İqtisadi sektorda rəqəmsal transformasiyanı sürətləndirəcək addımlara ciddi ehtiyac var
İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
Dünya sürətlə rəqəmsallaşır və müxtəlif dövlətlər rəqəmsallaşma prosesinin sosial və iqtisadi həyata daha sürətli inteqrasiyası üçün proqramlar hazırlayaraq tətbiq edir, böyük korporasiyalar rəqabətdən geri qalmamaq üçün yüksək texnologiyalar vasitəsilə iri həcmli məlumatları emal edir, vətəndaşlar isə rəqəmsal texnologiyalardan hər gün getdikcə daha çox istifadə edirlər.
Rəqəmsallaşama qlobal iqtisadiyyatın böyüməsi ilə nəticələnir. Hazırda rəqəmsallaşma və rəqəmsal kontentin yaradılması nəticəsində baza, periferik və son istifadəçi cihazlarında toplanılan məlumatların (qlobal məlumat sferası) həcmi sürətlə artır və 2025-ci ilə qədər 175 zettabayt olması proqnozlaşdırılır.
Rəqəmsallaşma, rəqəmsal iqtisadiyyatın yaradılması istehlakçılar, dövlətlər və ümumilikdə cəmiyyətlər üçün mühüm imkanlar açır. Dünyada rəqəmsal iqtisadiyyatın tətbiqi üzrə ən qabaqcıl dövlətlər sırasında Sinqapur, Çin, Cənubi Koreya, Yeni Zelandiya və Danimarka qeyd edilə bilər. Bu dövlətlər rəqəmsallaşma, yüksək texnologiyaların tətbiqi istiqamətlərində mühüm təşəbbüslər reallaşdırıblar. Rəqəmsallaşma, rəqəmsal iqtisadiyyat quruculuğu hazırda həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan dövlətlər üçün əsas inkişaf istiqaməti hesab olunur.
Qloballaşma şəraitində rəqəmsallaşma prosesləri Azərbaycan üçün də geniş imkanlar açır. Hazırda ölkədə rəqəmsal baza infrastrukturun qurulması, İKT sektorunun dayanıqlı inkişafı istiqamətində özəl sektor da mühüm təşəbbüslər irəli sürülür.
Aprelin 28-də keçirilən “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” adlı II beynəlxalq konfrans da məhz bu təşəbbüslərin reallaşmasını şərtləndirən addımlardan biridir.
Konfransda qlobal iqtisadi artımın qarşısında duran əsas problemlər, yüksək texnologiyalar yönümlü istehsal ekosistemi, iqtisadiyyatın rəqəmsal transformasiyası, yaşıl iqtisadiyyat və davamlı inkişaf, postpandemiya dövrünün iqtisadi çağırışları, pandemiya sonrası biznes transformasiyası və Azərbaycan iqtisadiyyatının keçmişinə və gələcəyinə baxış, Qarabağ iqtisadiyyatının bərpası və inkişafı prosesində rəqəmsal texnologiyalardan istifadə imkanları və prioritetləri kimi əsas mövzular müzakirə olunub.
UNEC-in rektoru Ədalət Muradov konfransın ölkənin dayanıqlı, innovativ və rəqabətqabiliyyətli iqtisadi inkişafının təmin edilməsinin ən ciddi aləti olan rəqəmsal transformasiyanın müxtəlif aspektlərini müzakirə etmək və bu məsələni daim gündəlikdə saxlamaq məqsədilə təşkil olunduğunu bildirib:
“Rəqəmsal iqtisadiyyat əmək bazarını da çağırışlarla üz-üzə qoyur. Rəqəmsal iqtisadiyyat yeni və fərqli baçarıqlar, yeni nəsil sosial müdafiə sistemi və işləməklə sərbəstlik arasında qarşılıqlı əlaqəni tələb edir. Müxtəlif iş yerləri və peşələr sıradan çıxır. Əmək münasibətlərinin böyük hissəsi və məşğulluğun böyük seqmentləri virtual mühitə keçir, məşğulluğun formalarının çevikliyi artır. Rəqəmsallaşma əmək bazarında yeni kompetensiyalar tələb edir ki, bu da bütövlükdə təhsil sisteminin yenidən qurulmasını tələb edir. Təhsilin transmilli formaları inkişaf edir. Sürətlə böyüyən qlobal təhsil bazarında yüksək rəqabətli mühit formalaşır”.
Rəqəmsal iqtisadiyyatın həm də yeni biznes modellərini şərtləndirdiyini vurğulayan rektor hesab edir ki, yeni biznes modellərdə dəyərin yaradılmasının aparıcı mənbəyi məhz böyük verilənlərin yüksək sürətlə emalıdır. Çünki transaksiya real vaxt rejimində və bir sıra hallarda eyni vaxtda baş verir: “Rəqəmsal iqtisadiyyat həmçinin iqtisadi coğrafiyanın mövcud olan şimal-cənub bölgüsünü də köklü surətdə dəyişir. Bu coğrafiya artıq inkişaf etmiş ABŞ və inkişaf etməkdə olan Çin kimi iki ölkə tərəfindən istiqamətləndirir. Dövlətin rolu köklü dəyişir. Rəqəmsal texnologiyalar sahəsində lider ölkələrin hamısında dövlət müvafiq təşəbbüslərin drayveri kimi çıxış edir. Dövlətin fəal iştirakı olmadan rəqəmsal transformasiya və rəqəmsal iqtisadiyyatın formalaşması mümkünsüz görünür. Rəqəmsal iqtisadiyyat gəncliyin iqtisadiyyatıdır. Belə ki, gəncliyin potensialının, onun innovativliyinin reallaşdırılması, müstəqil qərarlar vermək, gələcəyi təmin etmək baxımından rəqəmsal iqtisadiyyat əvvəllər görünməmiş misilsiz imkanlar yaradır. Rəqəmsal iqtisadiyyatda gənclər oyun qaydalarını özlərinə uyğun dəyişirlər. Onlar artıq ətraflarında baş verənlərin müşahidəçilərindən, onları formalaşdıranlara çevrilirlər. Həm də nəzərə almaq lazımdır ki, rəqəmsal iqtisadiyyatın məhsul və xidmətlərinin də əsas istehlakçıları da məhz gənclərdir”.
İKT mütəxəssisi Osman Gündüz “Şərq”ə açıqlamasında "Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda keçirilən II beynəlxalq konfransı yüksək qiymətləndirib və UNEC-in bu istiqamətdəki səylərinin təqdirəlayiq olduğunu deyib:
“Bir Univetsitet olaraq bütün maraqlı tərəfləri, o cümlədən beynəlxalq nümayəndələri də bir araya gətirərək, bu sahəni ölkədə irəlilətmək üçün sistemli və ardıcıl olaraq çalışır. Əsas maraqlı tərəflərin, sektorda söz sahiblərinin çıxışlarında diqqəti cəlb edəcək, biznes və cəmiyyət üçün düşündürücü və proqnozlar qurula biləcək məqamlar yetərli görünmür. Hansı konsepsiyalar, hansı qanunlar və qərarlar ötən müddətdə olub, hansılar olacaq, hansıların zəruriliyi, qəbulunun planlaşması haqqında mesajlar eşitmədim. Müşahidələr isə göstərir ki, birbaşa mövzu ilə əlaqəli konseptual sənədlərin qəbulu uzun müddətdir ki, ləngiyir. Yeniliklər, yeni addımlar zəifdir, iqtisadi sektorda rəqəmsal transformasiyanı sürətləndirəcək addımlara ciddi ehtiyac var.
Bu tip tədbirlərdə gərək mövcud situasiya və qarşıdakı illər üçün konseptual mesajlar verilsin, maraqlı tərəflərin daha optimal qərarlar qəbulu üçün informasiya istehsal olunsun.