Mediada istinad mədəniyyəti tam formalaşmayıb
Vüsalə Mahirqızı: "Həmkarlarımızın peşə etikası, əxlaq nöqteyi-nəzərindən bu cür əməllərdən uzaqlaşmasını istəyərdim"
“İstinadla bağlı tələblərin pozulmasına görə indiyədək Medianın İnkişafı Agentliyinə (MEDİA) hər hansı bir müraciət daxil olmayıb”.
Bu sözləri MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov deyib.
Onun sözlərinə görə, indiyədək saytlar və informasiya agentliklərindən istinadla bağlı tələblərin pozulmasına görə müraciət edilməyib.
Qeyd edək ki, “Media haqqında” qanunun 13-cü maddəsinə (İnformasiyadan istifadə edilməsi) əsasən media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər. Abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər.
Qanunun 13.1-ci və 13.2-ci maddələri (istinadla bağlı tələb istisna olmaqla) dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlara (press-relizlərə) və informasiya agentliklərinin informasiyasından istifadə hallarına şamil edilmir.
Bir neçə il öncəsinə qədər Azərbaycan mediasının ən ciddi problemlərindən biri idi istinad mədəniyyətinin formalaşmaması. Xüsusən elektron mediada istinad məsələsi aktual bir problemə çevrilmişdi. İstinad mədəniyyətinin pozulması problemi ilə əksər hallarda cəmiyyətdə nüfuzu olan, geniş oxucu auditoriyası ilə sayılıb-seçilən agentliklər, xəbər portalları üzləşirdilər. Bəzən də eyni məlumatın müxtəlif saytlarda istinadsız yayılması mübahisələrə yol açırdı. Həmin xəbərin ilk dəfə hansı saytda və ya qəzetdə dərc olunduğu ətrafında söz-söhbət sosial şəbəkələrdə qarşılıqlı ittihamlara səbəb olurdu.
“APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızının “Şərq”ə verdiyi açıqlamaya görə, istinad məsələsi hələ də aktual problem olaraq qalıb. Hətta ötən illərlə müqayisədə bu özünü daha qabarıq və biabırçı formada büruzə verir: ”Əvvəllər istinad etmədən yazılarımızı yeni yaranan və yaxud tanınmayan sayt əməkdaşları öz imzası ilə verirdisə, “Teleqram səhifələri, “Tik-tok” profilləri və digər sosial şəbəkələrdə blogerlər izləyici yığmaq üçün bizim xəbərlərimizi istinadsız paylaşırlar. Hətta feysbukda jurnalist həmkarlarımız belə “like” yığmaq üçün “copy-past” xəbərlər paylaşır. Guya bizi reklam edirlər, halbuki, məqsədləri özlərinə izləyici yığmaqdan ibarətdir. İnsanlar bir-birilərinin əməyinə hörmət etməlidirlər. Heç kimin ixtiyarı yoxdur ki, jurnalistin müxtəlif mənbələrdən dəqiqləşdirdiyi özəl xəbəri istinadsız yaysın”.
Mütəmadi olaraq monitorinqlər apardıqlarını vurğulayan V.Mahirqızı deyib ki, Azərbaycan mediasının cəmi 20 faizi istinad mədəniyyətinə malikdir. Digər materiallar götürülür, bəzən cümlələr dəyişdirilmədən, bəzən hətta orfoqrafiq səhvlərlə bir yerdə kopyalayıb yayırlar: “Bu barədə tədbirlərin birində Əhməd müəllimə də demişəm ki, apardığımız monitorinqlərlə bağlı yekun nəticə əldə edəndə bu barədə MEDİA-da təqdimatımız olacaq.
Bu məsələ qanunla tənzimlənsə də bizim hələ ki müraciətimiz olmayıb. İstinad hüququ pozulan media orqanları agentliyə müraciət etmədiyi üçün qurumun hərəkətə keçməməsi təbiidir.
Sözün açığı, istinad mənim üçün vicdan məsələsidir.
Bunun qanunla qarşısını almaq üçün müəyyən yollar olsa da mən həmkarlarımızın peşə etikası, əxlaq nöqteyi-nəzərindən bu cür əməllərdən uzaqlaşmasını istəyərdim.
Amma görürəm ki, ildən-ilə xəbər oğrularının sayı daha da artır. Demək ki, bu məsələ ilə bağlı ciddi addımlar atmağın vaxtı çatıb.
Axı bir insanın əşyasını oğurlamaqla onun beyninin məhsulu olan yazısını oğurlamaq arasında heç bir fərq yoxdur. Bu, başqasının intellektini, əməyini, zəkasını oğurlamaqdır.
Amma ki, istinadsız verilən xəbərlə bağlı bir konflikt, araşdırma tələb edən anlaşılmazlıq ortaya çıxan kimi həmin saytlar yaxalarını kənara çəkirlər. “Biz bu xəbəri “APA”dan götürmüşdük deyib məsuliyyətdən yayınırlar”.
Holdinq rəhbəri hesab edir ki, istinad hüququ pozulan media orqanları öz haqlarını qorumaq üçün aidiyyəti üzrə müraciət edib qarşı tərəfin üzr istəməsini tələb etsə, artıq ictimai qınaq formalaşacaq. Bir neçə etirafdan sonra bu işlə məşğul olan digər jurnalistlər də çəkinəcəklər:
“Onu da deyim ki, problemin kökü orta məktəblərə dayanır. Uşaq yaşlarından insanlara istinad mədəniyyəti aşılanmalıdır. İstinad tək medianın problemi deyil. Elmi əsərlərin, kitabların, hətta şeirlərin, mahnı mətnlərinin “copy- past” edilməsi ilə bağlı qalmaqallar olur. Qızım oxuyan məktəbdə hər il akademik vicdanlılıqla bağlı müqavilə imzaladırlar. Oxuduğun hər hansı bir cümlədən istifadə etmək istəyirsənsə, mütləq istinad etməlisən. Əks halda bu, akademik cinayət kimi qəbul olunur. Bu cür insanların isə şəxsiyyət kimi formalaşması mümkün deyil”.