“İTV-də yayımlanan “Gündəlik” serialına bu qədər də həssas yanaşmağın tərəfdarı deyiləm”
"İctimai TV"-nin efirində yayımlanan "Gündəlik" serialında müəllim və jurnalist arasında dialoq sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Müəllimin jurnalistə etdiyi davranışlar insanlar tərəfindən birmənalı qarşılanmayıb. Müəllimin jurnalisti hər kəsin önündə tənqid etməsi bu peşənin sahiblərində peşələrinə olan hörmətsizlik kimi qəbul edilib.
Həmin səhnədə müəllim məktəbə bir hadisəni işıqlandırmaq üçün gedən jurnalisti tənqid edib. O, şagirdlər arasındakı hadisələrin ictimailəşməsində müxbiri ittiham edib və danlayıb. Bu səhnə isə bəzi jurnalistlərin qəzəbinə tuş gəlib.
Layihənin ssenari müəllifi, yazar Tural Cəfərov isə sosial media hesabında tənqidlərə cavab olaraq bildirib ki, ayrıca bir səhnəni götürüb onun üzərində hekayəni qurmaq ki, müəllimləri təhqir etdi və sairə. ucuz şeylərdir. İnsanlar həqiqəti bilmək istəyirlərsə, seriala baxıb nəticə çıxarsınlar. Hər bir bədii əsərin xüsusiyyəti bütövlüyüdür. Onun bir parçasını götürmək bütün ideyasını çatdıra bilməz. Bunlar adi məsələlərdir. Çox təəssüf ki, bəzi jurnalistlərimizə öyrətmək lazımdır: “”Gündəlik” serialı ətrafında yaranan bu qədər səs-küy, əslində, təsadüfi deyildir. Çünki “Gündəlik” işığın yanındadır, həqiqətin yanındadır, İNSAN-ın yanındadır, erkən nikaha məcbur edilən qız uşaqlarının, intihara sövq edilən yeniyetmələrin, təhsildən qopardılan məktəblilərin, qısnamaya məruz qalan şagirdlərin yanındadır. Buna görə də qaranlığın nökərləri, zülmətin zəbaniləri ona qarşıdır. Çünki “Gündəlik” bizə özümüzü göstərir, öz gerçəkliyimizi, öz ağrılarımızı, öz insanımızı göstərir. O, başqa seriallar kimi xəyali qəhrəmanlar, uydurma obrazlar və reallıqlar yaratmır, o elə bizdən, bizim ağrılı taleyimizdən, qarşımızdakı “matəmgah”dan bəhs edir.
Dünyada heç bir yazıçının memuarı “Gözümü açıb dünyanı qaranlıq görmüşəm” sözləri ilə başlamır. “Gündəlik” gözünü açıb dünyanı qaranlıq görən Mirzə Cəlilin, Mirzə Fətəlinin, Mirzə Ələkbərin ideallarını davam etdirir. Onlar kimi cəhalətə qarşı üsyan qaldırır, işığı yayır, humanist dəyərləri güclü bir şəkildə vurğulayır. İnsana insanlığını xatırladır, uşaqların dünyasına işıq salır. Balaca şahzadə kimi uşaq qəlbinin ən dərin və məhrəm çalarlarını açıb tamaşaçılara göstərir.
Yarasaların, bayquşların işığa nifrəti əbədidir. Ancaq Günəş də daim parlayacaq. Azadlıq uğrunda, insan uğrunda, ədalət və həqiqət uğrunda mübarizə daim davam edəcək, Mirzə Cəlilin idealları dünya var olduqca yaşayacaqdır. İşıq uğrunda mübarizə labüd, qələbə mütləqdir!”.
Professor Qulu Məhərrəmli isə “Sherg.az”a açıqlamasında deyib ki, İTV-də yayımlanan “Gündəlik” serialı və jurnalistlərə aid olan məlum epizod cəmiyyətdə süni ajiotaj yaradıb:
“Bu hadisəyə bu qədər də həssas yanaşmağın tərəfdarı deyiləm. Serialdan kəsilib sosial şəbəkələrdə paylaşılan bu səhnədə söhbət jurnalistlərdən yox, reketçiliklə məşğul olan insanlardan gedir. Reketçilik isə təkcə medianın yox, ümumilikdə cəmiyyətin problemidir. Bu səhnənin məqsədi insanları şantaj edərək pul qopardan, müxtəlif dələduzluq davranışları sərgiləyən şəxslərin ifşasıdır. Hansı ki hamımız bu cür şəxslərin varlığından xəbərdarıq, uzaq keçmişdə filan yox, məhz günümüzdə də bu cür adamlar çoxdur. Hər nə qədər əhatə dairəsi azalsa da, mətbuatımızda “reket jurnalistikası” adlı bir dalğa vardı. Onların arasında jurnalistlər də var, hüquq-mühafizə orqanlarının əməkdaşları da, vətəndaş cəmiyyəti nümayəndələri də var. Bu mənada, sözügedən kadrlara jurnalistlərin reaksiyasını adekvat hesab etmirəm. Heç bir peşə sahəsi tənqiddən kənarda deyil. Əgər sıralarımızda Peşə etikasına və Əxlaq kodeksinə zidd davranışlar sərgiləyən jurnalistlər varsa, onlar mütləq ifşa olunmalıdır”.