“Ona qarşı Ölkənin Kütləvi İnformasiya Vasitələrinin çərçivələrini genişləndirmək, tənqid dəhlizini böyütmək lazımdır”
Bu gün Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda konfrans keçirilib. Müşavirədə baş prokuror Kamran Əliyev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, həmçinin nüfuzlu media qurumlarının rəhbərləri, ali təhsil müəssisələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. İclasda çıxış edən Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib ki, sosial şəbəkələrin tənzimlənməsi üçün müəyyən tədbirlər görülməlidir:
"Dünyanın aparıcı dövlətləri sosial şəbəkələri tənzimləmək üçün qanunlar qəbul edirlər. Elə mövzular var ki, onların tənzimlənməsi üçün qanunlar hazırlanır. Dünyada sosial şəbəkələr güc mərkəzi kimi çıxış edirlər. Bunun nizama salınması üçün müəyyən qabaqlayıcı işlər görülməlidir. Ayrı-ayrı dövlətlər prosesi həyata keçirir. Məsələn, Fransada çoxsaylı məsələlər var ki, onlarla bağlı nifrət çıxışının qarşısının alınması üçün qanun hazırlanıb. Hazırda Almaniya, Polşa, Fransa və digər ölkələrdə bu cür qanunlar üzrə işlər tamamlanıb. Sosial şəbəkəni tənzimləyək,- deyə bir məsələ yoxdur. Ancaq sosial platformalarda uşaqların, müəllif və digər hüquqların qorunmasına zərurət yaranıb".
“Yeni Müsavat» Media Qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlu “Sherg.az"a açıqlamasında bildirib, Azərbaycanda informasiya mühiti çirklənib və adına “reket” mediası dediyimiz mütəşəkkil cinayətkar dəstə sosial mediaya tam halında transfer olunub:
"Xüsusən də Yutüb və Feysbuk platformalarına axın ediblər. Bu da ölkədə informasiya çirkliliyi və təhlükəsizliyi dərəcəsinə, səviyyəsinə təsir göstərir. Azərbaycan jurnalistikasında təxminən 20 mindən yuxarı vəsiqə daşıyan “reket” mövcuddur. Onlara heç kim heç nə demir. Tədbirlə bağlı isə bir neçə uğursuz məqamlar oldu.
Birincisi, təşkilatçıların vasitəçiliyi ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində media azadlığına dair tədbirin keçirilməsi yanlışdır. Bundan başqa, ardıcıllıq düzgün deyildi. İclas Azərbaycan Mətbuat Şurasının, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşəbbüsü ilə keçirilməlidir. Prokurorluq, digər məhkəmə və hüquq-mühafizə orqanları isə baş tutacaq tədbirə dəvət edilməlidir. Yəni ölkənin media münasibətlərini tənzimləyən bu iki qurum kənarda qalıb, məhkəmə və hüquq mühafizə orqanlarının ev sahibliyi ilə konfrans keçirilir. Əlbəttə ki, bütün bunların hamısı əminəm ki, xoş niyyətdən doğur. Media nümayəndələrinin məsələni qaldırdığı kimi, informasya mühitinin çirkabdan təmizlənməsi üçün çalışırlar”.
Baş yazar diqqətə çatdırıb ki, Azərbaycan informasiya müharibəsinə məruz qalan bir dövlətdir:
“Sosial şəbəkələrdəki açıq qapıdan istifadə edib, cəmiyyətə təsir edən yad ünsürlərə qarşı mübarizə aparmağa səy göstərmək arzuolunan məramdır. Amma axı proseslərin ardıcıllığı, protokol qaydaları var. Bir neçə dəfə mövzu üzrə təşəbbüskarlıq və aparıcılığın media təsisatlarına verilməsi istiqamətində məsələ ilə çıxış etdim. Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Dövlər Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi və digər güc strukturları çağırışlarımıza sadəcə cavab və dəstək verməlidirlər. Daha Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə toplayıb, bildiklərimizdən də zəif məruzələr oxumağa gərək yoxdur. Artıq sosial media dünyanın gücü, əsas hakimiyyətidir. Dünya çapında bir səlahiyyətə malik qüvvəni dövlətin cinayət məcəlləsi ilə məhdudlaşdırmaq qeyri-mümkündür. Sosial platformaya inteqrasiya olunmaq lazımdır. Ona qarşı müharibə və mübarizə aparmaq imkansız və səhvdir.
Ölkənin Kütləvi İnformasiya Vasitələrinin çərçivələrini genişləndirmək, tənqid dəhlizini böyütmək lazımdır. Azərbaycan mətbuatının nəhəng imzaları, qələmləri var. Onlara məhdudiyyət qoyulur. Yazıları, fikirləri, hətta sosial şəbəkədəki paylaşımları hüdudlanır. Bölüşdükləri münasibətə irad bildirilir, "yığışdır" deyilir, xahiş və ya tələb olunur.
Belə bir cəmiyyətdə də qeyri-professonallar, söyüş söyənlər, özünü tanımayanlar sosial media fenomeninə çevrilir. Prinsipcə prokrorluğun təşəbbüsü altında xeyirxah addım yatır.
Amma təklifin onlardan gəlməsi nonsensdir. Tədbirin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində gerçəkləşdirilməsi ümumiyyətlə, absurddur. Başqa yer tapa bilmədilərmi?!".