Saxta jurnalist vəsiqəsi daşıyanlar ifşa edilməlidir

Bu kimi qanunsuzluqlara qarşı peşəkar media orqanları birgə mübarizə aparmalıdır

  Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər zamanı bir sıra seçki məntəqələrində saxta jurnalist vəsiqəsindən istifadə halları müəyyən edilib.
Bu barədə Medianın İnkişafı Agentliyi və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Qeyd edilib ki, üzərində Medianın İnkişafı Agentliyi tərəfindən verildiyi iddia olunan “Jurnalist vəsiqəsi” orijinal nüsxənin elementlərini kobud formada təkrarlayaraq qeyri-qanuni yolla hazırlanıb: “Xatırladırıq ki, jurnalist vəsiqəsinin verilməsi qaydası “Media haqqında” Azərbaycan Respublikası Qanunu və “Media Reyestrinin aparılması Qaydaları” ilə tənzimlənir, onun forması isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmişdir. Jurnalist vəsiqəsi müvafiq qanunvericiliyin tələblərinə cavab verən jurnalistlərə Medianın İnkişafı Agentliyi tərəfindən verilən, rəqəmlərin və (və ya) hərflərin kombinasiyasından ibarət unikal qeydiyyat nömrəsi olan rəsmi sənəddir. Vəsiqənin arxa hissəsində yerləşdirilmiş QR kodunu skan etməklə vəsiqə sahibini eyniləşdirmək, onun Media Reyestrinə daxil edilib-edilmədiyini, həmçinin vəsiqənin həqiqiliyini müəyyən etmək mümkündür. Bildiririk ki, jurnalist vəsiqəsinin hər hansı forma və üsulla saxtalaşdırılması, istifadəsi qanunvericiliklə müəyyənləşdirilmiş məsuliyyətə səbəb olur. Hazırda Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırmalar aparılır, fakta hüquqi qiymət verilməsi təmin ediləcəkdir”.
  “Azxeber.com"un redaktoru, Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib ki, seçki prosesində saxta jurnalist vəsiqəsindən istifadə edən, özünü jurnalist kimi təqdim edən insanlarla illərdir qarşılaşırıq.

Düzdür, Medianın İnkişafı Agentliyinin yaradılmasından, Media Reyestrinin fəaliyyətə başlamasından sonra bu kimi hallara az rast gəlinsə də, problem kökündən həll edilməyib. Bu, kifayət qədər təəssüfləndirici və jurnalistlərin peşə etikasına ləkə gətirən bir haldır. Bu kimi qanunsuzluqlara qarşı peşəkar media orqanları birgə mübarizə aparmalı və bu cür saxtakarlıq edən şəxslər ifşa edilməlidir. Jurnalistlərin adını cəmiyyətdə nüfuzdan salan şəxslər qanun qarşısında cavab verməlidir”.
  MEDİA tərəfindən verilən jurnalist vəsiqələrinin tələblərinin heç də çətin olmadığını vurğulayan H.Heydərli deyib ki, 3 il ərzində fəaliyyət göstərən media subyektinin əməkdaşı MEDİA Agentliyinə müraciət edərək vəsiqə əldə edə bilər: “Lakin görünən odur ki, “həmkarlarımız” daha ucuz yol tapıblar. Özlərini jurnalist kimi cəmiyyətə sırımaq istəyən bu şəxslərin media adından istifadəsinin qarşısı mütləq alınmalıdır”.