Aqşin Babayev sıralarımızı tərk etdi - Əlvida!!!   

Dünya bir qara qəpiyə dəyməz

Obyektiv, dürüst və ciddi, öz ölçüləri olan insan idi


"Bu gün saat 10-43-də Allahımın hüzuruna qovuşdum. Artıq ağrı hiss etmirəm. Əlvida". Dünən səhər saatlarında sosial şəbəkəyə daxil olar-olmaz Əməkdar jurnalist, yazıçı-dramaturq Aqşin Babayevin feysbuk səhifəsində rastlaşdığımız bu status məyusluqdan əlavə bizi təəccübləndirdi. Axı necə ola bilər!? Aqşin müəllim, vəfat edib? Bəs, bu statusu nə vaxt yazıb? Sonradan məlum oldu ki, postun müəllifi əməkdar jurnalistin oğlu Gündüz Babayevdir:

"Mərhumun ailəsi xahiş edir ki, hamı karantin rejiminə riayət etsin və başsağlığını rabitə vasitələri ilə versin. Dəfn mərasiminə də gəlməyin. Heç kimin dövlətin qanununu pozmasını və buna görə zərər çəkməsini istəmirik". 

Sosial şəbəkədə atasının fotosunu paylaşan G. Babayev başsağlıqlarını  da həmin posta yazılan rəylərdə qəbul edib.  

Qeyd edək ki, A.Babayev 1936-cı ildə anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə tələbəykən respublika radiosunda başlayıb. Türkiyə, ərəb ölkələrinə, İrana və Cənubi Azərbaycana verilişlər hazırlayan redaksiyaların baş redaktoru təyin edilib. Əsas işindən ayrılmadan 10 il (1969-1979) ingilis, fransız, alman və ispan dillərində çap olunan "Moskou nyus" qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub. Azərbaycanın ictimai həyatı, mədəniyyəti, incəsənəti haqqında həmin qəzetin səhifələrində yazılar dərc etdirib.

Ü.Hacıbəyov, F.Əmirov, Q.Qarayev, Niyazi, T.Salahov kimi sənətkarları xarici ölkə oxucularına tanıtdırıb. 1959-cu ildən 1991-ci ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb, 15 il (1976-cı ildən) Azərbaycan radiosu və xarici verilişlər üzrə sədr müavini olub. 1972-1975-ci illərdə Türkiyədə işləyib.

1991-2006-cı illərdə Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat katibi vəzifəsində çalışıb. A.Babayevin ilk hekayəsi 1958-ci ildə "Oktyabr işıqları" almanaxında çap olunub. 1964-cü ildə onun "Cazibəli üfüqlər" adlı ilk hekayələr kitabı çapdan çıxıb.

A.Babayevin elmi əsərləri Moskvada, Ankarada, Tbilisidə çap olunub. "Nazim Hikmətin yaşamı" adlı kitabı 1989-cu ildə Almaniyada işıq üzü görüb. "Türk ədəbiyyatı müntəxəbatı", "Türk dramaturgiyası", "Cümhuriyyət dövrü türk ədəbiyyatında sosial motivlər", "Azərbaycan və türk dünyası" kitabları bu gün də dəyərli dərs vəsaitidir. Türkiyədəki Nazim Hikmət vəqfinin Məsləhət Şurasının fəxri üzvüdür.

A.Babayev 1970-ci ildə "Əmək rəşadətinə görə" medalı ilə təltif edilib, 1987-ci ildə "Əməkdar jurnalist" fəxri adına, 2004-cü ildə II dərəcəli Dövlət müşaviri rütbəsinə layiq görülüb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov  da şəxsi səhifəsində Aqşin müəllimlə bağlı xatirələrini yazıb və Allahdan ona rəhmət diləyib: "1991-ci il idi. AzərTAC-da işləyirdim. O, Milli Məclisin mətbuat xidmətinin rəhbəri idi. Parlamentə akkreditasiya olunmuş müxbirlər gözəl bilirlər ki, tədbirlərin vaxtını bir saat öncəyə çəkərək xəbər verirdi. Jurnalistlər də bunu bilirdilər və bir qayda olaraq deyilən vaxtda gəlmir, gecikirdirlər. Bu, adət halını almışdı. Bir dəfə o bizi yenə bir tədbirə çağırdı.

Mən və digər həmkarlarım parlamentə çatanda qonaqlarla və digər vəzifəli şəxslərlə binanın pilləkənlərində rastlaşdıq. Sən demə, bu dəfə tədbirin vaxtını düz deyibmiş. Bu hadisəni hər dəfə yada salıb, gülərdik. Danışdığım bu xatirə Azərbaycanın dəyərli ziyalısı, böyük jurnalist, yazıçı, dəyərli publisist və dramaturq Aqşin Babayev haqqındadır.

Onun haqq dünyasına qovuşmasının üzüntüsünü yaşayarkən bu yumoristik hadisəni xatırlayaraq azacıq təskinlik tapdım. Düşünürəm ki, Aqşin müəllimin ruhu şad oldu. Onun ailəsinə, doğmalarına, əzizlərinə, saysız-hesabsız dostlarına dərin hüznlə başsağlığı verir, üzüntülərini, acılarını bölüşürəm.

Aqşin Babayevin aramızdan getməsi həqiqətən də böyük itkidir. O, jurnalistikamızın Azərbaycanın ictimai mühitinə, yaradıcılıq elitasına bəxş etdiyi nəciblik, alicənablıq, kübarlıq simvolu idi. Özünün həyat yolu ilə bu mühiti zənginləşdirmiş, söz sənətinə fərqli çalarlar gətirmiş simadır, yüksək həssaslıq, qayğıkeşlik, səmimilik nümunəsidir. O, jurnalistika sahəsində fəaliyyətin diapazonunun həddən artıq genişliyini özünün yorulmazlığı, zəhmətsevərliyi ilə təsdiqləmiş obrazdır.

Bir ömrə sığmayacaq xəzinə yaratmış obraz. Aqşin müəllim mənim üçün həm də yaradıcılıqla idarəçiliyin sintezini yaratmanın misilsiz örnəyidir. Aqşin Babayevlə bağlı keçmişdə danışmaq ağırdır. Amma nə etmək olar, həyatın qanunları qarşısında boynumuz qıldan incədir. Uca Tanrıdan Aqşin müəllimə rəhmət diləyirəm. Qəbri nurla dolsun, məkanı cənnət olsun!". 

Aqşin Babayevlə bağlı xatirələrini bölüşən Bakı Dövlət Universitetinin professoru, telejurnalist Qulu Məhərrəmli onunla uzun müddət Azərbaycan radiosunda bir yerdə işlədiyini qeyd edib: “Çox gözəl alim, yazıçı, jurnalist idi. Nazim Hikməti dərindən araşdırıb. Radionun xarici verilişlər qolunun inkişafında Aqşin Babayevin böyük rolu var. Gözəl tamaşalar müəllifi idi. 1990-cı illərin ortalarında yaxşı tamaşaları efirə gedirdi. Tamaşaçılardan böyük rəğbət toplaya bilmişdi. Yaxşı yazıçı idi, maraqlı, şirin hekayələri var. Uzun illər biz onunla Ali Attestasiya Komissiyasında ekspert qrupunda bir yerdə olmuşuq. Obyektiv, dürüst və ciddi, öz ölçüləri olan insan idi. Aqşin Babayev fərqli idi. Hesab edirəm ki, mədəniyyətimizdə, jurnalistikamızda, bədii düşüncəmizdə öz yeri olan şəxs idi. Uzun müddətdir müalicə olunurdu. Əlaqələrimiz var idi, danışırdıq. Xəstəliyi ilə bağlı dostlardan mütəmadi məlumat alırdım. Aqşin Babayevin dünyasını dəyişdiyini eşidəndə çox təəssüfləndim”.

Yazıçı  Kənan Hacı:

Söz tapmaqda acizəm... Ağsaqqal dostumu, hər zaman yanımda olan, uğurlarıma ürəkdən sevinən böyük insanı itirdim... Dünya bir qara qəpiyə dəyməz. Bu fani ömürdən qalan nədi ki?! Qalan Sözdür! Ruhun şad olsun, Ustad!