"Mətbuat Şurası (MŞ) yaranandan idarə heyətinin üzvüyəm. Bu dəfə də jurnalistlər mənə etimad göstərsə, üzv olacam".
Bunu "Sherg.az"a açıqlamasında "525-ci" qəzetin baş redaktoru Rəşad Məcid Mətbuat Şurasının ( MŞ ) keçirilməsi nəzərdə tutulan VIII qurultayı ilə bağlı danışarkən deyib.
Baş yazar bildirib ki, MŞ-in idarə heyətində gənclər təmsil olunmalıdırlar:
"Bu təşkilatda müasir texnologiyalara, yeni mediaya bələd gənclər yer tutmalıdır. Gənclər mübarizə aparmağa çalışsınlar. Gənc texnobloqer Fərid Pərdəşünasın, Hacıbəy Heydərlinin namizədliyini yüksək qiymətləndirirəm. Həmişə olduğu kimi budəfəki qurultayda da demokratik, yüksək səviyyəli seçim reallaşacaq".
R.Məcid MŞ-dəki seçim prosedurundan söz açıb:
"Jurnalistlər MŞ idarə heyətinə namizədlik verir. Sonra qurultayda MŞ idarə heyəti seçilir. İdarə heyətinin içindən də sədr müəyyənləşdirirlər”.
R.Məcid onu da əlavə edib ki, hazırkı sədr Əflatun Amaşov MŞ-in yaranmasında, möhkəmlənməsində böyük fəaliyyət göstərib:
“O namizədliyini irəli sürməsə, idarə heyətinin üzvlərindən biri namizəd olacaq. Qurultay nümayəndələrinin inandığı namizəd də sədr təyin ediləcək".
Qeyd edək ki, sentyabrın 24-də Azərbaycan jurnalistlərinin qurultayı keçiriləcək. Qurultayda Mətbuat Şurasının İdarə Heyəti yenilənəcək.