Türkiyəli jurnalistlər "Şərq" qəzeti redaksiyasının qonağı olublar - FOTOLAR

  Türk İnternet Media Birliyinin İdarə Heyətinin üzvü, Balıkesir Qəzetçilər və Yazarlar Cəmiyyətinin başqanı, Balıkesirde yayımlanan "Merhaba" qəzetinin baş redaktoru Semra Aman Akyürek, Türkiyə Mətbuat Elan İdarəsinin direktor müavini Məsud Onat və digər türkiyəli qonaqlar, o cümlədən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər, Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili "Şərq" qəzetinin qonağı olublar. "Şərq" qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı redaksiyamıza təşrif buyuran qonaqları məmnunluqla qarşılayıb. 



Semra Aman Akyürek Azərbaycanda özlərini Türkiyədəki kimi hiss etdiklərini, yenə öz torpaqlarında olduqlarını deyib. Bildirib ki, Balıkesirde Qəzetçilər və Yazarlar Cəmiyyəti olaraq fəaliyyət göstəririk: "Paralel olaraq Anadolu Nəşriyyatlar Dərnəyinin də sədr müavinliyi vəzifəsini icra edirəm. Qəzetlə yanaşı, internet media orqanımız da fəaliyyət göstərir. Müasir dövrdə onlayn media resursu olmadan fəaliyyət effektli göstərmək mümkün deyil. Sizin də çox ciddi işlər gördüyünüzün şahidi olduq. Gözəl redaksiyanız var".


  Daha sonra "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı qonaqların xahişi ilə qəzetin 27 illik tarixi, fəaliyyəti və kollektivi haqqında qısaca məlumat verib. Baş redaktor bildirib ki, “Şərq” qəzeti türkçü və milli mətbu orqan kimi Azərbaycanın mətbuat həyatında önəmli yerə sahibdir. Baş redaktor bildirib ki, qəzet 1994-cü ildə təsis olunsa da, ardıcıl nəşr həyatına 1996-cı il noyabrın 1-dən başlayıb. Vurğulayıb ki, "Şərq" ictimai-siyasi müstəqil qəzetdir:
"Qəzetimiz həftədə bir dəfə nəşr olunurdu. Sadəcə, 4 səhifədən ibarət idi. 1997-ci ildən həftədə iki dəfə, daha sonra isə həftədə 3 dəfəyə keçdik. 2001-ci ildən isə gündəlik nəşr olunmağa başladıq. Biz cəmiyyət üçün aktuallığını və tarixiliyini saxlayan xəbərlər veririk. Eyni zamanda müsahibələrə, analitik və sosial yazılara üstünlük veririk. Çalışırıq ki, qəzetin oxunaqlı, maraqlı və klassik qəzetçilik prinsiplərini qoruyub-saxlayaq. Müəyyən dövrlərdə rəngli formatda çap olunmuşuq". A.Aşırlı “Şərq” qəzetinin Türkiyə gündəmini də yaxından izlədiyini, qardaş ölkədəki ictimai-siyasi proseslərin daim diqqət mərkəzində olduğunu vurğulayıb. Türkiyəli qonaqlar "Şərq"in müasir dizayn və formatını çox bəyəndiklərini bildirdilər və çap mətbuatı ətrafında müzakirələr apardılar.  


 
Daha sonra qonaqlar “Şərq” qəzetinin nəzdində yaradılmış “Mətbuat Muzeyi” ilə ətraflı tanış olublar. Muzeyin ərsəyə gəlməsi haqda məlumat verən baş redaktor Akif Aşırlı Azərbaycan mətbuatının bütün mərhələlərini əks etdirən dəyərli eksponatlar haqqında geniş danışdı. Xüsusən, muzeyin nəzdindəki “Nuru Paşa Odası” haqqında qonaqlara ətraflı məlumat verərək, Qafqaz İslam Ordusunun Bakının xilas edilməsindəki əvəzsiz xidmətlərindən söz açdı. Muzeylə tanışlıqdan və görülən işlərdən məmnunluq ifadə edən qonaqlar dəyərli işlərə görə “Şərq” qəzetinin baş redaktoruna öz təşəkkürünü bildirdilər. Qonaqlar "Şərq"in redaksiyasından xoş təəssüratla ayrıldıqlarını xüsusi vurğuladılar.