"Təhqirlərə artıq dözə bilmirəm..."

Başqasının adına saxta profil açanlar dərhal həbs olunmalıdır

Əgər həmin şəxs xarici ölkədədirsə İnterpolun axtarışına verilməlidir


Sosial şəbəkələrdə jurnalist İradə Cəlilin adına tanışlıq adı altında saxta səhifələr açılıb. 
Jurnalistin verdiyi məlumata görə,  onun adından açılan səhifədə 30-40 yaşlarında əks-cinsin nümayəndələri ilə tanış olduğu barədə məlumatlar yerləşdirilib. Hətta səhifədə tanış olmaq istəyən kişilərə jurnalistlə əlaqə saxlamaq üçün vatsap əlaqə nömrəsi belə yerləşdirilib. 

Şantaj olunan  jurnalistin dediyinə görə, indiyədək  adına vətən xaini olduğunu, casusluq etdiyini əks etdirən müxtəlif səhifələr açılıb.
Şərəf və ləyaqətini alçaldan, peşə fəaliyyətinə xələl gətirən səhifələrin açılması ilə bağlı dəfələrlə prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Dövlət Təhlükəsizlik Xidmətinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə müraciət etməsinə baxmayaraq bu səhifələri açan şəxs və şəxslər tapılaraq hüquqi baxımdan barələrində ölçü götürülməyib: 

"Bu mənə və ailəmə edilən təhqirdir! Artıq şəxsiyyətimə qarşı edilən bu əxlaqsızlıqlara dözə bilmirəm! Ümidim yenə də möhtərəm prezidentimiz İlham Əliyevə və Azərbaycan vətəndaşlarının, qadınlarının arxa-dayağı olan Mehriban xanım Əliyevayadır. Ümid edirəm ki, Birinci vitse-prezidentin müdaxiləsindən sonra hüquq-mühafizə orqanları məsələyə ciddi yanaşacaqlar”. 

Qeyd edək ki, ötən gün DİN tərəfindən yayılan  məlumatda  feysbuk sosial şəbəkəsində Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun adına naməlum şəxslər tərəfindən saxta səhifə açılaraq orada təhrif olunmuş yanlış informasiyaların yerləşdirilməsi öz əksini tapmışdı:

“Məlumat üçün bildiririk ki, Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə rəsmi səhifələri mövcuddur və bundan başqa Nazirliyin ümumiyyətlə heç bir əməkdaşının sosial şəbəkələrdə səhifəsi yoxdur".

Saxta profillərlə bağlı şikayətlərin çoxalması ilə bağlı "Şərq"ə  açıqlama verən hüquqşünas Ələsgər Məmmədli hər bir sosial platformanın özündə  daxili tənzimləmə mexanizmi  olduğunu deyib. Onun sözlərinə görə, adına saxta profil açılan şəxsin şikayəti əsasında  daxili tənzimləmə qaydalarına uyğun araşdırma aparılır və həmin profil silinir:

"Öz təcrübəmdə bunun şahidi olmuşam. Kiminsə adına səhifə açmaq yalnız o zaman cinayət xarakteri daşıyır ki, həmin addan istifadə edərək kimsə təhqir edilsin, şərəf və ləyaqəti alçaldılsın. Bu zaman həmin şəxs Cinayət Məcəlləsinin 148-1 maddəsinə görə məsuliyyətə cəlb olunur.

Bunun üçün də cinayətə məruz qalan tərəf  Baş Prokurorluğa müraciət etməli və həmin şəxsin müəyyənləşdirilməsi ilə bağlı cinayət işi açılmalıdır. Əgər həmin  saxta profil ilə başqasının şərəf və ləyaqətini alçaldan şəxsin ölkə ərazisində olduğu aşkarlanarsa birmənalı həbs edilir. Xarici ölkədə olduqda isə İnterpolun axtarışına verib həmin ölkədən  həbsini tələb edirlər". 


Konkret olaraq İradə Cəlilin məsələsinə gəldikdə isə Ə.Məmmədli onu deyib ki, həmkarımızın şikayətindən də göründüyü kimi burada artıq şəxsə zərər vermə maddəsi ilə saxta profil açan şəxs cinayət məsuliyyətinə cəlb edilməlidir. 

Sosial şəbəkələrdə saxta profillər açaraq insanların şərəf və ləyaqətinə xələl gətirən paylaşımların edilməsini ədəbsizlik və mədəniyyətsizlik kimi dəyərləndirən sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, saxta səhifələri kimlərin açdığını müəyyən etmək və onlara qarşı da mübarizə aparmaq lazımdır. Onların müxtəlif dərəcələrdə müəyyən məsuliyyətə cəlb olunması çox məqsədəuyğundur.

Çünki bu adamlar həmin saxta profilləri və səhifələri məqsədyönlü açırlar,  öz xarakterləri etibarilə neqativ davranışların tərəfdarı olanlardır. Həmin şəxslərə qarşı ictimai qınaq mexanizminin bir fayda verəcəyini düşünmürəm. Bu məsələlərdə daha çox rol oynayan inzibati metodlardır. 

Saxta səhifə və profil açanların heç birinin  bunu xoş niyyətlə etmədiyini vurğulayan sosioloq deyib ki, inzibati tədbirlərlə yanaşı maarifləndirmə işlərinin aparılmasına ehtiyac var:

“Orta məktəblərdə və digər tədris müəssisələrində maarifləndirmə tədbirləri aparılmalıdır. Çalışmalıyıq ki, ölkəmizdə internetdən istifadə mədəniyyəti yüksək səviyyədə olsun.

Mədəniyyət də o deməkdir ki, burda insanlar istər danışığı, istər davranışı ilə, istərsə də bu cür hərəkətləri ilə ölkədə, başqalarının həyatında gərginliyə yox, daha çox xoş əhval-ruhiyyə yaradırlar. Sosial şəbəkələrdə saxta profil və səhifə açaraq gərginlik yaradan insanlar xoşagəlməyən hərəkətlərlə məşğul olduqlarını başa düşməlidirlər.

Anlamalıdırlar ki, bu bir bacarıq, qabiliyyət deyil. Bu, sadəcə olaraq neqativ və arzu olunmayan hərəkətdir”.