"Biz istədiyimizi axıra qədər deyib, tənqid edə bilmirik. Ona görə ki, bəzi məmurlar özlərini toxunulmaz hesab edirlər"
"Bütün jurnalistləri Milli Mətbuat günü münasibətilə təbrik edirəm".
Bunu "Sherg.az"a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı Azərbaycan mətbuatının bu günündən danışarkən deyib. O bildirib ki, yeni jurnalistika deyə bir termin tanımır:
"Jurnalistikanın təzəsi, köhnəsi yoxdur. Burada yenilik ancaq texnologiyada ola bilər. Yəni yeni platformalar əmələ gəlir, təzə avadanlıqlar var və informasiyanın daha çevik ötürülməsi üçün geniş imkanlar yaranıb. Əgər sən jurnalistsənsə, yeni platformalarda çalışmağı öyrənəcəksən və bununla da iş bitəcək. Ancaq jurnalistikada yazmağa mövzu yoxdursa, yaxud sən istədiyini deyə bilmirsənsə, deməli jurnalist deyilsən".
Baş redaktor əlavə edib ki, Azərbaycan jurnalistikası 148 il ərzində xeyli yol keçib:
"Bizim gözəl, böyük jurnalistlərimiz olub və indi də var. Amma bunu hər kəsə şamil etmək çətindir. Çünki jurnalistlərimizin söz deyə bilən və ağlı başında olanlarının mütləq əksəriyyəti ölkədən qaçıb. İndi ölkədən kənarda ancaq bizi söyənlər qalıb. Yəni ağıllı tənqid edən jurnalistlərimizi məhv etmişik və ortalıqda boş-boş adamlar var. Onlar isə harada ağızlarına nə gəlir ya danışırlar, ya da yazırlar. Bu da jurnalistika deyil. Daxildə isə böyük əksəriyyət ələ baxan olub. Biz istədiyimizi axıra qədər deyib, tənqid edə bilmirik. Ona görə ki, bəzi məmurlar özlərini toxunulmaz hesab edirlər. Ümumiyyətlə jurnalistikamızın indiki vəziyyətindən razı deyiləm".
Qeyd edək ki, 22 iyul - Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.
Xatırladaq ki, 5 iyul 1991-ci ildə Azərbaycanın ilk milli qəzeti olan «Əkinçi» qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün - 22 iyul Azərbaycan jurnalistikası günü elan edilmişdir.