Türk dünyasının media əməkdaşlığı: Müsbət addımdır!

TDT ölkələri media sahəsində əməkdaşlıq üzrə bir sıra sənədlər imzalayacaq.

Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə rəhbər şəxslərinin 5-ci toplantısı keçirilib.
 
Təşkilatın mətbuat xidmətinə istinadən xəbər verilir ki, toplantıda Azərbaycanı Medianın İnkişaf Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov təmsil edib.

Bildirilib ki, toplantıya Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altinbek Maksutov moderatorluq edib.

Toplantıda çıxış edən Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev Türk dünyasının dezinformasiyaya qarşı birgə mübarizə aparmalı olduğunu vurğulayıb.

Qeyd edilib ki, Türk dövlətləri arasında media sahəsində əməkdaşlığı nəzərdə tutan bir sıra sənədlərin imzalanması planlaşdırılır.

Özbəkistan tərəfinin təşəbbüsü ilə tərəflər Türk Dövlətləri Təşkilatının media və İnformasiya üzrə məsul şəxslərinin 6-cı toplantısının Özbəkistanda keçirilməsi barədə qərar qəbul ediblər.                                                         

Məsələ ilə bağlı “Sherg.az”a açıqlamasında tanınmış teletənqidçi, BDU-nun "Multimedia və elektron kommunikasiya” kafedrasının rəhbəri Qulu Məhərrəmli, TDT ölkələrinin əməkdaşlıq sahəsində imzalanan ilk sənəd olmadığını bildirib: 

"Son illərdə türk dövlətləri arasında həm iqtisadi-siyasi, həm də mədəniyyət sahəsində əlaqələrin genişlənməsi istər-istəməz media sahəsində də əməkdaşlığı labüd edir. Ona görə də belə  sənədlər imzalanır, əməkdaşlıq hüquqi müstəviyə keçir, tərəflərin öhdəlikləri yaranır. Hesab edirəm ki, bu türk ölkələri arasında əməkdaşlığı dərinləşdirir. Müsbət addımdır, bu kontekstdə türkcə media qurumları ilə Azərbaycan media təşkilatlarının yaxınlaşması, cəmiyyəti məlumatlandırmaq sahəsində təcrübə mübadiləsinin aparılması, qarşılıqlı səfərlərin təşkil olunması birgə Azərbaycan-Türkiyə media qurumlarının yaradılması gələcəkdə cəmiyyətin daha geniş məlumatlandırılmasına və media sahəsində problemlərin aradan qaldırılmasına kömək göstərəcək".