Şuşada “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda İkinci Qlobal Media Forumu bütün dünyanın diqqətindədir. Elə bu forumun özü Azərbaycana yanaşmada qlobal oyunçuların erməni diasporundan da faydalanmaqla reallaşdırdıqları dezinformasiya selinin effektsizləşdirilməsində az rol oynamır. Forumda dezinformasiyanın təsirinin və əhatə dairəsinin müəyyənləşdirilməsi, süni intellektin burada oynadığı, oynaya biləcəyi mənfi-müsbət məqamlar, cəmiyyətdə media savadlılığının artırılması və s. mövzular ətrafında fikir mübadiləsi aparılır ki, bunlar da basqıların təsirinin azaldılmasına yönəlmiş məsələlərdir. Şuşadakı 2-ci Qlobal Media Forumuna dünyanın diqqətini daha çox yönəldən isə təbii ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ona verilən sualları cavablandırarkən səsləndirdiyi fikirlərdir. Onların bir hissəsi məhz həmın qlobal oyunçular haqda idi ki, doğru olduğu qədər də kəskin xarakter daşıyırdı.
Millət vəkili, siyasi şərhçi Sahib Alıyev "Sherg.az"a deyib ki, dövlət başçısı vurğuladı ki, əvvəl Azərbaycana qarşı dezinformasiyalardan heyrətlənirdik, sonra təəssüflənirdik, indi isə görməzdən gəlirik. Deputat vurğulayıb ki, biz öz reallığımızı, regional reallığı dünya ictimaiyyətinə çatdırmaq üçün başqa bir yollar düşündük:
"Həmin yollardan biri də işğaldan azad olunmuş Şuşada keçirilən Qlobal Forumdur. Fikir verdinizsə, həm Forumun moderatoru, həm sual verənlərə hər kəs heyrətini ifadə edirdi. Azərbaycanın orada apardığı bərpa-quruculuq işləri ilə bağlı heyrətlərini dilə gətirirdilər. Eyni zamanda onların bir çoxları torpaqlarımız işğal altında olarkən oradakı vəziyyəti görmüşdülər və onu da qabardırdılar. Bununla bütövlükdə reallıq göz önünə sərilir. Forumun gündəliyinə baxsaq, gündəlikdəki üç mövzu bir-birini dezinformasiyaya qarşı mübarizə aparmaq baxımından dəstəkləyir. Təbii ki, bu, Azərbaycan cəmiyyətində media savadlılığının artırılması ilə bağlıdır. Həmçinin, Azərbaycan cəmiyyətinin öz dövləti ətrafında sıx birləşməsi, siyasi yetkinliyin artırılması ilə bağlıdır. Biz öz reallığımızı çatdırmaqla bağlı ayrı-ayrı yollar üzərində düşünməliyik. Orada cənab Prezident pakistanlı jurnalistin sualına cavab olaraq bildirdi ki, bununla bağlı birlikdə çalışmaq lazımdır. Dövlət başçısı dedi ki, mediaların qarşılıqlı fəaliyyəti haqqında birgə işçi qruplar formalaşdırmaq zəruridir. Bu təkcə Pakistan üçün yox, bizə dost olan bütün ölkələr üçün keçərlidir. Biz qardaş Türkiyə ilə qlobal media platforması formalaşdırmışıq. Düşünürəm ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində də bununla bağlı görülməsi vacib işlər var. Bu istiqamətdə görüləcək işləri sürətləndirmək lazımdır. Avropanın özündə də bizim dost dövlətlərimiz var. Prezident elə-belə xatırlarmadı ki, postsovet məkanında yeganə ölkə Azərbaycandır ki, Avropanın 10 ölkəsi ilə strateji tərəfdaşlıq haqqında anlaşması var".
Parlament üzvü bəyan edib ki, daxildə dezinformasiyanın yayılmamasından danışırıqsa, süni intellekt bu baxımdan bizə böyük kömək ola bilər:
"Əgər informasiya resurslarında xüsusi filterlər yaradılarsa, o filterlər imkan verməyəcək ki, müəyyən şayiə, böhtan xarakterli, qərəzli və uydurulmuş məlumatlar informasiya məkanına çıxa bilsin. Cəmiyyətdə media savadlılığı artırılmalıdır. İnsanlar doğru və yalan informasiyaları, həqiqətlə böhranı bir-birindən ayırd etməyi bacarmalıdır. Azərbaycan 30 il ərzində Qərbin kordinasiyası ilə digər dövlətlərin 300 ildə üzləşmədikləri qərəzlə, böhranla, informasiya basqısı ilə qarşı-qarşıya qaldıq. Şükürlər ki, bunun öhdəsindən gəlməyi bacardıq. Amma eyni zamanda bu, bizə müəyyən proseslərdə daha hazırlıqlı olmaq üçün fürsətlər yaratdı, təcrübə toplamağı bacardıq".