Azərbaycan Respublikası Audiovizual Şurası “ARB” televiziya kanalında yayımlanan “Həmin Zaur” proqramı müğənni Afşin Azərinin efirdən çıxarılması faktına münasibət bildirib. Qurumdan söylənilib ki, Şura audiovizual proqramların yayımı zamanı qanunvericiliyin pozulması hallarında hər hansı bir reaksiyanı verir.
O da vurğulanıb ki, yaranan xoşagəlməz hala baxmayaraq, yayım zamanı qanunvericilyin pozulması faktı qeydə alınmayıb:
Lakin ictimai reaksiyanı nəzərə alaraq Şura tərəfindən ARB kanalının rəhbərliyinə müəyyən tövsiyə və izahatlar verilib, həmçinin gələcəkdə belə ictimai qınağa səbəb olan halların təkrarlanmaması üçün xəbərdarlıq ünvanlanıb.
Xatırladaq ki, aparıcı Zaur Kamal cənubi azərbaycanlı müğənni Afşin Azəri arasında gərgin anlar yaşanıb. Zaur “Həmin Zaur” verilişində qonaq olan Afşini studiyadan çıxarıb.
“Efirdən kənarda mənimlə başqa tonda danışdınız, xoşuma gəlmədi” deyərək ifaçıdan verilişi tərk etməsini istəyib. Afşin Azəri isə “sizin dedikləriniz yadıma gəlmir” deyərək etiraz fikri səsləndirib.
Zaur Kamal daha sonra “Kişilikdən deyil ki, məni görəndə kənara fırlanırsız. Mən səni bu gün efirdən çıxaracam. Sən bir də mənim proqramımda olmayacaqsan” deyərək reklam fasiləsinə çıxıb.
Sözügedən açıqlamanı "Sherg.az"a dəyərləndirən professor, telejurnalist Qulu Məhərrəmli Audiovizual Şuranın yanaşmasını mahiyyət etibarilə obyektiv qiymətləndirib:
"Dərindən təhlil etsək, hüquq pozuntuları nəzərə çarpar. Amma indiki halda Şura sadəcə televiziyaya xəbərdarlıq ünvanlayır. Şuranın müəyyən tədbir görəcəyini gözləmirəm.
Çünki tədbir görmək birbaşa televiziyanın daxili işinə qarışmaq deməkdir. Şura belə məsələlərlə bağlı televiziyanın qabaqlayıcı tədbir görməsini uyğun hesab edir.
Bu təkcə bir televiziya kanalına və aparacıya xəbərdarlıq sayılmır. Bütün telekanallara, xüsusilə şou proqramlara aiddir. Təəssüf ki, həmin proqramların aparıcılarının hamısı normativ düşüncədə deyil, davranışlarına və danışıqlarına nəzarət edə bilmirlər.
Televiziyalar elə aparıcılara münasibətdə ayıq mövqe sərgiləməlidilər. Başqa bir aparıcı da özbaşınalıq edərsə, ictimai rezonans yarana bilər".