Məktəblilərimizə qəhrəmanlıq ideyalarının aşılanması günün tələbidir
Müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır
Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Uşaq və gənclərin fiziki və mənəvi inkişafı ölkəsinin, yaşadığı cəmiyyətin, xalqının inkişaf göstəricisidir. Çünki istənilən uşaq hansı mühitdə böyüyürsə, gələcəkdə məhz o mühitdə görüb-götürdüklərini nümayiş etdirir. Hazırda dövlət səviyyəsində uşaq və gənclərin mənəvi və fiziki inkişafı üçün geniş şərait yaradılıb. Ölkəmizdə uşaq və gənclərin həyatını dəyişən, onlara hərtərəfli stimul verən qayğı siyasəti mövcuddur. Xalqımızın milli-mənəvi dəyərlərinə əsaslanan dövlət-uşaq siyasətinin əsasında cəmiyyətimizin əsas özəyi olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin və səhiyyənin səviyyəsinin artırılması, uşaq yaradıcılığının dəstəklənməsi dayanır.
Bu mənada gənc nəslin düzgün tərbiyəsi, fiziki və mənəvi inkişafı, savadlı vətəndaş kimi böyüməsi və digər vacib amillər onların gələcəkdə cəmiyyətə inteqrasiyasında önəmli rol oynayır. Müstəqillik qazandığı ilk gündən dövlətimiz bu sahəyə xüsusi diqqət və qayğı göstərir. Əlbəttə, hər bir uşağın və gəncin gələcəkdə layiqli vətəndaş kimi yetişməsində onun mənəvi və fiziki tərbiyəsi ilə yanaşı milli vətənpərvərlik ruhunda yetişdirilməsi önəmli yer tutur. İstər dövlət, istərsə də qeyri-dövlət təşkilatları həmişə bu istiqaməti əsas prioritet hesab edərək uşaqların mənəvi tərbiyəsinin inkişaf etdirilməsi üçün müxtəlif tədbirlər, layihələr həyata keçiriblər.
Qeyd edək ki, Bakı şəhəri Yasamal rayonu Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbin şagirdləri Cəmşid Naxçıvanski adına hərbi liseyi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət ediblər. Şagirdlərə xüsusi təyinatlı təhsil müəssisələrinin yaranma tarixi və fəaliyyəti barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Qonaqlar hərbi liseyin və ali hərbi məktəbin ərazisi, əsgər yataqxanası və yeməkxana, tibb məntəqəsi, idman şəhərciyi və hamam-camaşırxana kompleksi ilə tanış olublar. Hərbi təhsil ocaqlarında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar ziyarətçilərin böyük marağına səbəb olub. Sonra məktəblilərin Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiyası təşkil edilib. Şagirdlər açıq səma altında müxtəlif qoşun növlərinə aid texnikalardan ibarət ekspozisiya ilə tanış olub, xatirə şəkli çəkdiriblər. Tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, Vətən müharibəsinin iştirakçıları, məktəbin müəllim və şagirdləri, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər. Çıxış edənlər bu cür tədbirlərin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində, orduya hazırlanmasında, hərbi biliklərə yiyələnməsində və onlarda hərbi peşələrə marağın oyadılmasında müstəsna əhəmiyyətindən danışıblar.
Ehtiyatda olan polkovnik Şair Ramaldanovun “Şərq”ə açıqlamasına görə, ümumtəhsil məktəblərində təbliğ olunan mənəvi ideyalar şagirdlərdə fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik kimi ən ülvi hisslər yaradır. Müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır:
“Uşaqlarda mənəvi dəyərlərin, vətənpərvərlik ruhunun gücləndirilməsi üçün bu cür layihələrin sayı çoxalmalı və müntəzəm olaraq həyata keçirilməlidir. Məktəblərimizin qarşısında qoyulan ən ali məqsəd şagirdlərə hərbi vətənpərvərlik hissini aşılamaq, onları vətənimizin fəal müdafiəsinə hazırlamaq, onlara daim qəhrəmanlarımızın həyat yolu ilə onları yaxından tanış etmək, daim öz üzərlərində çalışıb bilik və bacarıqlarını daha da artırmaq, vətənimizin hərbi qüdrətini hər vasitə ilə möhkəmləndirməkdən ibarətdir. Belə tədbirlərin və tanışlıq ekskursiyalarının təşkili vətənpərvərlik hisslərinin aşılanmasında, şagirdlərimizdə milli ruhun formalaşmasında, tərbiyəsində böyük rol oynayır. Məktəblilərin bu yaşlarda mənimsədiyi biliklər və aşılanan duyğular həm onların yaddaşına güclü həkk olunur, həm də gələcəkdə faydalı bir vətəndaş kimi yetişmələrində, peşə, həyat seçimi etmələrində böyük əhəmiyyət kəsb edir. Bu yaşda aşılanan vətənpərvərlik hissi, Vətən, torpaq sevgisi, Vətənin müdafiəsinə hazırlaşmaq duyğuları böyük əhəmiyyət daşıyır və uşaqların yaddaşında silinməz müsbət izlər qoyur. Cəmşid Naxçıvanski adına hərbi liseyin bu il 50 illik yubileyidir. Bu dövr ərzində lisey minlərlə kursant yetişdirib. Ordumuzda xidmət edən, sərhədlərimizin və suverenliyimizin keşiyində dayanan peşəkar hərbçilərimizin əksəriyyəti bu liseyin məzunlarıdır. Şagirdlərin onlar haqqında məlumat alması, göstərdikləri qəhrəmanlıqları eşitməsi olduqca müsbət haldır. Bir insan öz ölkəsi, Vətəni haqqında nə qədər çox məlumat alarsa, torpağını da bir o qədər çox sevər, onun milli sərvətlərinə, milli dəyərlərinə qırılmaz tellərlə bağlanar və onu qorumağı özunə borc hesab edər. Hərbi tarix muzeyində Azərbaycanın böyük sərkərdələri, xanları, yenilməz döyüşçüləri haqqında geniş məlumatlar var. Kitabdan oxumaqla qəhrəmanlara aid eksponatlar görmək, onlar haqqında ətraflı mühazirələr dinləmək eyni deyil. Çox uzağa getməyək, uşaq və gənclərimizin Hərbi Qənimətlər parkına olan diqqət və marağı çox təqdirəlayiqdir. Sizi inandırım ki, Parkı ziyarət edən gənclərin tərbiyəsində, hisslərində mütləq bir dəyişiklik hiss olunur. Orada sərgilənən texnika, mühit, qələbəni əks etdirən görüntülər gənclərimizin düşüncələrinə təsir edir”.
Ş.Ramaldanovun sözlərinə görə, bu gün uşaqların fiziki və mənəvi inkişafı üçün ölkəmizdə mühüm işlər görülür, lazımi addımlar atılır.
"Azərbaycanda dövlət gənclər siyasətinin əsas istiqamətləri məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Ulu öndərimiz tərəfindən bu istiqamətdə uğurla həyata keçirilən siyasət hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ölkə başçısı respublikamızda uşaqlara dövlət qayğısının gücləndirilməsi istiqamətində mühüm işlərə imza atıb. Bu gün də ölkəmizdə uşaq və gənclərin milli-mənəvi inkişafı üçün mühüm addımlar atılır. Görülən işlər bunu deməyə əsas verir ki, uşaqların mənəvi inkişafı ölkəmizin əsas prioritetlərindən biridir. Hazırda dövlət səviyyəsində uşaq və gənclərin mənəvi və fiziki inkişafı üçün geniş şərait yaradılıb, onlara hərtərəfli stimul verən qayğı siyasəti mövcuddur".