MEDİA-nın yeni layihəsinin AÇILIŞI

“Rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması üçün müasir strategiyalar” layihəsinin açılış mərasimi olub.

Bu barədə “Sherg.az”a Medianın İnkişafı Agentliyindən məlumat verilib.

Bildirilib ki, açılış mərasimində çıxış edən MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov media sahəsində tendensiyaların tez-tez dəyişdiyi və yeni alətlərin aktuallaşdığı rəqəmsal qloballaşma prosesləri fonunda xəbər saytlarının dinamik trendlərə uyğunlaşmasına, oxucuların marağını cəlb etmək və oxucu kütləsini saxlamaq üçün effektiv kontent və marketinq strategiyaları formalaşdırmasına zərurət yarandığını vurğulayıb.
O bildirib ki, layihə çərçivəsində təşkil ediləcək təlim müddətində tanınmış mütəxəssislər rəqəmsal mediada xəbərin hazırlanma mərhələləri, diqqət cəlb edən başlıqların formalaşdırılması, xəbərin cəlbedici təqdim olunmasından sonra göstəricilərin ölçülməsi, multimedia və interaktiv elementlərdən istifadə, rəqəmsal mənbələrdən əldə edilən datanın analizi, dataya əsaslanan məzmun strategiyalarının tətbiqi, sosial mediada güclü brendin yaradılması, veb-sayt dizaynının və istifadəçi təcrübəsinin optimallaşdırılması, fərdiləşdirmə və individuallaşdırmanın həyata keçirilməsi barədə maraqlı məlumatlar verəcək, diskussiyalar aparacaqlar.

Tədbirdə çıxış edən “Albayrak” Media Qrupunun tərkibindəki  “GZT” rəqəmsal platformasının baş redaktoru Doğukan Gezer layihənin müvafiq sahədə fəaliyyət göstərən media nümayəndələrinin bilik və bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda sahə üzrə mütəxəssislər, məzmun yaradıcıları, redaktorların iştirakı ilə onlayn medianın inkişafına dair qarşılıqlı fikir mübadiləsi və şəbəkələşmə imkanlarının yaradılması baxımından əhəmiyyətini qeyd edib.

Daha sonra Doğukan Gezerin təlimin ilk hissəsində “Rəqəmsal mediada xəbərin hazırlanma mərhələləri” mövzusunda rəqəmsal xəbərlərdə hekayə nəqli və diqqət cəlb edən başlıqların formalaşdırılması haqqında,  Kerim Askerin “Xəbərin cəlbedici təqdim olunması: Şaquli formatda video xəbər təqdimatı” mövzusunda multimedia və interaktiv elementlərdən istifadə edilməsi və diqqət cəlb edən videoların necə seçilməsi və hazırlanması barədə, ən sonda isə Suat Özdemirin “Rəqəmsal mediada proqnozlaşdırma və təhlil” mövzusunda rəqəmsal mənbələrdən əldə edilən datanın analizi və dataya əsaslanan məzmun strategiyalarının tətbiqi istiqamətində çıxışları nəzərdə tutulur.
Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması, bununla da xəbər saytlarının oxucu kütləsinin əhatə dairəsinin genişləndirilməsi, bu istiqamətdə mövcud alət və strategiyaların effektiv tətbiqinin stimullaşdırılmasıdır. Lahiyənin iki gün müddətində, ümumilikdə 50 xəbər saytının 100-ə yaxın əməkdaşının, həmçinin bir sıra ali təhsil müəssisələri və qurumlardan olan qonaqların iştirakı ilə həyata keçirilməsi planlaşdırılır.