"Dezinformasiyaya qarşı mübarizəni məhz Azərbaycan aktuallaşdırır, gündəmə gətirir"
"Obyektiv informasiya mühitinin formalaşması üçün belə forumların keçirilməsi aktualdır"
İyulun 20-də öz işinə başlayan və üç gün davam edən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” Forumu bu gün öz işini yekunlaşdırıb. 50-ə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən, 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayıb. Xatırladaq ki, Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” Forumunun açılış mərasimində iştirak edib və jurnalistlərin çoxsaylı suallarını cavablandırıb. Ümumən, Şuşada “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda İkinci Qlobal Media Forumu bütün dünyanın diqqətində olub. Forumda dezinformasiyanın təsirinin və əhatə dairəsinin müəyyənləşdirilməsi, süni intellektin burada oynadığı, oynaya biləcəyi mənfi-müsbət məqamlar, cəmiyyətdə media savadlılığının artırılması və s. mövzular ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Şuşadakı 2-ci Qlobal Media Forumuna dünyanın diqqətini daha çox yönəldən isə təbii ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ona verilən sualları cavablandırarkən səsləndirdiyi fikirlərdir. Prezidentin köməkçisi Hikmət Hacıyev də Forumda çıxışı zamanı söyləyib ki, dezinformasiya yeni fenomen deyil, informasiya çox güclü vasitədir. Lakin onun necə istifadə edildiyi böyük sual altındadır: "Ən təhlükəlisi isə odur ki, dezinformasiya manipulyasiyaya və Azərbaycan xalqına qarşı psixoloji müharibəyə çevrilib". H.Hacıyev qeyd edib ki, dezinformasiya müəyyən qrupların məqsədlərinə çatmasında vasitə ola, müharibələrə gətirib çıxara bilər. Dezinformasiyanın əsas qurbanları media və jurnalistlərdir. Azərbaycanın uzun illər işğala məruz qaldığını, lakin xarici medianın onu başqa tərəfdən göstərdiyini forum iştirakçılarının diqqətinə çatdıran Prezidenti köməkçisi əlavə edib ki, bəzi xarici media orqanları bildirirdi ki, guya biz Ermənistana qarşı cinayət törətmişik, işğala məruz qalan onlardır: "Lakin biz ciddi cəhdlə təkzib vasitələrini işə salmışdıq. Rəsmi bəyanatlar və mətbuat konfransları vasitəsilə düzgün məlumatı və həqiqəti dünyaya çatdırırdıq. Bizim media bu işdə çox böyük rol oynayıb. Onların bir hissəsi məhz həmın qlobal oyunçular haqda idi ki, doğru olduğu qədər də kəskin xarakter daşıyırdı". Prezident köməkçisi əlavə edib ki, bu faktor müxtəlif ölkələr arasında münaqişə yarada bilər: "Prezident İlham Əliyevin də dediyi kimi bu müxtəlif tərəflər arasında münaqişələrin yarananmasına səbəb ola bilər. Bu amil həm də mətbuatın təməl prinsiplərini pozur. Prezident İlham Əliyev də dünən qeyd etdi ki, dezinformasiya nəticəsində faktlar elə təqdim olunurdu ki, guya Azərbaycan hansısa ölkəyə təcavüz edib. Təəssüf ki, bütün mətbuat agentliklərinin başlıqlarında bu faktı Azərbaycanın törətdiyi ilə bağlı məlumatlar yer alırdı. Burada biz Prezident Əliyevin beynəlxalq mətbuatla ünsiyyəti və ayrı-ayrı beynəlxalq mətbuat orqanları ilə işin nəticəsində biz bu amillərlə mübarizə apardıq. Biz çalışırdıq ki, dünya ictimaiyyətinə yalnız həqiqəti çatdıraq. İnanırıq ki, dezinformasiyaya qarşı müqavimət mexanizmlərinin inkişafı və bunun əleyhinə mübarizədə jurnalist peşəkarlığının artırılması mühüm rol oynaya bilər. Xüsusilə beynəlxalq təşkilatlarda bununla bağlı tədbirlər görülməlidir. Burada bu mübarizənin təməl prinsipləri barədə razılığa gəlmək lazımdır. Biz düşünürük ki, düzgün məlumatın cəmiyyətə çatdırılması son dərəcə vacibir. Azərbaycan COP29 ilə bağlı da ciddi dezinformasiya ilə üzləşib. Biz qlobal təhlükəsizliklə bağlı gündəliyimizi elan etmişik və işimizi bu gündəliyə uyğun qururuq".
Millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib ki, çox təəssüf ki, bu gün dezinformasiya, manipulyativ informasiya, yalan məlumatlar siyasi diplomatiyanın bir parçasına çevrilib. Deputatın sözlərinə görə, beynəlxalq ictimai rəyi formalaşdırmaqda, dövlətlərarası münasibətlərin keyfiyyətini təyin etməkdə alətlərdən biri kimi çıxış edir:
"Şuşada keçirilən qlobal Forumun adının "Yalan məlumatların ifşası, dezinformasiyaya qarşı mübarizə" adlandırılması təsadüfi deyildi. Çünki dezinformasiyanın və manipulyativ informasiyanın, yalan məlumatların nə qədər təhlükəli bir məsələ olduğunu Azərbaycan uzun illər öz üzərində hiss edib. Buna qarşı mübarizənin nə qədər aktual olduğunu yaxşı bilirik. Bu zərərli tendensiyanın qarşısının alınması, obyektiv gerçəkliyə əsaslanan informasiya mühitinin formalaşması üçün belə forumların keçirilməsi olduqca aktualdır. Çox sevindiricidir ki, dezinformasiyaya qarşı mübarizə kimi mühüm aktual bir mövzunu məhz Azərbaycan aktuallaşdıraraq yenidən dünyaya təqdim edir. Bu mənada düşünürəm ki, Azərbaycan Prezidentinin beynəlxalq münasibətlər sistemində mövcud olan qlobal siyasəti dəyərləndirərkən səsləndirdiyi bir ifadə çox əhəmiyyətli idi. Dövlət başçısı dedi ki, "siyasətdə artıq siyasətdən başqa hər şey var". Bu ifadə hazırkı siyasi münasibətlərin keyfiyyətinin qiymətləndirilməsi baxımından olduqca əhəmiyyətli idi".
Parlament üzvü vurğulayıb ki, belə obyektiv bir reallıq varsa, ona qarşı mübarizə aparmaq lazımdır, mübarizənin yolları isə müxtəlifdir:
"Nəhayət klassik siyasət, klassik diplomatiya ənənələrinin bu ciddi dəyərə çevrilməsini hər kəs dərk etməlidir. Beynəlxalq siyasətə yeni keyfiyyət qazandırmaq uğrunda çalışmalıdırlar. Bunun birinci mərhələsi Şuşada keçirilən beynəlxalq konfransda olduğu kimi problemi aktuallaşdırıb, ictimai diqqətə təqdim edib, diplomatiyanın və siyasətin gündəminə gətirməkdir. Çıxış yolları axtarmaqdır. Çünki bu problem heç bir aktora, heç bir beynəlxalq təşkilata xeyir gətirmir, beynəlxalq münasibətlər sisteminin, siyasi proseslərinin keyfiyyətini aşağı salır. Şuşadakı Forum həm maarifləndirici, həm problemin təqdim olunması hadisəsi idi, həm də çıxış yollarının axtarılması idi. O da aydındır ki, beynəlxalq münasibətlərin hər bir subyekti bu alətdən tezliklə imtina etmək fikrində deyil. Görünür, buna zaman lazımdır. Şuşada keçirilən Qlobal Media Forumu və orada qoyulan məsələlər ilkin mərhələnin təşkil olunması baxımından müsbət təşəbbüsdür".