“Media reyestri bu sahədə bir aydınlaşma yaradılıması, ciddi və qeyri-ciddi medianın sərhədlərinin müəyyənləşdirilməsi baxımından yeni, həmçinin təsirli bir alətdir”
“Qeydiyyata alına bilməyənlər isə görünür, hamı üçün eyni olan tələbləri yerinə yetirmək gücündə deyillər”
"İstənilən yeniliyə, qəbul edilən yeni qanunlara, tətbiq olunan qaydalara fərqli, obyektiv və ya subyektiv münasibətin olması normaldır. Təcrübə göstərir ki, istər ölkəmizdə, istərsə də bütün dünyada tətbiq olunan yeniliklər, qayda-qanunların belə deyək, “qəlibləri”, heç də hamının ölçülərinə uyğun gəlmir".
Bunu "Sherg.az"a "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal “Media haqqında” qanun və Media reyestrinə qarşı aparılan kampaniyaya münasibət bildirərkən deyib. Onun sözlərinə görə, həm insanlar, həm də təşkilatlar özlərini qayda və qanunlara uyğunlaşdırmalı olurlar:
"Həmçinin, zaman-zaman qayda-qanunlar dövrün tələblərinə uyğun olaraq dəyişir, yenilənir. Hazırda, “Media haqqında” qanun və bundan irəli gələn “Media reyestri”nin ətrafında hələ də davam edən müzakirələri bu konteksdən qiymətləndirmək olar. Açıq demək lazımdır ki, uzun illərdir, Azərbaycan ictimai mühiti, eyni zamanda, ciddi media, fəaliyyəti heç də mediaçılıqla bir araya sığmayan, “reket jurnalistika” adlandırılan bəladan əziyyət çəkir.
Ötən illərdə bu bəladan qurtulmaq üçün müxtəlif addımlar atılıb, “qara siyahılar” tərtib edilib. Lakin, bu “qara zümrə” sıradan çıxmaq əvəzinə, qəzet variantından onlayn – sayt variantına keçdi. Hazırda tətbiq olunan Media reyestri bu sahədə bir aydınlaşma yaradılıması, ciddi və qeyri-ciddi medianın sərhədlərinin müəyyənləşdirilməsi baxımından yeni, həmçinin təsirli bir alətdir.
Buraya istər jurnalistlərin akkreditasiyası ilə bağlı, istərsə media subyektlərinə yönəlik meyarların tətbiqi aiddir. Məqsəd media adına ortada olan böyük bir “dərya”da tədricən aydınlıq və şəffaflıq yaratmaq, gerçək medianın və mediaçılığın sərhədlərini müəyyən etməkdir.
Artıq xeyli sayda media subyekti Media reyestrində qeydiyyata alınıb. Keçməyənlər isə tətbiq olunan qaydalara cavab verə bilməyən subyektlərdir. Bunlardan bəziləri bir müddət qeyd olunan çatışmazlıqları düzəltdikdən sonra təkrar müraciətlə reyestrdən keçiblər. Qeydiyyata alına bilməyənlər isə görünür, hamı üçün eyni olan tələbləri yerinə yetirmək gücündə deyillər. Son günlər reyestrdən keçməklə bağlı səsləndirilən bəzi narazılıqlar əsasən, jurnalistin reyestri ilə əlaqəlidir.
Ola bilsin, jurnalistlərin reyestri ilə müraciətlərdə ortaya çıxan çeşidli problemlər olduqda sözügedən sahədə müəyyən təkmilləşmələr aparıla bilər. Çünki bildiyimiz kimi, bu, Azərbaycanda ilk dəfə tətbiq olunan qeydiyyat növüdür. Bütün hallarda məlum yöndə səsləndirilən fikirlər ölkəmizdə gerçək mediaçılığın fəaliyyətinə, inkişafına xidmət etməlidir".