Telekanal rəhbərləri PA-ya çağırıldı - Bu verilişlərə görə

Bir neçə gün əvvəl ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar.
Sherg.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib. Qeyd edilib ki, ictimai narazılıq və narahatlıq doğuran “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşılığa doğru” kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır.
Telekanalların reytinq yarışında etik qaydaların pozulduğu, milli-mənəvi dəyərlərimizə xələl gətirildiyi, insanların şəxsi həyatına kobud müdaxilələrin yol verildiyi bəsit və bayağı verilişlərin çəkisinin artması narahatlıq doğurmaya bilməz. Həmin verilişlərdə eybəcər qalmaqalların əvvəlcədən ssenariləşdirilməsi, auditoriyanın pulla cəlb edilməsi, iştirakçılarla əlaqələrdə korrupsiya sxemlərinin həyata keçirilməsinə dair çoxsaylı şikayətlər var. Gündəlik 3-5 saat davam edən bu verilişlərdə insanların şəxsiyyəti alçaldılır, efirdə təhqir və ədəbsiz ifadələr işlədilir, efir mədəniyyəti, nitq qabiliyyəti, bilik səviyyəsi tələblərə cavab verməyən aparıcılar və ekspertlər isə sanki cəmiyyətə meydan oxuyurlar. 

Telekanalların rəhbərlərinin nəzərinə çatdırılıb ki, vəziyyət belə davam edə bilməz və qısa zamanda bu biabırçılığa son qoyulmayacağı, verilişlərin fəaliyyətində dönüş yaradılmayacağı təqdirdə, qanunauyğun şəkildə sanksiyaların tətbiq olunması, hətta telekanalların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı tədbirlər qaçılmaz olacaq.