Hər bir yenilik vətəndaşların davranış qaydalarına uyğun olmalıdır
İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
Rəqəmsal texnologiyalar günümüzün ayrılmaz elementinə çevrilib. Bir vaxtlar xəyalımızda belə təsəvvür edə bilmədiyimiz avandanlıqlar bu gün hər birimiz üçün adi əlaqə və yaxud elementar məişət əşyasıdır.
Xüsusən də son dövrlər ölkəmizdə rəqəmsal xidmət sahəsinin əhatə dairəsi sürətlə genişlənir. Tətbiq olunan yeni yanaşmalar və elektron xidmət avadanlıqları vətəndaşların istifadəsinə verilir. Bəsit məişət işlərindən tutmuş ən mürəkkəb hesablamalara əsaslanan fəaliyyətlərə qədər hər şey yüksək texnoloji nailiyyətlərlə tənzimlənir. İnformasiya texnologiyalarının sürətli inkişafı sayəsində sadəcə bir tıklama ilə istədiyimiz informasiyanı əldə etmək, bürokratik prosedurları reallaşdırmaq, elektronlaşan bütün xidmətlərdən yararlanmaq mümkündür.
Təbii ki, bütün inkişaf etməkdə olan dövlətlər kimi Azərbaycanda da dövlət bu sahəyə ciddi diqqət ayırır, sivil dünyanın innovativ təcrübələri tətbiq edilir, hətta bəzi hallarda əksər ölkələri üstələyən xidmətlər yaradılır. Əsas məqsədi dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək olan Elektron Hökumətin İnkişafı Mərkəzinin fəaliyyəti birbaşa olaraq rəqəmsallaşmaya, institusional yeniliklərin və innovativ xidmətlərin tətbiqinə bağlıdır.
Dövlət idarəetməsinin rəqəmsal transformasiyası, dövlət xidmətlərinin elektrona çerilməsi istiqamətində xeyli addımlar atılıb, səlahiyyətli dövlət qurumları müəyyənləşdirilib.
Son illərdə həyatımıza daxil olan elektron xidmətlərdən biri də elektron ödəniş sistemləridir. Elektron ödənişlər əhaliyə vaxta qənaət, nağd pul daşınmasının yaratdığı təhlükələrdən qorunmaq, saxta əskinaslarla hesablaşmamaq, internet üzərindən mal almaq və ya kommunal xərcləri ödəmək imkanları yaradır. Həmçinin ticarət və xidmət obyektlərinə də saxta pullarla hesablaşma riskinin aradan qaldırılması, qalıq məbləğin müştəriyə qaytarılması üçün kiçik əskinaslara ehtiyacın yaranmaması üstünlüyü verir.
Bu dəfə isə həyatımıza yeni qədəm qoyan ödəniş vasitəsi –“ToyPay”dır.
Toylarda pul yığımını artıq elektronlaşdırılmış yeni üsulla həyata keçirən aparat barədə yayılan məlumatlar insanlar tərəfindən böyük maraqla qarşılanıb.
Toy məclislərində ev sahibinin qarşılaşdığı çətinlikləri və qayğıları nəzərə alsaq, bu yenilik faydalı olacaq. Bundan öncə toya qədərki hazırlıqlar və toy məclisindən sonra hədiyyə ödənişi konvertlə salınırdı. Yığılan vəsaitin qeydiyyatını, haqq-hesabını aparmaq üçün isə ev yiyəsi ayrıca bir etibarlı adamına bu işi tapşırmalı olurdu və bəzən buna görə problem yaşanırdı. İndi isə bunu toy sahibinin əvəzinə terminal görəcək.
"ToyPay" şirkətinin direktoru Elşən Quliyev elektron terminallar və proqram təminatı ilə bağlı danışarkən bildirib ki, yeni elektron terminallar toy məclislərində hədiyyə ödənişlərin yığımını asanlaşdıran müasir üsuldur.
O, bu ideyanı komandası ilə birgə, ev sahibinin toy boyu yaşadığı stressin qarşısını almaq üçün ərsəyə gətiriblər: "ToyPay" şirkəti tərəfindən təqdim edilən bu xidmət şadlıq sarayı vasitəsilə toy sahiblərinə elektron terminalların icarəsini həyata keçirməyə imkan verir. Terminal seçimi könüllülük prinsipinə əsaslanır. Restoranlar belə bir aparatı bir toy üçün 200 manata kirayələyə bilər. Terminallar manatla yanaşı dollar və avro da qəbul edəcək".
Şirkət rəhbərinin sözlərinə görə, terminallarda aparılan əməliyyat üzrə heç bir faiz və ya komissiya haqqı nəzərdə tutulmur: "Terminallar vasitəsilə ödəniş edildikdə heç bir vergi tətbiq olunmur və bu səbəbdən çeklər vasitəsilə ƏDV qaytarılmır. Başqa sözlə, bu gün qutulara vergi tətbiq edilmədiyi kimi terminala da tətbiq olunmur. Bu baxımdan, terminalın heç bir fərqi yoxdur. Amma gələcəkdə məsələ ilə bağlı hər hansı dəyişiklik olsa, biz də qanuna əsasən hərəkət edəcəyik.
Əgər bu terminallarla yalnız toyun keçirildiyi məkanda ödəniş etmək mümkün olacaqsa, şirkətin istifadəyə verəcəyi mobil tətbiq vasitəsilə toylara pulun yazılması prosesi nağdsız və məsafəli şəkildə də həyata keçiriləcək”.
E.Quliyev yaradıcısı olduğu şirkətin layihəsi olan "ToyPoy”dan istifadə məsələsinə toxunub. Bildirib ki, yeni üsul ahıl yaşda insanlar arasında sınaqdan keçirilib və hazırda real toyda elektron terminallardan istifadə olunur və hələlik kart sistemi ilə deyil, yalnız nağd ödənişlər şəklində həyata keçirilir” (Ednews).
İqtisadçı Natiq Cəfərli isə məsələyə fərqli münasibət sərgiləyir. O, “Şərq”ə açıqlamasında qeyd edib ki, şadlıq saraylarında istifadə olunan ənənəvi nəmər qutuları hələ də ən şəffaf qutular hesab edilir:
- Hansısa şirkət aparat icad edib və onun tətbiqini həyata keçirmək istəyir. Belə bir aparatın heç bir hüquqi, məntiqi izahı yoxdur. Kimsə onlardan xahiş edib ki, suz Allah, terminal icad edin, toyda toplanan pulları saymaqda çətinlik çəkirik, stress keçiririk, aparat yaxşıdı, qoyaq foyeyə, qonaqlar ödəniş etsin. Toy sahiblərinin telefonuna da mesaj gəlsin?!.
Toy sahiblərinin gözü bütün toy boyu telefonda qalar, görək kim gəldi, kim nə qədər nəmər saldı. Fikrimcə, bu, məntiqsiz, lazımsız bir aparatdır. İnsanları yeni qaydaya məcbur etməyə nə ehtiyac var axı? Bunun nə vergisi var, nə faizi, nə komissiyası. Deməli hesabatı, uçotu da yoxdur, heç bir qeydiyyat da aparılmır. Vergi ödəyicisi deyilsə, deməli heç bir öhdəlik də doğurmur. Heç bir hüquqi əsası da yoxdur. Yəni şəxsi biznezdir. Həm də dövlətə heç bir aidiyyəti olmayan. O zaman bu aparatın dövlətlə vətəndaş münasibətlərinə nə aidiyyəti var? Heç bir aidiyyəti yoxdur.
Şadlıq saraylarında toy sahiblərinin nəmərdən əldə etdiyi gəlirdən onsuz da vergi tutulmur. Bu, toy sahibi ilə şadlıq sarayı arasında yaşanan haldır. Vergi tutulmaması tamamilə doğrudur. Ümumiyyətlə bu tip məsələlərdə vergi tutulması tətbiq edilmir.
Hesab edirəm ki, bu aparat əlavə yük olacaq. Hər bir yenilik vətəndaşın davranış qaydalarına uyğun olmalıdır. Uyğun deyilsə, deməli, əlavə yükdür. Bu aparatları kim “icad edibsə”, şadlıq saraylarına satacaqlar. Lakin insanların bu aparatları normal və müsbət qarşılayacağı sual altındadır.