MEDİA 1 yaşında! – Yeni pəncərələr açılır...



Qulu Məhərrəmli:“...MEDİA-nın gələcək inkişafını yüksək qiymətləndirəcəyik”

Ceyhun Musaoğlu:“Agentliyin kollektivi içimizdən çıxan insanlar olduğuna görə haranın "ağrıdığını” bilirlər”

2021-ci il yanvarın 12-də Prezident İlham Əliyev Medianın İnkişafı Agentliyi yaradılması barədə fərman imzalayıb. Media sahəsində islahalatların genişlənməsi istiqamətində Medianın İnkişafı Agentliyi (MEDİA) 1 il öncə fəaliyyətə başlayıb.
MEDİA ötən bir il müddətində müxtəlif işlər gördü. Yeni müsabiqələrin təşkili, silsilə seminarlar keçirməsi, qlobal şirkətlərlə ikitərəfli əlaqələrin qurulması Azərbaycan mediasında yeni inkişaf mərhələsinin təzahürür idi. Agentliyin təşəbbüsü ilə jurnalistlərin treninqlərdə iştirak etməsinə şərait yaradıldı.

Təlimlərə müxtəlif media subyektlərinin nümayəndələri, baş redaktorlar qatıldı. Bütün bunlarla yanaşı  "MEDİA könüllüləri” Proqramı baş tutdu. "MEDİA könüllüləri” proqramının məramı  medianın inkişafının gənclər tərəfindən təşəbbüs edilən müxtəlif layihələrlə dəstəklənməsini, gənclərin bu sahədə maarifləndirilməsini təmin etmək idi. “New Media” gənc jurnalistlər üçün nəzəri və praktiki biliklər, Ankarada “Hərbi Jurnalistika” , “Mediada islahatlara doğru” və s. kimi silsilə seminarlar və təlimlər Agentliyin rəğbətlə qarşılanan addımları oldu.  Ən mühüm layihələrdən biri isə “Media haqqında” Qanun layihəsinin qəbul olunması idi. “KİV haqqında” Qanuna indiyədək 79 dəfə əlavə və dəyişikliklər edilib. Lakin yeni media başqa qanunun qəbul edilməsini tələb edirdi. Beləliklə, "Media haqqında" qanun layihəsi öz təsdiqini tapdı.

Agentliyin 1ilik fəaliyyətini “Sherg.az”a dəyərləndirən BDU- nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli MEDİA-nın xidmətlərini müsbət qiymətləndirib:

“ Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF)  kimi qeyri – müəyyən, qüsurlu, fəaliyyət sahəsini dəqiq bilməyən qurumdan fərqli olaraq MEDİA-nın yaradılmısını yüksək qiymətləndirmişik. İndi də müsbət hesab edirəm. Lakin müəyyən qayğılarımız var. Media haqqında qanunun qəbulolunma texnologiyası və irəli sürülən tezislərlə bağlı narahatlığımız var. Arzu edirik ki, Azərbaycanda azad media üstün səviyyəyə qalxsın, jurnalistlər özlərini sərbəst hiss etsinlər və mətbuatımız cəmiyyətə doğru-dürüst, vicdanla xidmət göstərsinlər. MEDİA mətbuat azadlığını, jurnalistikanın prinsiplərini qorusun, jurnalistlərin normal fəaliyyəti üçün şərait yaradılsın. Belə olduğu təqdirdə MEDİA-nın gələcək inkişafını yüksək qiymətləndirəcəyik. Mərkəzləşmə, medianı qəliblərə salmaq istəyi olsa, Media Agentliyi prosesdə iştirak etsə, biz buna yalnız təəssüflənəcəyik”.

Jurnalist Ekspert Mərkəzinin (JEM) sədri, “Rupor.az” saytının baş redaktoru Ceyhun Musaoğlu isə açıqlamasında  Medianın İnkişafı Agentliyinin (MEDİA) özü-özlüyündə Azərbaycan mətbuatı üçün sözün bütün mənalarında xüsusi hadisə  olduğunu vurğulayıb:

“Artıq köhnə hesab edilən Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında qanuna son 18 ildə  əlavə və dəyişikliklər edilməmişdi. Sanki  Azərbaycan mətbuatı sözügedən qanunun  timsalında “donmuş” vəziyyətə gətirilmişdi. Əlbəttə, jurnalistlər, qəzetlər, saytlar şəxsi investisiyası hesabına geri qalmırdılar. Peşə dəyərlərini qoruyaraq, etik çərçivədən çıxmayaraq  müqəddəs fəaliyyətlərini davam etdirirdilər. 4-cü hakimiyyət fəlsəfəsindən çıxış edərək nəzarət mexanizmini yerinə yetirməyə çalışırdılar. Hər bir fəaliyyət növünü tənzimləyən qanunlar toplusu var. Bizim isə 18 il idi ki, qanunlarımız dəyişilmirdi. 18 ildə media, xüsusilə informasiya sahəsində çox surətli və möcüzəvi dəyişiklər baş verdi. Yeni əsri “informasiya erası” adlandırırıq. Belə bir vəziyyətdə Prezidentin sərəncamı ilə MEDİA-nın yaradılması çox rəğbətlə qarşılandı. Bir il əvvəl, bu gün  sərəncamı ciddi şəkildə təqdir etdik. Təbii, Prezidentin sərəncamları müzakirə olunmur, yerinə yetirilir. Belə addımın atılmasına görə sevindik, çünki söhbət bizə yol açacaq hadisədən gedirdi. Gözlətilərimiz böyük idi, demokratik mühit istəyirdik. Jurnalistlərin ağır, çətin və müqəddəs işlə məşğul olduğunu dərk edib, istəkləri həyata keçirə biləcək qanun layihəsi  hazırlanmasına ehtiyac vardı. Sanki üşüyürük, soyuqdur, anidən günəş parlayır. Hamımız üzümüzü günəşə tutacağıq. Nə yaxşı ki, bu günəş doğdu. İndi isə düşünürük ki, günəş hamımızı qızdıra biləcək? 1 il ərzində onun şüalarının bizi qızdırdığının şahidi olduq və cismani, ruhi davranışlarımızda hiss edildi”.

C.Musaoğlu bildirib ki, bütün dünya jurnalistlərini bir-birinə azadlıq, demokratiya, sözə hörmət və dövlətə, vətənə jurnalistikanın tələbləri çəçivəsində xidmət göstərmək bağlayır:

“Jurnalistin işi baş verən hadisələri olduğu kimi təqdim etməkdən ibarətdir. Gərək şərait yaradılsın və jurnalistlərə bu  reallıq çərçivəsindən kənara çıxmasına imkan verilsin. Tədbirlər, müsabiqələr, saytlara və qəzetlərə müsabiqə formasında dəstək, xüsusilə treninqlər - ümumlikdə 1 il ərzində atılan addımların hər birinin təmiz niyyətdən irəli gəldiyini və təsirini gördük. Ötən ay saytlara, qəzetlərə dəstək verildi. Azərbaycan mətbuatına ciddi təkan oldu. Saytlar və qəzetlər görünən şəkildə inkişaf etdilər. Bütövlükdə mübarək hadisə baş verdi.  Bu inkişafın sistemli, davamlı olmasını, geri dönüşün edilməməsini istəyirik.

 Biz Şərqliyik, münasibət xalqıyıq. Bir-birimizlə açıq, isti münasibətdə oluruqsa, o vaxt inkişaf edirik. Jurnalistika tam səmimi münasibətin üzərində qurulan, bu çərçivədə  dövran etməyi bacaran sektordur. “Vətən” müharibəsində səmimiyyətimizə bürünüb qalib gəldik. Oğlumuzu, qardaşımızı səmimiyyətlə qurban verdik və şəhidləri qəbul etdik. MEDİA-nın kollektivi səmimiyyət düşüncəsi ilə seçilir. Onlar hamısı  bizim içimizdən çıxan insanlar olduğuna görə haranın "ağrıdığını” bilirlər. 1 il müddətdə vacibiyyət təsdiqini tapdı.

Jurnalistika davamlı inkişafa getməyə öhdəlik götürən peşədir. Vətənimizə, dövlətimizə, millətimizə, dünyamıza, kainatımıza xeyirli olmasını diləyirik. Uğurlar arzulayırıq”.