Son vaxtlar ölkədə intiharla bağlı xəbərlər az qala hər gün qəzet və saytların manşetini “bəzəyir”. Dəhşətli tərəfi də odur ki, özünü öldürən insanlar barədə informasiyaların ictimaiyyətə təqdim edilməsi bəzən intihara söqvetmə ilə nəticələnir. Nəzərə almaq lazımdır ki, mətbuat orqanlarını müxtəlif psixologiyada, yaş həddində olan cəmiyyət izləyir. Bəzi səriştəsiz media subyektlərinin özündə intiharı əks etdirən məlumatları yayması toplumun özünüqəsdə sürüklənməsinə yol açır. Analoji faicəvi hallarla bağlı mütəmadi olaraq, mətbuat işçiləri, sosioloqlar, psixoloqlar və s. sahə adamları intihara gətirib, çıxaran xəbər başlıqlarının yolverilməz olduğunu diqqətə çatdırır.
Öz açıqlamalarında, müsahibələrində intihar xəbərlərinin ya peşəkar səviyyədə verilməsi, əks təqdirdə heç yayılmamasını vurğulayırlar. Artıq Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi də məsələ barədə tövsiyələrini verir. Mətbuat orqanlarını intihardolu xəbərlərin paylaşılmasında diqqətli olmağa çağırır. Agentliyin yaydığı açıqlamada bildirilir:
- Axır zamanlar bir sıra media subyektləri intihar halları ilə bağlı xəbərlərin geniş tirajlanması, xüsusən də yetkinlik yaşına çatmayan şəxslərin özünə qəsd etməsi ilə əlaqədar mövzuları işləyərkən jurnalist peşəkarlığı baxımından yol verilən qüsurlar cəmiyyətdə narahatlıq yaratmaqla, haqlı olaraq, ictimai narazılığa səbəb olur.
Xüsusi vurğulamaq istərdik ki, Azərbaycan Respublikasının Audiovizual Şurası və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən bu ilin aprel ayında ölkənin bütün media subyektlərinə tövsiyə olunmuş “Redaksiya siyasəti və peşə etikası qaydaları”nda qeyd olunduğu kimi intihara cəhdlə bağlı xəbərlərin təsviri təqlid hissi oyatmamalıdır. İntiharın üsulunu və hadisənin detallarını açıqlamaq, başlığa çıxarmaq, mübaliğəyə yol vermək arzuolunan deyil, eyni zamanda jurnalist peşəkarlığının göstəricisi hesab edilə bilməz.
Zorakılıq, intihar və s. bu kimi insanların sağlamlığına və təhlükəsizliyinə dair mənfi təzahürlərlə bağlı məlumatlar adekvat tərzdə işıqlandırılmalı, onların təbliğinə və təsir gücünün artırılmasına yol verilməməlidir.
Eyni zamanda əhalinin həssas qruplarına, uşaqların, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vuran məlumat, o cümlədən təsvirlərdən istifadə olunmamalıdır. Xatırlatmağı zəruri hesab edirik ki, uşaqlara münasibətdə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə birmənalı şəkildə əməl edilməlidir.
Unutmaq olmaz ki, peşəkar media ictimai əhəmiyyətli informasiyalarla cəmiyyəti məlumatlandırmaq kimi şərəfli və məsuliyyətli missiyanı yerinə yetirir. İntihar halları və bu qəbildən olan digər təzahürlərlə bağlı materialları işıqlandırarkən medianı ictimaiyyət qarşısındakı məsuliyyətinə diqqətlə yanaşmağa və peşəkar həssaslıq nümayiş etdirməyə çağırırıq.
Mövzu ilə bağlı “Pravda.az” saytının baş redaktoru İlkin Pirəli "Sherg.az"a bildirib ki, media nümayəndələri intihar xəbərləri ilə bağlı diqqətli olmalıdırlar:
"Çünki həssas məsələdir. Medianın İnkişafı Agentliyi də bu tip xəbərlər barədə tövsiyələrini verib.
Burada tələb qoyulmur ki, intihar xəbərləri verilməsin. Verilsin, sadəcə, xəbər kimi. Təfərrüat, detallar olmamalıdır, belə informasiyaları manşetlərə daşımaq olmaz.
Çünki suisid məlumatı oxuculara hansısa formada neqativ təsir bağışlaya bilər.
Yaxşı olar ki, media intihar hallarının qarşısının alınması üçün maarifləndirmə işi aparsın. Onu yaradan problemlərə işıq salsın. İntihar hadisələri niyə baş verir, hansı səbəbdən və s. kimi problemlər kökündən həll edilməlidir.
Burada dövlət qurumları, Kütləvi İnformasiya Vasitələri, vətəndaş cəmiyyəti birgə çalışmalıdır.
Təkcə jurnalistləri günahlandırmaq da düzgün deyil. Media intihar xəbərlərini verməyəcəksə, sözügedən hadisələr azalacaqmı? Əlbəttə, xeyr. Bu, məsələnin aradan qaldırılması üçün bir istiqamətdir. Digər sahələrdə də iş aparılmalıdır ki, belə xoşagəlməz vəziyyətlərlə qarşılaşmayaq.
Bəzi hallarda görürük, kimsə intihara cəhd edirsə, jurnalistlərdən başqa 10-15 nəfər də telefonla çəkir. Daha sonra onu sosial şəbəkələrdə yerləşdirirlər. Jurnalist foto və video çəkirsə, onun hansı hissəsinin yayımlanacağını bilir. Lakin sadə vətəndaşların sahə üzrə bilgiləri yoxdur axı, çəkdikləri kimi paylaşırlar. Buradakı problem həm də sosial şəbəkənin yaratdığı imkanlardır, ondan düzgün istifadə edilməlidir. Nəzərə almalıyıq ki, ayrı-ayrı şəxslərin də canlı yayıma çıxmaq imkanları var.
Doğrusu, “Pravda.az” xəbər portalında intihar xəbərləri, demək olar ki, yayımlanmır. Adıçəkilən məsələdə dövlətin tövsiyələrinə tam əməl edirik".