsi olub. İnternet resurslarından filtrli istifadə. Bu proqram sayəsində zərərli, zorakılıq, qəddarlıq elementləri daşıyan informasiyalar, video-çarxlara giriş qapalı olur. Bu proqrama qoşulmaq çətin iş deyil. Sadəcə, valideynlər bir qədər məsuliyyətli olmalı, uşaqlarının gələcəyini düşünməlidir. Hesab edirəm ki, bu məsələdə valideyn nəzarəti əsas şərtlərdən biridir.        
Uşaqları qorumaq təkcə, yıxılmaları, xəstələnmələrinin qarşısını almaq, həmçinin təhsillə təmin etmək, dərslərinə lazımi qaydada çalışmalarını təmin etmək deyil. Həyatın ən böyük probleminə çevrilmiş zərərli informasiyalardan da qorumaqdır. 
Təəssüf ki, günümüzün uşaqları, yeniyetmələri, gəncləri ilə bağlı bu vacib işin gərəkən səviyyədə olduğunu deyə bilmirik. Ətrafımızda əlində mobil telefon, planşet gəzən, evdə kompüter qarşısında əyləşməkdən yorulmayan, noutbukdan, ya da smartfondan gözünü ayırmayan uşaqlar nə qədər desəniz var.  
Uşaqlarımız “mavi balinalar”ın, qəddarlıq aşılayan kompüter oyunlarının, zərərli vərdişlərin ovuna belə çevrilir. İtirilən gəncliyi isə geri qaytarmaq mümkün deyil. 

Faciəli həyat hekayələri tv-lərin “bəzəyi”dir


Birlik sədri tv-proqramlarda uşaq hüquqlarının kobud şəkildə pozulduğunu xatırlatdı: 

- Hamı uşaq hüquqlarından danışır, amma hər addımda da uşaqların hüquqları pozulur. Əksər telekanallar uşaq hüquqlarını, uşaqların ruhi-psixoloji durumuna məhəl qoymadan üstünlüyü tv-proqramın nə qədər izləyici toplayacağına verir. Bir oğlan uşağını, yaxud balaca qızcığazı çıxarırlar efirə, anasını-atasını “axtarırlar”.  Bir də görürsən, ana-ata tapıldı, uşaq başlayır ağlamağa, studiyada elə hallar baş verir ki, bunlar hamısı uşaq psixologiyasını dərindən sarsıda biləcək hallardır.  Ancaq bütün bu hadisələr uşaqların gözü qarşısında cərəyan edir. Özəl telekanalların hamısında demək olar, eyni vəziyyətdir. Faciəli həyat hekayələri tv-lərin “bəzəyi”nə çevrilib. Görünən budur; telekanallardakı aparıcılar telejurnalistikanı bir kənara qoyub, hakim, prokuror, istintaq orqanı əməkdaşı funksiyasını üstləniblər. Heç kim proqram iştirakçısını alçaltmaq hüququna malik deyil. Üstəlik də söhbət uşaqlardan gedirsə. Yəni, proqramın iştirakçıları arasında uşaqlar, yeniyetmələr varsa, məsələyə daha da ciddi yanaşılmalıdır. Çünki uşaqlar xüsusilə toxunulmazdır. 2020-ci il yanvarın 1-dən etibarən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun qüvvəyə minib. Hesab edirəm ki, telekanallar qanuna əməl etməli, qanuna saymaz yanaşanlarsa, qanuna müvafiq cəzalanmalıdır.