"Yaşıl Liman" siyasəti bizi uğura aparacaq

Əsas məqsəd regionda mənfi ekoloji təsirləri minimuma endirməkdir

Ekologiya və ətraf mühitin mühafizəsi

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 2019-cu ildən “Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi” layihəsinin icrasına başlayıb. Bakı Limanı və Avropa İttifaqının birgə layihəsi “Yaşıl və ağıllı liman kompleksi” yaratmaqla davamlı inkişaf məqsədlərinə və regionda inklüziv iqtisadi inkişafa töhfə vermək məqsədi daşıyırdı. Həmçinin, Avropa İttifaqının Bakı Limanı ilə birgə 2020-ci ildən icra olunan “Bakı Limanının potensialının gücləndirilməsinə dəstək” layihəsinin ikinci fazası da artıq uğurla başa çatıb. 

Bu münasibətlə dünən “Hyatt Regency Baku” otelində Bakı Limanının, Avropa İttifaqının, dövlət və beynəlxalq təşkilatlarının və media nümayəndələrinin iştirakı ilə “Yaşıl Limanlar və liman idarəedilməsində yeni üsullar” mövzusunda qeyd olunan layihənin bağlanış mərasimi təşkil olunub. Tədbirdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) Baş direktoru Taleh Ziyadov və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Birinci konsulu, Əməkdaşlıq üzrə rəhbəri Viktor Bojkov açılış nitqi ilə çıxış edərək layihənin strateji məqsədləri və gələcək perspektivlər haqqında iştirakçıları məlumatlandırıblar. Layihənin əsas məqsədi 2020-2022-ci illər üzrə Bakı Limanının strateji planı və “Yaşıl Liman”  konsepsiyasının həyata keçirilməsində Limanın imkanlarını genişləndirmək olub. 

Layihə çərçivəsində həmçinin, yeni beynəlxalq sertifikatların əldə olunması, biznes proseslərinin optimallaşdırılması üçün liman əməliyyatlarının, o cümlədən insan resursları sisteminin rəqəmsallaşdırılması, ticarət və investisiya fəaliyyətlərinin gücləndirilməsi, xüsusi ilə inteqrasiya olunmuş logistik idarəetmə sisteminin inkişafı və Orta Dəhliz boyunca bütün təchizat zəncirini birləşdirmək üçün rəqəmsal platformanın genişləndirilməsi istiqamətində mühüm işlər aparılıb. Eyni zamanda, layihənin nəticəsi olaraq Bakı Limanı yenidən ISO 14001:2015 sertifikatı əldə edib. Bu sertifikat ətraf mühitin mühafizəsi üzrə idarəetmə standartı olub müəssisədə ətraf mühitin mühafizəsinin təmin edilməsi məqsədilə sistemli əməliyyatların qurulmasını və eko-sistemin qorunması üçün dayanıqlı fəaliyyətlərin aparılmasını özündə ehtiva edir.

 Bununla yanaşı, Bakı Limanı regionda ilk dəfə olaraq 2019-cu ildə Avropa Dəniz Limanları Təşkilatının (European Sea Ports Organization - ESPO) "EcoPorts" sertifikatına layiq görülüb və ötən il layihə çərçivəsində bu resertifikasiyadan da Bakı Limanı uğurla keçib. Beləliklə, Azərbaycan dünya üzrə ərazisində qeyd olunan sertifikatı almış 24 ölkə arasında öz yerini alıb və Bakı Limanı regionun ilk “Yaşıl Liman” statusuna layiq görülüb. ATƏT-in iqtisadi və ətraf mühit əlaqələndiricisi səfir Vuk Zugic isə bildirib ki, enerji təhlükəsizliyi, rəqəmsallaşdırma və bağlılıq təmsil etdiyi qurumun müfəssəl təhlükəsizlik konsepsiyasının mühüm bir hissəsidir: “Çox şadam ki, bu gün ATƏT-in Bakı Limanı ilə başladığı layihə Azərbaycan, Qazaxıstan və Türkmənistanın yaşıl liman və bağlılıq mövzularında Xəzər dənizində mövqelərini gücləndirəcək”.

“Yaşıl Liman” layihəsi ilə bağlı fikirlərini “Şərq”lə bölüşən "Altay" Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin sədri, "Ekoloq Jurnalistlər Birliyi"nin üzvü Elçin Bayramlı qeyd etdi ki, bu, Xəzər regionunda ətraf mühitin qorunması və liman əməliyyatlarını sürətləndirilməsi baxımından mühüm addımdır: 

-  Tədbirdə qeyd olundu ki, Bakı limanında tətbiq edilən əməliyyat sistemi, sərnişinlər üçün hazırlanmış onlayn bilet sistemi, əldə olunan ISO 9001:2015 keyfiyyət, ISO 14001:2015 ətraf mühiti idarəetmə və bu il üçün nəzərdə tutulmuş “EcoPorts PERS” ekoloji sertifikatı bu qurumun zamanın tələbinə uyğun fəaliyyətini göstərir. Layihə çərçivəsində Bakı, Aktau və Türkmənbaşı limanlarını birləşdirəcək limanın avtomatlaşma və rəqəmsallaşma proseslərinin yol xəritəsi, bərpa olunan enerjidən istifadəsi imkanlarının araşdırılması üçün müvafiq texniki-iqtisadi əsaslandırma hazırlanıb. Bu o deməkdir ki, rəqabət üstünlüyü əldə etmək istəyən və ya ekologiya baxımından faydalı fəaliyyəti artırmaq niyyətində olan təşkilatlar məsuliyyətli, davamlı ekoloji təcrübələri tətbiq edərək daha çox uğur qazana bilərlər. Əsas məqsəd regionda mənfi ekoloji təsirləri minimuma endirməkdir. Bunun üçün də davamlılığı dəstəkləyən siyasət və təcrübələri tətbiq edərək regionda aparıcı “Yaşıl Liman”a çevrilməkdir. Hədəfə çatmaq üçün ekoloji, sosial və iqtisadi amilləri diqqətlə balanslaşdıraraq, limanın fəaliyyətində ekoloji cəhətdən təmiz metodların tətbiqinə nail olunmalıdır. Bakı Limanı tərəfindən müəyyənləşdirilmiş "Yaşıl Liman" siyasətinin beş rəhbər prinsipi var. Bunlar - Bakı Limanının ekoloji resurslardan rasional istifadə və normativ tələblərə uyğunluqda lider kimi fərqlənməsini təmin etmək. Yerli cəmiyyəti və ətraf mühiti liman əməliyyatlarının zərərli təsirlərindən qorumaq. Liman əməliyyatlarının mənfi təsirini minimuma endirmək və qabaqcıl texnologiya həllərini araşdırmaq üçün ən yaxşı texnologiyalardan istifadə etmək. Terminalın tərtibatında, inkişafında və bütün əməliyyatlarda davamlılığı təşviq etmək. Limanın inkişafı və ətraf mühitin müdafiəsi proqramları barədə ictimaiyyətin maarifləndirilməsi və fəaliyyətə cəlb edilməsi yolu ilə dayanıqlılıq proqramları ilə bağlı məlumatlılığı artırmaq. “Yaşıl Liman” layihəsinin məqsədi liman əməliyyatları zamanı atmosferə zərərli tullantıların azaldılması, çirklənmiş torpaqların və liman ərazisindəki çöküntülərin yenidən faydalı istifadə üçün kənarlaşdırılması, emal edilməsi və ya yararlı vəziyyətə gətirilməsi, Ələt hövzəsi ətrafında suyun keyfiyyətinin yaxşılaşdırılması, limanın ətrafında su ekosistemlərinin və dəniz arealındakı canlıların mühafizəsi və bərpası, həmçinin, cəmiyyətin liman əməliyyatları və ətraf mühitin mühafizəsi proqramları barədə proseslərə cəlb olunması və maarifləndirilməsi, bütün liman ərazisində layihələndirmə və tikinti, istismar və inzibati işlərdə dayanıqlı prinsiplərin tətbiqi, dayanıqlı prinsiplərlə tullantıların idarə edilməsi, təkrar emalı və alternativ enerji mənbələrindən istifadə daxildir. Bütün bu şərtlər yerinə yetirilərsə, məqsədlərə də nail olunar və liman əməliyyatlarının ekoloji təmiz tətbiqi reallaşar.