Aynur Camalqızı: "Səfərbərlik Xidmətinin qarşısında sıraya düzülən gənclərimiz öz mübarizəsini sosial şəbəkələrdə də aparmalıdır"
Azərbaycan Ordusu işğalçı Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi pozmaqla törətdiyi təxribatın qarşısını qətiyyətlə aldı. Təcavüzkar Ermənistan bu təxribatla əldə etmək istədiyi hədəflərin heç birinə çata bilmədi. Bununla yanaşı, baş verən hadisələrin fonunda Azərbaycan xalqı öz Prezidentinə, Ali Baş Komandanına və milli ordusuna böyük inam və etimadını, dəstəyini qətiyyətlə nümayiş etdirdi.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 50 min 500-ə yaxın vətəndaş bugünədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada, həmçinin Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək haqqında könüllü olaraq arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıb. Azərbaycan Silahlı Qüvvələrinə könüllü xidmətə getmək istəyənlər sırasında xanımlar da var.
Dövlət sərhədinin Tovuz istiqamətində baş verən düşmən təxribatı və onun fonunda yaşanan hadisələrlə bağlı "Şərq"ə danışan "Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızının fikrincə, sərhəddə gedən döyüşlər dövlətimizin, ordumuzun güc göstərisi, bizim şanlı hərbi qələbəmizdir:
"Düşmənin xain təxribatı nəticəsində general Polad Həşimovla birlikdə ordumuzun bir neçə hərbi qulluqçuları şəhid oldu. İtkilərimizə hər nə qədər üzülsək də, onların adları əbədi olaraq Azərbaycanın ən yeni tarixinə və xalqın qəlbinə yazıldı.
Düşmənlə sərhəddə döyüşən əsgərlərimizə dəstək məqsədi ilə minlərlə gəncin küçələrə axın etməsi xalqımızın öz ordusuna, şəhidinə olan sevgisindən qaynaqlanırdı. İnsanların illər sonra ilk dəfə bu qədər yüksək həmrəylik nümayiş etdirdiyinin şahidi olduq. On minlərlə Azərbaycan gəncinin əlində Azərbaycanın üçrəngli dövlət bayrağı, dilində "ya Qarabağ, ya ölüm" şüarı ilə birlik nümayiş etdirib paytaxt küçələrində yürüş etməsi həm düşmənə, həm də bütün dünya ictimaiyyətinə mühüm bir mesaj kimi dəyərləndirilməlidir.
Bu həmrəylik nümayişi beynəlxalq aləmə sübut etdi ki, Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə barışmayacaq. Xalq olaraq dünyaya göstərdik ki, işğal altında olan torpaqlarımızın bir qarışını belə güzəştə getməyəcəyik. Ərazi bütövlüyümüzün bərpası üçün Azərbaycanın mərd, igid oğulları döyüşməyə, vətənin azadlığı uğrunda şəhid olmağa hazırdır. Aksiya zamanı yaşanan xoşagəlməz situasiyaya rəğmən bu yürüş insanlarımızın dövlətin yanında olmasını və Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını bir daha gözlər önünə sərdi".
A.Camalqızı həmçinin orduya dəstək aksiyasının davamı olaraq ölkə Prezidentinin çağırışına qoşulan gənclərin könüllü olaraq orduda xidmət etmək və mənfur düşmənə qarşı döyüşlərə qatılmaq üçün atdıqları bu addım yüksək qiymətləndirib:
"İyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən Prezident İlham Əliyev cəmiyyətin nəbzini öyrənmək üçün Azərbaycanın döyüş qabiliyyətli insanlarına çağırış xarakterli bir mesaj ünvanlamışdı.
Bildiyim qədəri ilə ölkə başçısının bu çağırışından sonra orduya könüllü getmək istəyənlərin sayı 50 min çatıb və bu şəxslər arasında xeyli sayda qadınlarımız da var. Təbii ki, bütün bunlar bizim üçün qürurvericidir. Ərazi bütövlüyümüzün bərpası üçün qadınlı-kişili hər bir fərdin düşmənlə savaşmağa hazır olması bir daha göstərdi ki, xalqımız mübarizə əzmindədir və Ali Baş Komandanın əmrini gözləyirlər".
Gənclərin aksiya xarakterli bu təşəbbüsünün təqdirəlayiq olduğunu vurğulayan baş redaktor hesab edir ki, dünya lazım olan mesajı aldı: "Amma biz bununla kifayətlənməməliyik. Virtual platformada da informasiya müharibəsini davam etdirməliyik.
Düşmən tərəfi sosial şəbəkələrdə informasiya təxribatları ilə məşğuldur və bəzi gənclərimiz bu təxribatların təsiri altına düşüb ordumuzun uğursuzluğu, ermənilərin hansısa yüksəklikləri ələ keçirməsindən yazırlar.
Onların bu addımı bilərəkdən, yoxsa şüursuzluqdan atdığını bilmirəm, amma şəxsən belə gənclərimizin varlığı məndə təəssüf doğurur. Hesab edirəm ki, könüllü olaraq orduya yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qarşısında sıraya düzülən gənclərimiz öz mübarizəsini sosial şəbəkələrdə ermənilərin maraqlarına xidmət edən qruplarla aparmalı, ölkəmizin əleyhinə olan məlumatların düşmən tərəfinə ötürülməsinə hər vəchlə mane olmalıdırlar.
Bugünkü şəraitdə Azərbaycan vətəndaşlarının qarşısında duran əsas vəzifə budur. Ön cəbhədə onsuz da qəhrəman hərbçilərimiz döyüşüb düşmənə layiqli cavablarını verir. Bizə düşən arxa cəbhədə informasiya təhlükəsizliyimizi düzgün idarə etməkdir".