“Azərbaycanın daxilində qarışıqlıq, panika yaratmaq niyyəti güdülür”
“Hər bir media nümayəndəsi, sosial şəbəkə istifadəçisi ciddi məsuliyyət hissi daşımalıdır”
Müzəffər Azərbaycan ordusu hər zaman ərazilərimizin bütövlüyü, qələbəmiz naminə torpaq uğrunda savaşmağa hazırdır. 44 günlük Vətən müharibəsindən alını açıq, üzü ağ çıxmışıq. 10 Noyabr Bəyannaməsinin şərtlərinə məhəl qoymayan Ermənistan yenə də dinc durmur, zaman-zaman bir sıra təxribatlara əl atır və hələ də davam etməkdədir. Xalqımızın qəhrəman, məğrur oğulları isə daim mənfur düşməni adekvat cavablarla susdurur, yerinə oturdur. Ötən gün təəssüf ki, terrorçuların mövqelərimizi atəşə tutması nəticəsində bir əsgərimiz şəhidlik zirvəsinə ucaldı.
Daha sonra Azərbaycan Ordusu “Qisas” əməliyyatı keçirib. Ermənilərin canlı qüvvəsi və texnikası məhv edilib. Lakin daha bir təəssüf doğuran məqam isə belə həssas dönəmdə bəzi media subyektlərinin, sosial şəbəkə istifadəçilərinin paylaşdığı dezinformasiyalardır. Kövrək bir zamanda uşaqdan böyüyə hər kəs narahatlıq içərisində televiziya, radio, qəzet və saytları izləyir. Yanlış bir məlumatın ictimai platformaya yansıması insanlar arasında çaşqınlığa səbəb olur. Hətta bəzən öz reytinqlərini yüksəltmək, baxış, oxucu sayını artırmaq naminə köhnə foto və videoların əsasında “yeni xəbərlər”in təqdim edilməsinə yol verilir. Ordunun fəaliyyəti barədə smartfonlarla çəkilən təkcə bir fotonun yayılması düşmən tərəfin koordinatlarımızı bilməsinə, ərazimizlə bağlı kəşfiyyat aparmasına əsas yaradır. Bu da birbaşa vətən keşiyində dayanan mərd əsgərlərimizin həyatının təhlükəyə atılması ilə nəticələnə bilər. Arxa cəbhədəki insanlar informasiya savaşında qalib gələ bilmək üçün ordu barədə hər eşitdikləri feyk xəbəri paylaşmamalıdırlar. Çünki ön cəbhədə nə baş verdiyini, hansı müsbət və ya mənfi hadisələrin yaşandığını evimizdən oturub, deyə bilmərik. Ona görə də hər bir vətəndaş vəzifəsindən, tutduğu mövqedən asılı olmayaraq, məsələyə son dərəcə diqqətli yanaşmalı, yalnız rəsmi qurumların yaydığı informasiyalara inanmalı, istinad etməlidir.
"525-ci" qəzetin baş redaktoru Rəşad Məcid "Sherg.az"a bildirib ki, Müdafiə Nazirliyi, rəsmi qurumlar, eyni zamanda Azərbaycan Mətbuat Şurası dəfələrlə həm media nümayəndələrinə, həm sosial şəbəkə istifadəçilərinə müraciətlər ünvanlayaraq, hərbi əməliyyatlar zamanı dövlətimizin təhlükəsizliyinə xələl gətirə biləcək yazılara və statuslara yolverilməməsi barədə çağırış edib:
"Xüsusən də son günlərdə baş verən hadisələr zamanı görürük ki, müraciətlərə əməl edən, ciddi media savadlılığı qaydasında olan sosial şəbəkə istifadəçiləri var. Amma təəssüf ki, bəziləri yenə də emosionallıqdan, bilərəkdən və ya bilməyərəkdən bu kimi hallara şərait yaradırlar. Öz statuslarımda da, Mətbuat Şurası İdarə Heyətinin üzvü kimi də vaxtı gələndə münasibətimi açıqlayıram. Hazırda elə məqamdır ki, hərbi əməliyyatlar getdiyi vaxtda rəsmi qurumların, MN-nin informasiyasını gözləməliyik. Tələskənlik görülən işə, dövlətimizə zərər vura bilər. Hər bir media nümayəndəsi, sosial şəbəkə istifadəçisi ciddi məsuliyyət hissi daşımalıdır. Eyni zamanda sosial platformalar ölkəmizə düşmən olan qüvvələrin qəsdən yaydığı "fake" informasiyalarla doludur. Həmçinin Azərbaycanın daxilində qarışıqlıq, panika yaratmaq niyyəti güdülür. Sözügedən məsələlərdə hədsiz soyuqqanlı və təmkinli davranmaq lazımdır. Son hadisələrdə bir az ləng olsa da, MN-nin yaydığı videolar və informasiyalarla kifayətlənmək yetərlidir. Bəziləri özlərini ağıllı göstərərək, lazımsız şərhlər verirlər. Ehtiyatlı olmaq önəmlidir".
R.Məcidin qənaətincə, məlum problemlə bağlı dövlət qurumlarının müraciətləri ilə yanaşı Mətbuat Şurasının fəallığına ehtiyac var:
"Şuranın sədri, üzvləri tez-tez məsələ barədə fikirlərini bildirirlər. Lakin əfsuslar olsun ki, yenə də mövcud vəziyyət tam aradan qalxacaq şəkildə qaydasına düşmür. Bunu gözləmək də sadəlövhlükdür. Çünki sosial şəbəkə seqmentində məlum olmayan “feyk” profillər görürük. Bizə yad və düşmən olan qüvvələrin nəzarətindəki hesablar qəsdən suyu bulandırmağa, Azərbaycan cəmiyyətində xof yaratmağa çalışırlar. Ayıq media nümayəndələri, sosial şəbəkə istifadəçiləri isə lazımi cavablar verib, qarşısını almalıdırlar".