Diaspor təşkilatlarımızın fəallığı təqdir olunmalıdır

Ukraynadakı soydaşlarımızın təxliyəsi üçün dövlətlə bərabər xaricdəki təşkilatlarımız da bütün lazımi işləri görür

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Ukraynada yaranmış gərgin vəziyyətlə əlaqədar soydaşlarımızın təxliyə edilməsində diaspor təşkilatlarımızın fəallığı ilk günlərdən hiss edilməyə başladı. Əlbəttə ki, bu, Azərbaycan dövlətinin diaspor quruculuğu sahəsində apardığı məqsədyönlü siyasətin nəticəsidir. Eyni zamanda xarici ölkələrdə yaşayan və işləyən soydaşlarımızın həmrəyliyi, xalqımızın yardımlaşma, dara düşənə kömək əli uzatmaq kimi yüksək keyfiyyətlərə malik olması təxliyə prosesinə müsbət təsirini göstərdi. Diasporla İş üzrə Dövlət Komitəsi Ukraynaya qarşı hərbi əməliyyatlar başladığı zaman açıqlama yayaraq bildirdi ki, komitə Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar diaspor təşkilatları və diaspor fəalları ilə sıx əlaqədədir və  soydaşlarımızın Ukraynadan təxliyə edilməsi üçün Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir. Bu məlumatdan sonra Ukrayna Azərbaycanlıları Radasında yaradılan operativ qərargaha yüzlərlə Azərbaycan vətəndaşı təxliyə olunmaq üçün müraciət etdi. Onların arasında Ukraynada təhsil alan azərbaycanlı tələbələr də vardı. Müraciət edənlərin Ukrayna ilə həmsərhəd ölkələr vasitəsilə Azərbaycana gətirilməsi planlaşdırıldı. Qeyd olundu ki, Ukraynada, xüsusilə gərginliyin hökm sürdüyü bölgələrdə yaşayan soydaşlarımız hər hansı problem yaranacağı təqdirdə, Ukrayna Azərbaycanlıları Radasında yaradılan operativ qərargahla (telefon nömrəsi və email ünvan göstərilirdi) əlaqə saxlaya bilər. Soydaşlarımıza hər cür mənəvi və informasiya dəstəyini təmin etmək məqsədilə operativ qərargah 24 saat fəaliyyət göstərir. Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirildi ki, təxliyə prosesi birbaşa Azərbaycan dövlət başçısı, Prezident İlham Əliyevin nəzarətindədir: “İlk saatlardan başlayaraq həmsərhəd ölkələrlə danışıqlar aparılıb. Azərbaycan vətəndaşları Moldova, Polşa, Slovakiya, Rumıniya, Macarıstan istiqamətindən keçərək Ukraynanı tərk edə bilərlər. Onlar üçün viza rejimi ləğv edilib. Soydaşlarımızın rahat təxliyəsi üçün çarter reysləri həyata keçiriləcək və onlar Azərbaycana gətiriləcək. Vətəndaşlarımız toplaşdıqca ölkəmizə Polşadan da çarter reysləri həyata keçiriləcək. Vətəndaşlardan xahiş olunur ki, sərhədi keçdikdən sonra bu ölkədəki səfirliklə əlaqə saxlasınlar”.
Təxliyə prosesi bu şəkildə operativ, mərkəzləşmiş qaydada həyata keçirilməyə başladı. Təxliyə prosesinin təşkilində Ukraynada və qonşu ölkələrdə fəaliyyət göstərən yerli diaspor təşkilatları fəallıq nümayiş etdirdilər. Xüsusilə gərginliyin daha çox yaşandığı şəhərlərdə - Kiyev, Xarkov, Mariopolda yerli diaspor təşkilatlarımız çətin şəraitdə çalışmalı oldular. Təxliyə prosesi, sığınacaqdakı insanların, istər ukraynalı, istərsə də azərbaycanlı, fərq etmirdi, ağır durumda olanlara ərzaq, gündəlik tələbat mallarının çatdırılması işinə kömək edirdlər. Bu işdə Xarkov şəhərinin fəxri konsulu Əfqan Salmanovun fəaliyyəti xüsusi vurğulanır. Xarkov şəhərində vəziyyətin gərginliyinə baxmayaraq Azərbaycanın fəxri konsulluğu öz fəaliyyətini dayandırmadı, davam etdirdi. Xarkov şəhərindən ümumilikdə mindən artıq soydaşımız təxliyə edildi, soydaşlarımızdan Azərbaycana gələnlər də oldu, daha təhlükəsiz Lvov şəhərinə yola salınanlar da. Lvov şəhərindən vətəndaşlarımızın Ukrayna-Polşa sərhədini keçmələrinə köməklik göstərildi. Eyni zamanda Xarkov şəhərində Azərbaycanın fəxri konsulu Əfqan Salmanovun Xarkov Cənub Dəmir Yolu İdarəsi və Xarkov Dəmir Yolu Vağzalı ilə apardığı danışıqların nəticəsində Azərbaycan vətəndaşlarının gündəlik təxliyəsi üçün yerlər ayrıldı. Xarkov şəhərini tərk etmək istəyən həmvətənlərimiz Dəmir Yolu Vağzalının növbətçi hissəsi və Azərbaycan Respublikasının Xarkov şəhərindəki fəxri konsulluğu ilə əlaqə saxlayaraq təxliyə olundular. Konsulluq əməkdaşları Azərbaycan mediasını və sosial medianı daim izləyərək burada yerləşdirilən müraciətlərə operativ şəkildə reaksiya verir, soydaşlarımızdan həmrəylik nümayiş etdirməyi və həmvətənlərimizi konsulluğa yönləndirmələrini  xahiş edirdilər. Məlumdur ki, təxliyə prosesi üçün Xarkovdan xüsusi sərnişin qatarının hərəkəti də təşkil olundu.  Həmin vətəndaşlarımız Fəxri konsulluğun Xarkov vilayət rəhbərliyinə və digər müvafiq qurumlara müraciəti əsasında pulsuz biletlərlə təmin olundu. Hətta konsulluq  Xarkovdan gələn qatarla qardaş Türkiyə vətəndaşlarının da (185 nəfər) Azərbaycana təxliyəsini təşkil etdi. Ukraynadakı  azərbaycanlı sürücülərin təxliyəsi prosesi də uğurla aparıldı. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatında qeyd olunurdu ki, Odessa şəhərində cəmləşən 6 yük avtonəqliyyat vasitəsinin Moldovaya keçidi təmin edilib. Nəqliyyat vasitələri Rumıniya ərazisinə keçid edəcək. Təxliyə prosesi Moldovadakı diplomatik korpusumuzun köməyi ilə həyata keçirilir. Kiyev, Xarkov və digər regionlarda cəmləşən sürücülərin təxliyəsi ilə bağlı da işlər görülür, onlarla mütəmadi olaraq əlaqə saxlanılır. 
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov “Şərq”ə açıqlamasında qeyd etdi ki, Ukraynadakı soydaşlarımızın təxliyəsi üçün dövlət səviyyəsində bütün lazımi işlər görülür: 
- Bu günlərdə Türkiyədə səfərdə olan Xarici işlər naziri Ceyhun Bayramov keçirdiyi mətbuat konfransında bildirdi ki, təxliyə prosesi davam edir. Bugünədək 10 minə yaxın soydaşımız Ukraynadan qonşu ölkələrə təxliyə edilib,  sonra da Vətənə gətirilib. Nazir qeyd etdi ki, Prezident İlham Əliyev məsələ ilə bağlı tapşırıq verib. Dövlət başçısının tapşırığına əsasən indiyədək çarter reysi ilə 1111 nəfər vətəndaşımız Azərbaycana gətirilib. Təxliyə zamanı yaşlı insanlara, qadınlara, tələbələrə üstünlük verilir. Artıq avtobuslardan istifadə edib Azərbaycan tərəfinə keçənlərin sayı da 150-ni keçib. Bu onu göstərir ki, soydaşlarımızın təxliyəsi dövlətin, şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzindədir və bununla bağlı da davamlı işlər aparılır. 
A.Allahverənov təxliyə prosesində yerli diaspor təşkilatlarının fəaliyyətinin əhəmiyyətinə toxundu: 
- Gərginlik başlayan gündən yerli diaspor təşkilatlarımızın fəallığının şahidi olduq. Doğrudur, bu proses çox çətin, ağırdır. Diaspor təşkilatları bacardıqca çox insana yardım etməyə çalışırdılar. İnsanlarla əlaqə saxlamaq, məlumat çatdırmaq ilk günlər çox çətin idi. İnsanlar sığınacaqlarda idi və informasiyaya çıxış imkanları demək olar, yox idi. Buna baxmayaraq yerli təşkilatlar, Ukraynada uzun illərdir yaşayan, işləyən soydaşlarımız da diaspor təşkilatlarına dəstək oldular, kim nəyi bacardısa etdi. Kömək etməyə çalışdı. Biz Xarkov şəhərindən təxliyə prosesini xüsusi vurğulaya bilərik. Oradakı konsulluğumuz, həqiqətən çox yaxşı çalışdı, real təhlükə altında qalan həmvətənlərimizin, ümumiyyətlə, həyatları təhlükə altında olan insanların xilası, təhlükəsiz bölgələrə təxliyəsi üçün vacib addımlar atdılar. Moldovadakı səfirimizin fəaliyyəti, təbii ki, təqdirəlayiqdir. Belə ağır vəziyyətdə insanların təxliyəsinə nail olundusa, diasporla işi və yerli diaspor təşkilatlarımızın fəaliyyətini müsbət qiymətləndirməliyik.