Jurnalistlərin bilik və bacarıqlarının daha da artırılması, ixtisaslaşması məqsədilə Azərbaycanda data jurnalistikasının təşviqi əsas hədəf müəyyən olunub. Xüsusilə data jurnalistikasının inkişafı istiqamətində qarşıda duran bir sıra planlar var.
Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılovun sözlərinə görə, data jurnalistikasının inkişafı ilə bağlı xarici ölkələrdən peşəkar mütəxəssislər cəlb ediləcək və datanın cəmiyyətdə kommunikasiyasına dəstək veriləcək.
İnformasiya texnologiyaları və yeni media eksperti Emin Hüseynzadə "Şərq" ə açıqlamasında ən azı 5-6 ildir data jurnalistikasının Azərbaycanda yayılması, təbliğatı, bu sahədə materialların yaradılması, Universitet tələbələrinin, müxtəlif media quruluşlarının bu sahədə məlumatlandırılması işi ilə şəxsən məşğul olduğunu xatırladıb.
Data jurnalistikası ilə ənənəvi media arasındakı fərqlərə toxunan mütəxəssis hesab edir ki, Azərbaycan jurnalistləri daha çox humanitar sahəyə fokuslandıqları üçün riyazi və texniki biliklərin tələb olunduğu data jurnalistikası onlara çətinlik törədir. Bu sahənin çətinliyi onun bir neçə etapdan keçməsi ilə bağlıdır: "Data jurnalistika dedikdə açıq verilənlərin toplanması və onların aydın məhsul kimi təmizlənib, emal olunub, analiz edildikdən sonra təqdim olunması başa düşülür.
Hər şeyin rəqəmsallaşdığı dünyada bu gün insanın hətta düşüncələrini də rəqəmsallaşdırıb məlumat bazasına daxil etmək olar. Data jurnalistikasının vəzifəsi də bu məlumatları sadələşdirib başa düşülən formada insanlara təqdim etməkdir. Data jurnalistikası sosial, iqtisadiyyat, təhsil, siyasət, elm sahələrində də açıq məlumatlardan istifadə etməklə, geniş tədqiqatlar aparmaqla məlumatların müqayisəsini apara və onların əsasında müvafiq infoqrafiya hazırlaya və beləliklə də onların ictimai əhəmiyyətini artıra bilər".
Azərbaycanda data jurnalistikası ilə məşğul olan media orqanlarının minimal sayda olduğunu vurğulayan E.Hüseynzadə bildirib ki, "Əslində.com" saytı sırf bu sahə üzrə ixtisaslaşıb. Bir neçə saytlarda isə bu istiqamətdə müəyyən addımlar atılıb və yaxud atılmaqdadır:
"Data jurnalistikasının inkişafı ilə bağlı xarici ölkələrdən peşəkar mütəxəssislər cəlb edilməsinə gəldikdə isə buna ehtiyac görmürəm. Bu sahədə ölkəmizdə peşəkar və ixtisaslı kadrlar var. Vizuallaşma ilə bağlı texniki alətlər, hətta Azərbaycan dilində materiallarımız belə hazırdır. Data analizi ilə bağlı həm media, həm də biznes sahəsində mütəxəssis yetişdirəcək məktəblərimiz belə var. Yəni xarici mütəxəssislər cəlb etməyə heç bir ehtiyac yoxdur. Elə yerli mütəxəssislərimizi təlimlərə cəlb etməklə Azərbaycanda data jurnalistikasının inkişafına nail olmaq mümkündür. Resurs baxımından data jurnalistikası bütün medialar üçün yararlı olmasa da dövrün tələbatıdır.
Xatırladım ki, biz Azərbaycan universitetlərində data jurnalistlərin yetişdirilməsi üçün ayrıca təlim modul yazmışıq. Bu modulda proqram, material, sual-cavablar var. Universitetlər tədris edə bilərlər.
"Azvision.az" saytının baş redaktoru Vüsal Məmmədov isə hesab edir ki, bizim istifadə etdiyimiz ənənəvi janrlarla müqayisədə data jurnalistika daha çətin, amma eyni zamanda, əsaslı və vacib sahədir:
"Bu, jurnalistika ilə dəqiq elmlərin qovşağında yaranan sahədir. Gələcəyin jurnalistikası məhz bu olacaq, çünki cəmiyyət mürəkkəbləşdikcə ənənəvi janrlar ona diaqnoz qoymaqda çətinlik çəkir. Məsələn, Mirzə Cəlilə cəmiyyətin çatışmazlığını, əyər-əskiklərini göstərmək üçün publisistika bəs edirdisə, artıq bu, kifayət deyil. İndi real vəziyyəti görə və göstərə bilmək üçün statistikaya, qrafiklərə, diaqramlara, infoqrafiklərə ehtiyac var. Bu olmazsa, biz XXI əsrin jurnalistikasına adlaya bilməyəcəyik. Mürəkkəb postsənaye cəmiyyəti mürəkkəb də metodlar tələb edir. Ona görə də başqa yolumuz yoxdur. Bu metodları öyrənməli, tətbiq etməli və öyrətməliyik. Ya da qələmimizi cibimizə qoymalıyıq. Bu arada, jurnalistika getdikcə daha çox komanda işinə çevrilir, çünki data jurnalistikada tək müəllifdən səs çıxmayacaq".