Məqsəd başqadır

Avropa İttifaqının səfiri bir qrup jurnalistlə qapalı toplantı keçirib


  "“Media haqqında” qanunun qəbulundan xeyli vaxt keçməsinə baxmayaraq, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Bakıda bir qrup jurnalistlə qapalı toplantı keçirib”. Bunu Milli Məclisin iclasında deputat Sahib Alıyev bildirib. O deyib ki, bu toplantı Azərbaycanda söz azadlığı ilə bağlı narahatlıqdan irəli gəlmir, məqsəd başqadır: “Bu qanunda, sadəcə, tənzimləyici addımlardan söhbət gedir. Bu qanun qəbul olunana qədər müxtəlif platformalarda, o cümlədən parlamentlə geniş müzakirələr keçirilib. Bu halda dinləmə adı altında belə addımın atılmasında məqsəd nədir? O tədbirdə iştirak edənlər içərisində jurnalistikada saç-saqqal ağardan insanlar da var. Nəzərə alınmalıdır ki, xaricdəki bəzi azərbaycanlılardan söyüş məqsədilə istifadə edənlərin məqsədi dəyişməyib. Digər tərəfdən, o da nəzərə alınmalıdır ki, bu gün Ermənistanın ölkəmizlə sərhədinə müşahidə missiyası yerləşdirilməsi adı altında atılan addımlar Azərbaycanın suverenliyinin tam təmin olunmasının qarşısının alınmasına yönəlib. O tədbirə qatılanlar da belələrinin məqsədini anlamalıdırlar”. Spiker Sahibə Qafarova isə qaldırılan məsələnin vacibliyini vurğulayıb. Bununla bağlı Parlamentdə deputatın mətbuat konfransı təşkil etməsinə imkan yaradılmasını tapşırıb.