"Qarşıdakı dönəmdə üzərimizə düşən funksiyanı daha da peşəkarlıqla, ləyaqətlə, uğurla həyata keçirəcəyik"
"Milli mətbuatımızın yaranmasının 149-cu ildönümüdür. "Əkinçi" qəzeti ilə başlayan yol bugün də davam edir".
Bunu "Sherg.az"a açıqlamasında Demokratik Jurnalistlər Liqasının sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yadigar Məmmədli deyib.
Ekspert bildirib ki, "Əkinçi" qəzetinin o zaman qoyduğu prinsiplər bugün də aktualdır:
"Həmin prinsiplərin içində xəbərçiliklə bərabər eyni zamanda cəmiyyətin məlumatlandırılması, maarifləndirilməsi məsələsi də yer alır ki, ən ciddi məqamlardan biri budur. Təbii ki, Azərbaycan jurnalistikası ötən illər ərzində inkişafı edib. Azərbaycanda "Media haqqında" qanun qəbul edildikdən sonra müasir dövrə uyğun məsələlər həmin qanunda öz əksini tapıb. Media Agentliyi yaradılıb. Mətbuat Şurası da öz fəaliyyəti çərçivəsində medianın inkişafı ilə bağlı mühüm işlər görürlər. Amma jurnalistika, mətbuat daim inkişafda olan, bütün proseslərin önündə dayanan bir sahədir. Bu da ondan irəli gəlir ki, bir çox dəyişikliklər, yeni trendlər, çağırışlar məhz ən çox mediada ən əksini tapır. Bu da mətbuat işçilərindən, jurnalistlərdən peşəkarlığın artırılmasın, yeni trendlərin öyrənilməsini tələb edir. Sosial şəbəkələrin çox geniş yayıldığı bir dövrdə yaşayırıq. Belə bir vəziyyətdə klassik media ilə, ümumiyyətlə mətbuatla sosial şəbəkələr arasında bu münasibətlər heç də bərabərlik işarəsi altında deyil. Sosial şəbəkələrin yayılma arenası, imkanları daha böyükdür. Amma bu o demək deyil ki, sosial şəbəkələr mətbuatı sıradan çıxarır. Mətbuatın özünün rolu bugün də aktualdır. Sosial şəbəkələrdə hər hansı xəbərin, prosesin dəqiqləşdirilməsi yenə də ciddi mətbuatdan keçir. Mətbuatımız bu missiyanın öhdəsindən lazımınca gəlir".
Y.Məmmədli vurğulayıb ki, mətbuatımızın son illərdə Azərbaycanın taleyüklü məsələlərinin həllində önəmli yeri var:
"Mətbuatımız öz ləyaqətli missiyasını yerinə yetirib. Mətbuatımız 44 günlük Vətən müharibəsində və sonrakı dönəmdə, informasiya savaşında mühüm rol oynayıb. Azərbaycan mətbuatı öz funksiyasını ləyaqətlə yerinə yetirir. Şübhəsiz, bunda Media İnkişaf Agentliyinin, Mətbuat Şurasının, o cümlədən jurnalist təşkilatlarıın xüsusi rolu var. Təbii ki, biz digər sahələr kimi mətbuatın da işinin daha təkmil olmasını istəyirik. Bu da mətbuatın inkişafı, jurnalistlərin peşəkarlığının artırılması ilə bağlıdır. Jurnalistlərimiz müasir çağırışlara uyğun fəaliyyətini davam etdirir. Mən də öz həmkarlarımı təbrik edirəm, uğurlar arzulayıram. Ümid edirəm, qarşıdakı dönəmdə üzərimizə düşən funksiyanı daha da peşəkarlıqla, ləyaqətlə, uğurla həyata keçirəcəyik".