BDU-nun müəllimi jurnalistlə razılaşmır:“Antireklam özü reklamdır” 

Jurnalist Ağa Cəfərli Feysbuk hesabında televiziyalarla bağlı tənqidi paylaşım edib. Həmkarımız yazıb:
"Bayaq bir video qarşıma çıxıb. Televiziyalardan birində guya, zarafat edirlər: "Zaur müğənnini nəzərdə tutaraq, deyir ki, bunu kim alıbsa, vurub. Meyxanaçı da fikir bildirir ki, alan vurar da. O biri də söyləyir ki, heç nə, zəmanə pisdir, vuran vuranadır. Belə absurd, xalqın ruhunu oxşamayan söhbətlər. Bu cür "zarafatlar"ın efirə yol tapdığını bilmirdim, vallah, bir az olar öyrənmişəm".

BDU-nun Jurnalistika fakültəsinin müəllimi Nəmənd Rüstəmov "Sherg.az"a açıqlamasında bildirib ki, verilişdəki həmin dialoq yeni deyil:

"Üstüörtülü, vulqar zarafatlara telekanallarda çox rast gəlinir. Bu məsələlərin yenidən gündəmə gətirilməsi, işıqlandırılması yaxşı hal deyil. Proses canlı verilişdə baş verir, aparıcının kimləsə zarafatı ola bilər.

 Efir günün çox hissəsini şoumen kimi fəaliyyət göstərən şəxs üçün adiləşir, həyat tərzinə çevrilir. İnsandır, zarafat da etməlidir, deyib-gülməlidir də. Bir neçə ildən sonra birinin sözünü neqativ yönlü müzakirə etmək ona əlavə dividend gətirir. Marketinqdə belə bir qayda var: antireklam özü reklamdır. Sanki insanı tənqid edirsən, amma nəticədə ona marağ daha da artır. 

Analoji durumların diskussiyasını optimal saymıram. Canlı efirdə fors-majorlar, sanki "ağızdan qaçan sözlər"ə şahidlik etmək mümkündür. Gündəmdə qalmaq üçün şou-biznesə meyilli cameə bu sayaq “pryom”lardan istifadə edirlər. Bununla bağlı Azərbaycan Respublikası Audiovizial Şura var. 

Ötən günlərdə Space TV-nin efirində Elçin Əlibəylinin işlətdiyi sözə görə, ciddi xəbərdarlıq olub. Təqdirəlayiqdir. Əgər bənzər hal varsa, araşdırılıb, cəzalandırılsın, cərimə tətbiq olunsun. Dövlətin məsul strukturu bu məsələləri diqqətdə saxlayır. Televiziya çağırılmamış qonaqdır. Bu cür söhbətlər gənclərimizə pis nümunədir".