“Dövlət media tablosunu pərakəndə görmək istəmir. Bu, həm də jurnalistlərin maraqlarına cavab verir”
“Media Reyestrinin meydana çıxması cəmiyyətin tələbi idi”.
Bunu “Sherg.az”a açıqlamasında “Pravda.az”ın baş redaktoru İlkin Pirəli Media Reyesterinin aparılması qaydalarının tənzimlənməsinə münasibət bildirərkən deyib.
Baş yazar qeyd edib ki, media sahəsində islahatların dərinləşdirilməsi, o cümlədən də reyestrin meydana çıxması zamanın tələbidir:
“Dövlət hansısa addımı atırsa, əvvəlcə ictimai rəy öyrənilir. Etiraf etmək lazımdır ki, son iki ilədək bu sahədə xaos hökm sürürdü. Ötən ilin yanvarında Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərmanın icra müddətində, neqativlərin əhəmiyyətli hissəsi aradan qaldırıldı. Proses hələ davam etməkdədir. İslahatların ən önəmli hissəsi Media Reyestrinin yaradılması idi. Təsəvvür edin, dövlət jurnalisti üçün platforma yaradaraq cəmiyyətə təqdim edir. Yəni kimlərsə bu addan sui-istifadə etməsin. Bu reyestr həm də dövlət qurumlarını məsuliyyətli olmağa dəvət edir. Dövlət media tablosunu pərakəndə görmək istəmir.
Bu, həm də jurnalistlərin maraqlarına cavab verir. Bəzi hallarda məhdudiyyətlərin olacağı fikri ortaya atılır. Lakin qaydalar ortadadır və hər hansı məhdudiyyət qeyd olunmayıb. Burada sənəddən kənar iş həyata keçiriləsi deyil ki?! Reyestrə daxil olmaq isə məcburi deyil.
Kim istəməsə, sistemə daxil edilməyəcək. Amma jurnalist media sahəsinin düzənə salınmasında, inkişafında maraqlı olmalıdır. Reyestrin müsbət tərəfləri kifayət qədərdir. Medianın İnkişafı Agentliyinin nümayəndələri bununla bağlı məlumat veriblər, maarifləndiriblər. Baxın, əvvəllər redaksiyalarda jurnalistlər müqaviləsiz-sənədsiz çalışırdılar.
İndi tələb olunur ki, jurnalistlə əmək müqaviləsi bağlanılsın. Bundan irəli gələrək onlar güzəştli ipotekadan yararlana biləcəklər..Dövlətin media sahəsi ilə bağlı atacağı addımlardan yalnız reyestrə daxil olan həmkarlarımız istifadə edəcəklər”.